22 iyun 2026 21:43
129

SOCAR-ın Baş ofisində gənc media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası təşkil olunub

22 iyun 2026-cı il tarixində Enerji Dialoqu Platforması çərçivəsində SOCAR-ın Baş ofisində gənc media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası təşkil olunub.

Əvvəlcə media nümayəndələri “Azərbaycan Nefti Sərgisi” ilə tanış olublar.

Vitse-prezidentin müavini, “SOCAR Midstream Qaz Əməliyyatları” şirkətinin icraçı direktoru Polad Rüstəmovun və "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədovun iştirakı ilə təşkil olunan sessiyada gənc jurnalistlərə təqdimatlar əsasında Azərbaycanın enerji ixracı marşrutları infrastrukturu, o cümlədən Cənub Qaz Dəhlizi və onun genişlənmə perspektivləri, həmçinin ölkəmizdə təbii qazın paylanması istiqamətində tətbiq olunan innovativ həllər barədə məlumatlar verilib.

Təşkil olunan digər sessiyada SOCAR prezidentinin müşaviri, şirkətin baş iqtisadçısı Ramin Dənyarovun, Enerji sektorunun təhlili şöbəsinin rəisi Emil Qasımzadənin və İqtisadi təhlil seqmentinin aparıcı iqtisadçısı Ayan Qulizadənin qlobal enerji və iqtisadi proseslər barədə dəqiq və vaxtında məlumatlandırmanın əhəmiyyəti mövzusunda çıxışları dinlənilib.

Sessiyalar çərçivəsində gənc media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Orxan Vahidoğlu, "İki sahil"