Polşanın Müdafiə Nazirliyi ABŞ-nin “Palantir Technologies Inc.” texnologiya şirkəti ilə saziş imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, söhbət “Palantir”in süni intellekt əsaslı “Maven Smart System” proqram təminatının alınmasından gedir. Bu sistemlərdən artıq ABŞ Silahlı Qüvvələri və bir sıra digər NATO ölkələri döyüş şəraitində məlumatların toplanması və təhlili üçün istifadə edirlər.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın sözlərinə görə, beşillik müqavilənin dəyəri təxminən 300 milyon dollar qiymətləndirilir.
İnsan hüquqları üzrə müvəkkili Silviya Qreqorçik-Abram artıq ölkənin Müdafiə Nazirliyinə müraciət edərək “Palantir” proqram təminatından istifadə zamanı polşalı hərbçilərin məlumatlarının qorunması ilə bağlı risklərin necə qiymətləndirildiyinə aydınlıq gətirilməsini xahiş edib. Müdafiə naziri V.Kosinyak-Kamış isə qeyd edib ki, müqavilənin şərtlərinə əsasən, “açarların, serverlərin və məlumatların” yeganə sahibi Polşa olacaq.