Və ya Ermənistanın bu məsələdə insanlığa sığmayan əməllərinə niyə göz yumulur?
Ermənistan vətəndaşı Aznif Baqdasaryanın Azərbaycan Ordusu tərəfindən xilas edilərək döyüş bölgəsindən təxliyə olunması və onunla sonrakı məlum rəftar düşmən ölkədə və Azərbaycanda əsirlərə münasibəti bir daha aktuallaşdırıb. Burada diqqətiçəkən məqam sözügedən şəxsin əsir kimi təqdim edilməməsidir. Bəs, əsir kimdir və hansı hallarda əsir götürmək mümkündür?
Qeyd edək ki, mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyası qəbul edilib. Bu konvensiyalardan biri də hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir.
Əsir - döyüş əməliyyatlarında iştirak edən hərbçinin və qeyri-hərbçinin sonrakı əməliyyatlarda iştirakına yol verməmək məqsədilə azadlığı məhdudlaşdırılan şəxsə deyilir. Bununla da döyüş əməliyyatlarında ələ keçirilən mülki vətəndaşlar "əsir", Silahlı Qüvvələrdə xidmət edənlər isə "hərbi əsir" adlandırılır.
Lakin Aznif Baqdasaryanla bağlı yayılan sonrakı məlumatlar onun hərbi əsir ola bilmə ehtimalını gücləndirir. Bu baxımdan ələ keçirilən insanların hansı halda "əsir" və ya "hərbi əsir" adlandırılmasına aid aydınlıq gətirmək gərəkdir. Bu anlayışların biri-birindən fərqləndirilməsi əsir və hərbi əsirlərlə davranış qaydalarını müəyyən etməyə imkan verir.
Hərbi ekspert Ədalət Verdiyev bu barədə müəllif yazısında beynəlxalq konvensiyalarda "əsir" və ya "hərbi əsir" anlayışları üçün tələblərin müəyyən edildiyini vurğulayır. Bu baxımdan Cenevrə Konvensiyasının 4-cü maddəsinə görə, rəqib hakimiyyətinə əsir düşmüş münaqişədə iştirak edən Silahlı Qüvvələrin şəxsi heyəti, bu qüvvələrə daxil olan könüllü dəstələr hərbi əsirdir. Həmçinin digər könüllü qurumların əməkdaşları, partizanlar, mütəşəkkil müqavimət hərəkatının personalı, eyni zamanda, qarşıdurmada iştirak edən tərəflərdən birinə aid olan və rəhbər şəxs, uzaq məsafədən aşkar görünən müəyyən fərqlənmə nişanları daşıyan, aşkar silahlı olan, müharibənin qanun və adətlərinə riayət edən "hərbi əsir" hesab olunur. Bu maddə heç bir şəkildə tibbi-sanitar statusu olan personala aid edilmir.
Sadalanan şərtlər mövcud olduqdan və ya təsdiqləndikdən sonra ələ keçən şəxslərə qarşı hərbi əsir rejiminin tətbiqi reallaşa bilər. Hərbi əməliyyatlarda iştirak edən və rəqib əlinə düşən şəxslərin hansı kateqoriyaya aid edilməsinə dair şübhələr yarandıqda, bu şəxslərin statusu səlahiyyətli məhkəmə tərəfindən təyin olunana qədər onlar bu Konvensiya ilə qorunur.
Hərbi əsir, hərbi əsirlər ilə rəftara dair Konvensiyanın tələbinə görə dövlətin müvəqqəti hakimiyyəti altında olmalı və həmin dövlət onun taleyinə görə tam məsuliyyət daşıyır. Bu, hərbi əsirlərlə rəftara dair dövlətlərin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən irəli gələn əsas tələbdir. Beynəlxalq humanitar hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa həmin dövlətin himayəsi altında olmalıdır və onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz.
Bundan başqa, müharibə zamanı mülki əhalinin müdafiəsi üçün qəbul edilən Beynəlxalq hüquqi aktlar arasında quru əməliyyatlarının qanun və adətləri haqqında IV Haaqa Konvensiyası, Mülki əhalinin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və ona əlavə edilən Protokol kimi sənədlər mövcuddur. Bütün beynəlxalq aktlarda mülki şəxslərin hərbi əməliyyatlarda iştirakı qadağan edilir, onların hərbi əməliyyatların obyektinə çevrilməsinin yolverilməz olduğu vurğulanır, onların fiziki toxunulmazlığına və həyatlarına qarşı edilən istənilən qəsd beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qiymətləndirilir. Bu hüquqi sənədlər, eyni zamanda, mülki əhalinin girov götürülməsini də qadağan edən əməllər sırasına aid edir.
Buradan aydın olur ki, hərbi əsir döyüşən dövlətlərin Silahlı Qüvvələri ilə birbaşa əlaqədardır, girov isə adətən hərbi əməliyyatlar zonasını müəyyən səbəblər üzündən tərk edə bilməyən və hərbi əməliyyatlarda birbaşa iştirak etməyən mülki şəxslərin düşmən silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə bağlıdır.
Ə. Verdiyevə görə, IV Cenevrə Konvensiyası və digər beynəlxalq hüquqi aktların silahlı münaqişələr zamanı mülki şəxslərin girov götürülməsini və saxlanılmasını qadağan etməsinə baxmayaraq, indiyədək Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsindəki davranışlarında bunun tam əksi müşahidə olunub.
Ermənistan 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayaraq, girov götürdüyü mülki vətəndaşlara qarşı qəddar və amansız davranıb, onlara işgəncə verərək sağlamlıqlarına ciddi xətər yetirib. Lakin hələ də beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və digər çoxsaylı insan haqları institutları Xocalıda, Malıbəylidə, Qaradağlıda, Quşçularda Azərbaycan vətəndaşlarına qarşı tətbiq edilən soyqırım faktlarına, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək niyyətlərinə görə birinin öldürülməsinə, digər ikisinin isə ömürlük və 22 il həbs edilməsinə, ümumilikdə ermənilərin azərbaycanlı girovlara qarşı qeyri-insani münasibət göstərməyinə hələ də konkret mövqe nümayiş etdirməyib.
Beynəlxalq humanitar hüquq hamıya,o cümlədən bütün dünya dövlətlərinə, səlahiyyətli beynəlxalq təşkilatlara aid olsa da, Ermənistanın insanlığa sığmayan əməllərinə qəsdən göz yumulur və reaksiya verilmir.
Ceyhun Piriyev, “İki sahil”