Qadınlar cəmiyyətdə mənəvi və sosial dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi və sağlam ictimai münasibətlərin formalaşmasında mühüm rol oynayırlar. Təhsil və tərbiyə vasitəsilə onlar dürüstlük, əməkdaşlıq, qarşılıqlı hörmət, tolerantlıq və bərabərlik kimi prinsiplərin gənc nəslə aşılanmasına töhfə verirlər.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
O bildirib ki, qadınların sosial və mədəni fəaliyyətlərdə iştirakı cəmiyyətin kollektiv düşüncəsinə təsir göstərir, insanlar arasında bilik və məlumat mübadiləsini genişləndirir. Bu baxımdan qadınların səlahiyyətlərinin artırılması və ictimai həyatda iştirakının dəstəklənməsi cəmiyyətin gələcəyinə yönəlmiş mühüm sərmayədir.
Hicran Hüseynova müasir dünyada ailə institutunun üzləşdiyi problemlərə diqqət çəkərək deyib: "Müxtəlif ölkələrdə ailə münasibətlərində baş verən dəyişikliklər, gənclərə təsir göstərən ideoloji proseslər cəmiyyət üçün ciddi çağırışlar yaradır. Ailə dəyərlərinin və gənclərin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışlarında bu məsələnin vacibliyini dəfələrlə vurğulayıb”.
Milli Məclisin komitə sədri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə bu məsələyə xüsusi diqqət yetirdiyini diqqətə çatdıraraq bildirib: “Həyata keçirilən dəstək proqramları qızların təhsillərini davam etdirməsinə və gələcəkdə peşə sahibi olmasına imkan yaradır. Bu təşəbbüslər nəticəsində istedadlı qızlar təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, cəmiyyətə faydalı mütəxəssislər kimi yetişmək imkanı əldə edirlər".
Kaspersky “Google” xidməti üzərindən göndərilən saxta kompensasiya bildirişlərini aşkarlayıb
Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir