KÖŞƏ

Vəli İlyasov

İxracın coğrafiyası genişlənir

02 avqust 2017 22:50
1334

Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün çıxışlarında daha çox məhsul ixracını qarşıya əsas vəzifə kimi qoyur. Çünki yeni bazarlara çıxış intensivləşdikcə həm  məhsul istehsalı artır, həm ölkəyə daha çox valyuta gəlir, həm də yeni iş yerlərinin açılmasına şərait yaranır. Bütün bunlarla bərabər dövlətimiz də güclənir, dünyada öz brendi ilə tanınır. Müstəqilliyimizdən çox keçməsə də, Azərbaycan artıq 60-a qədər ölkəyə məhsul ixrac edir. Qeyri-neft sektorunda bu ilin yarısında ixrac 27 faiz təşkil edib ki, bu da yaxşı göstəricidir. Təkcə bu fakt özlüyündə iqtisadi inkişafımızın sürətindən xəbər verir.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı xarici ticarət və xüsusilə məhsul ixracı ilə bağlı qarşıya mühüm vəzifələr qoyub: “Biz ixracın coğrafiyasını da genişləndirməliyik. Ənənəvi bazarlar var. Biz o bazarlarda varıq, mövqelərimizi daha da gücləndirməliyik, yeni bazarlara da çıxmalıyıq. Bu istiqamətdə də görülən işlər artıq nəticə verir. Biz indi bir neçə Körfəz ölkəsinə öz kənd təsərrüfatı və emal məhsullarımızı  ixrac etməyə başlamışıq. Bunu genişləndirmək lazımdır. Körfəz ölkələrinin bazarı kifayət qədər böyükdür və məsafə baxımından yaxındır. Ona görə ilkin layihələr başlayıb. Biz artıq məhsul ixracına başlamışıq. Bunu daha da genişləndirməliyik. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi sahibkarlara öz köməyini göstərir. Biz artıq Asiya ölkələrinin bazarlarına çıxırıq və çalışmalıyıq ki,  Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxaq.”

Göründüyü kimi, dövlət başçısı həm sahibkarlara şəraitin yaradılmasını, həm də yeni bazarlara çıxışı indi əsas vəzifə hesab edir. Bu, ən doğru yoldur. Bununla da  Azərbaycan qısa müddətdə öz hədəflərinə yetişəcək. Qeyd etməliyik ki, Avropa,  Körfəz və Asiya ölkələrində bizim mallara və məhsullara böyük maraq var.  Halbuki  sovetlər dönəmindən bəri həmin regionlarda Azərbaycan və onun potensialı barədə məlumat yox dərəcəsində idi. Ancaq indi müstəqilik və dünya bazarlarına sərbəst çıxmaq imkanımız var. Azərbaycan rəhbərliyi bu imkandan maksimum səmərə ilə istifadə etməyə, ölkəni həm tanıtmağa, həm də varlandırmağa çalışır. Bu məqsədlə  yaradılan “Azexport” portalı  müstəsna əhəmiyyətə malikdir. Portala  dünyanın bütün regionlarından ölkəmizə sifarişlər gəlməkdədir. Sifarişçilərlə elektron qaydada müqavilələr bağlanır. Bu, çox əlverişlidir, çünki sahibkar və fermer əlavə xərc çəkib bazar axtarmır, istehsal etdiyi məhsulu rahat şəkildə reallaşdırır. Bu hesaba cari ildə pomidor ixracı 55 faiz, kartof 63, soğan 1100, pambıq lifi 650, süd məhsulları 400, alma 200, elektrik enerjisi 300, emal olunmamış dəri 38,  meyvə-tərəvəz emalı məhsulları 54 faiz artıb. Digər  məhsulların da ixracatında böyük irəliləyişlər var. İxracatın  daha da genişləndirilməsi üçün əsas bazarlar olan ölkələrə dövlət və özəl sektorun nümayəndələrindən  ibarət ticarət missiyaları göndərilir və onlar  böyük əhəmiyyətli işlər görürlər.

Həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsidir ki, ölkəmizdə  sənaye məhsulları və  kənd təsərrüfatı məhsulları  istehsalı dəfələrlə artıb. Bütün bunların hamısı Azərbaycan vətəndaşlarının rifahına xidmət edir.