Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin xarici siyasətinin əsas göstəricilərindən biri bu və ya digər ölkə ilə qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq qurmaqdır. Bu baxımdan Azərbaycanın xarici siyasətində son illərdə ABŞ-la münasibətlərdə uğurlu nəticələr əldə olunub. Hətta bunu ölkəmizin xarici siyasətində mühüm hadisələrdən biri kimi dəyərləndirmək olar.
Prezident İlham Əliyev noyabrın 22-də ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edərkən iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinə toxunaraq 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri baxımından tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin 2026-cı il fevralın 10-da Azərbaycana səfərinin və səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli münasibətlərin genişləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, bu sənəd Azərbaycan-ABŞ əməkdaşlığının gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Xartiyada iqtisadi investisiyalar, təhlükəsizlik, enerji, süni intellekt, rəqəmsal infrastruktur kimi prioritet sahələr üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bunlarla yanaşı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ticarət və tranzit imkanlarının genişləndirilməsi də sənəddə yer alır. Sənəddə Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan arasında bağlantının inkişafı ilə bağlı TRIPP layihəsinin də regional və beynəlxalq ticarət baxımından əhəmiyyəti qeyd olunur. Bütün bunlar göstərir ki, Azərbaycan-ABŞ münasibətləri artıq ənənəvi siyasi dialoq çərçivəsini aşaraq konkret iqtisadi, texnoloji və təhlükəsizlik maraqlarına əsaslanan strateji əməkdaşlıq müstəvisinə keçir.
Prezident İlham Əliyev 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sülh Sammitinə də toxunaraq regionda tamamilə yeni reallıqların yarandığını, artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşadığımızı bildirib və bu prosesdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib. Dövlətimizin başçısı Azərbaycanın ABŞ ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu xüsusi vurğulayıb.
Əslində, ötən ilin avqustunda Vaşinqtonda keçirilən görüşlər və əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub. Prezidentlər Donald Tramp və İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan-ABŞ tərəfdaşlığında yeni əməkdaşlıq imkanları formalaşıb. Bununla da ikitərəfli münasibətlərdə yeni dinamika, qarşılıqlı etimadın və ortaq maraqların genişləndirilməsi üçün əlverişli zəmin yaranıb. Şübhəsiz, bütün bunlar əvvəlki ABŞ administrasiyasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli yanaşmadan fərqli olaraq, ikitərəfli əlaqələrdə daha konstruktiv və praqmatik mərhələnin formalaşması deməkdir.
ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullin də görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP), Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq bu layihənin tam fəaliyyətə başlamasının Azərbaycanla Ermənistan arasında, eləcə də bütövlükdə regionda nəqliyyat bağlantılarının, iqtisadi və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Bu yanaşma bir daha təsdiqləyir ki, Vaşinqton Azərbaycanla münasibətlərdə siyasi dialoqla yanaşı, konkret iqtisadi və regional əməkdaşlıq imkanlarına da böyük əhəmiyyət verir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu, Şərq-Qərb nəqliyyat bağlantılarında strateji mövqeyi və regional iqtisadi layihələrin reallaşdırılmasında fəal iştirakı ölkəmizi ABŞ üçün də mühüm tərəfdaşa çevirir. Xüsusilə Orta Dəhlizin inkişafı bu əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut Avrasiya məkanında mühüm nəqliyyat və logistika arteriyasına çevrilməkdədir. Orta Dəhliz yalnız yükdaşımaların həyata keçirildiyi marşrut deyil, həm də iştirakçı ölkələr arasında iqtisadi inteqrasiyanı, ticarət əlaqələrini və regional əməkdaşlığı gücləndirən strateji platformadır.
TRIPP layihəsinin reallaşması isə bu nəqliyyat şəbəkəsinin imkanlarını daha da genişləndirə, yeni bağlantılar yaratmaqla regionun tranzit potensialını artıra bilər. Eyni zamanda, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması ölkəmizin iqtisadi və geosiyasi imkanlarının genişlənməsinə xidmət edəcək. Bu layihə Cənubi Qafqazın beynəlxalq nəqliyyat xəritəsində mövqeyini gücləndirməklə yanaşı, Şərq-Qərb ticarət əlaqələrinin inkişafına da yeni imkanlar açacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Azərbaycan–Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru