23 noyabr 2026 18:45
73

Orta Dəhlizin mərkəzinə çevrilmək bacarığı

Yaxın gələcəkdə ölkəmizin  tranzit və logistika gəlirləri daha da artacaq

Orta Dəhlizin əsas xüsusiyyətlərindən biri onun  genişmiqyaslı olmasıdır. Belə ki, Çin və Mərkəzi Asiyadan gələn yüklər  Qazaxıstan və Xəzər dənizi üzərindən Azərbaycana daxil olur, burada dəniz, dəmir yolu və avtomobil nəqliyyatı bir-biri ilə əlaqələndirilərək  yükün Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışı təmin edilir. Azərbaycan ərazisində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dəmir yolu şəbəkəsi, Bakı–Tbilisi–Qars xətti, avtomobil yolları, logistika mərkəzləri və gömrük infrastrukturu vahid zəncirin ayrı-ayrı həlqələrini təşkil edir. Məhz  bu coğrafi mövqe Xəzər dənizinin Avropa ilə Mərkəzi Asiya arasında keçid nöqtəsinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ilin yanvar-oktyabr aylarında konteyner aşırmaları üzrə rekord göstərici qeydə alınıb. Limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artım deməkdir. Bundan əlavə, yanvar-oktyabr aylarında limanda aşırılmış ümumi yük həcmi 3 faiz, quru yük həcmi isə 60 faiz artıb.

Məlumat üçün deyək ki, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın nəqliyyat dəhlizləri ilə 25 milyon 942 min 400 ton yük daşınıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 mln. 788 min 300 ton və ya 7,4 faiz çoxdur. Yükdaşımanın həcmi ən çox Şərq–Qərb dəhlizində artıb. Bu marşrutla daşınan yükün həcmi 16,9 faiz artaraq 14 milyon 741 min 300 tona çatıb və ümumi yükdaşımaların 56,8 faizini təşkil edib.

Ölkəmizin bu sektordakı  mövqeyini gücləndirən əsas üstünlüklərdən biri də Bakı–Tbilisi–Qars dəmir yolu xəttidir. 2024-cü ildə Gürcüstan ərazisində həyata keçirilən yenidənqurma işlərindən sonra xəttin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib. 2026-cı il iyunun 2-də xəttin yenilənmiş hissəsinin tam rejimdə istifadəyə verilməsi ilə bu imkanın praktik istifadəsi üçün daha geniş şərait yaranıb. Bu baxımdan Bakı Limanının genişləndirilməsi mühüm istiqamətlərdən biridir. Limanın hazırkı illik yükaşırma qabiliyyəti 15 milyon ton səviyyəsindədir və növbəti mərhələdə bu göstəricinin 25 milyon tona çatdırılması nəzərdə tutulur. Azərbaycan rəhbərliyinin 2025-ci ildə verdiyi göstərişlərdə də limanın genişləndirilməsinin prioritet olduğu qeyd olunub. 

Dünya Bankının hesabatında dəhlizin inkişafı üçün ən mühüm təkliflərdən biri məhz vahid rəqəmsal platformanın yaradılmasıdır. Azərbaycan bu istiqamətdə artıq ayrıca mərhələyə keçib. Bu il iyulun 16-da «Bir pəncərə» informasiya sistemi – Rəqəmsal Logistika Platforması istifadəyə verilib. Platforma xarici ticarət, tranzit, nəqliyyat və logistika proseslərini vahid elektron mühitdə birləşdirməyi nəzərdə tutur. İlkin mərhələdə 7 mindən çox məhsul üzrə prosedurlar barədə məlumat verən «Trade Guide», fumiqasiya sertifikatı, e-CMR və e-Permit üzrə rəqəmsal xidmətlər istifadəyə verilib. Fitosanitar sertifikat, ixrac bəyannaməsi və gigiyena sertifikatının da rəqəmsallaşdırılması nəzərdə tutulur. Növbəti mərhələdə isə idxal və tranzit prosedurlarının platformaya inteqrasiyası planlaşdırılır.

Dünya Bankının yeni hesabatında Trans–Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin 2040-cı ilə qədər inkişafı üçün təxminən 55 milyard dollarlıq investisiya ehtiyacının müəyyənləşdirilməsi Azərbaycanın iqtisadi maraqları baxımından kifayət qədər əhəmiyyətlidir. Dəhliz üzrə investisiyaların reallaşması Azərbaycan üçün bir neçə mühüm iqtisadi üstünlük yarada bilər. Yəni,  ilk növbədə tranzit və logistika gəlirləri arta bilər. Dünya Bankının hesablamalarına görə, zəruri investisiyalar həyata keçirildiyi halda 2040-cı ilədək dəhliz üzrə ticarət həcmi 3 dəfədən çox arta, daşınma müddəti isə yarıya enə bilər. İnfrastruktur yatırımları institusional və gömrük islahatları ilə birlikdə həyata keçirilərsə, yük həcminin 4 dəfəyədək artması və daşınma müddətinin üçdə iki dəfə azalması mümkündür. Digər tərəfdən,  Ələt və Bakı ətrafında yeni iqtisadi fəaliyyət mərkəzinin formalaşması sürətlənə bilər. Əsas məqsəd Azərbaycanı yalnız yüklərin keçdiyi ərazi kimi deyil, yükün emal edildiyi, saxlanıldığı, qablaşdırıldığı, bölüşdürüldüyü və əlavə dəyər qazandığı logistika və istehsal mərkəzinə çevirmək olmalıdır. 

Ən nəhayət, qeyri-neft sektoruna xarici investisiyanın cəlb olunması üçün əlavə imkan yaranır. Sürətli və proqnozlaşdırıla bilən nəqliyyat dəhlizi istehsal müəssisələrinin yerləşməsi üçün mühüm amildir. Çin, Mərkəzi Asiya, Türkiyə və Avropa bazarlarına çıxış imkanının yaxşılaşması Azərbaycanda ixracyönümlü istehsal və logistika müəssisələrinin yaradılmasını daha cəlbedici edə bilər.

Xüsusi qeyd edək ki , Dünya Bankının əvvəlki hesablamalarında Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin 2030-cu ilədək 37 faiz, bu ölkələrlə Avropa İttifaqı arasındakı ticarətin isə 28 faiz artması potensialı göstərilirdi. Burada ölkəmiz üçün çox önəmli məsələ tranzit ölkə modelindən logistika və istehsal mərkəzi modelinə keçməkdir. Çünki bir konteynerin sadəcə ölkə ərazisindən keçirilməsindən əldə olunan gəlirlə həmin yükün Azərbaycanda saxlanılması, emalı, qablaşdırılması, bölüşdürülməsi və ona əlavə xidmətlərin göstərilməsindən yaranan iqtisadi dəyər arasında ciddi fərq var.

Elçin Zaman, "İki sahil"