2020-ci ildən bəri Rusiya-Ermənistan münasibətləri soyuqlaşaraq bugünkü həddə çatıb. Ermənistan ordusunun məğlubiyyətində hər iki tərəf qarşılıqlı surətdə bir-birini ittiham etməkdə davam edir. Avropaya üz çevirən Ermənistana informasiya həmlələri Rusiya tərəfindən daha çox edilir. Bu günlərdə Rusiya mətbuatında Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı yazı dərc olunub. Yazıda qəzet rəhbərliyinin xəbis niyyətləri əsas yer tutub.
Az-çox tanınmış “Svobodnaya Pressa" nəşri öz materialını “Ermənilərin Paşinyanı devirərək ölkəni xilas etmək üçün son şansı qalıb” başlığı ilə yayımlayıb. Məqalədə Ermənistanın yeni konstitusiya layihəsinin referenduma hazırlanması, Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivləri və Nikol Paşinyanın siyasi gələcəyi təftiş olunur. Məqalədə rusiyalı ekspertlər Vladimir Blinov və Mixail Neyjmakovun üsyana çağıran fikirlərinə yer ayrılıb.
Xatırladaq ki, Nikol Paşinyan yeni konstitusiyanın layihəsi referendumda qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini, qəbul olunacağı halda isə Azərbaycanla sülh prosesini başa çatdırdıqdan sonra baş nazir postuna iddia etməyəcəyini bəyan edib. O, müxalifətə müraciət edərək referendumun keçirilməsinə şərait yaratmağı təklif edib. Ancaq nəşr baş nazirin sözlərində səmimi olmadığına işarə vurub. Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov isə Paşinyanın istefa vədinin real olduğuna şübhə ilə yanaşır. Onun fikrincə, Ermənistanın baş naziri populist siyasətçidir və hakimiyyətdən könüllü şəkildə getmək əvəzinə siyasi mövqeyini qorumaq üçün yeni imkanlar axtaracaq. Bir sözlə, Paşinyanın sözlərinə inanmaq olmaz. O, hesab edir ki, erməni cəmiyyətinin Qarabağla bağlı iddialardan imtina edən yeni konstitusiyaya səs verməsi də asan olmayacaq. Belə bir sənədin qəbulunu bəri başdan real nəticə kimi qiymətləndirmək çətindir: “Paşinyan, əlbəttə ki, populistdir və sözləri küləyə sovurur. Onun hansısa şəraitdə öz istəyi ilə baş nazir postunu tərk etməsi az ehtimallıdır. Paşinyan öz hakimiyyətini heç kimə verməyəcək və hakimiyyətdə qalmaq üçün yeni siyasi şəraitə uyğun çoxlu səbəb tapacaq. Belə bir konstitusiyanın qəbul edilməsi dövlət üçün olduqca alçaldıcıdır. Üstəlik, bu, münasibətləri birmənalı olmayan qonşu ilə sülh müqaviləsi imzalamaq naminə edilir”. Onun sülh müqaviləsini “alçaldıcı”, Azərbaycanı “birmənalı olmayan qonşu” ifadələri ekspertlərin xoş olmayan münasibətlərinin göstəricisidir.
Digər siyasi analitik Mixail Neyjmakov isə yeni konstitusiya layihəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasının gözlənildiyini bildirir. Həmin bəyannamənin preambula hissəsində Ermənistan və Dağlıq Qarabağın birləşdirilməsi ilə bağlı müddəa yer alır. Bakı məhz bu istinadı Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsaslarından biri hesab edir. Ona görə də gələcəkdə baş verə biləcək insidendlər üçün bəhanələr törədən həmin hissənin çıxarılmasını qətiyyətlə tələb etməkdədir.
Yeni Konstitusiyada bir sıra institusional dəyişikliklər də nəzərdə tutulur. Təhlükəsizlik Şurasının ayrıca qurum kimi ləğvi, Mərkəzi Bankın İdarə Heyəti və Ali Məhkəmə Şurası kimi strukturlarda müxalifətə kvotaların ayrılması da planlaşdırılır. Lakin Mixail buna başqa rəng verməklə yaxşı heç nə gözləmədiyini bildirir.
Neyjmakovun sözlərinə görə, referendumun keçirilməsi üçün parlamentdə deputatların üçdə ikisinin dəstəyi tələb olunur. Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının 64 mandatı var, halbuki bunun üçün 70 səs lazımdır. Deməli, baş nazir müxalifətdən dəstək almalı və ya növbədənkənar parlament seçkilərinə getməlidir. Müxalifətdən dəstək alınması mümkünsüz görünmür. Hakimiyyət kiçik fraksiyalardan birini öz tərəfinə çəkməklə məsələni həll etməyə nail ola bilər. Lakin Nikol Paşinyana bədxah münasibətini nümayiş etdirən nəşr çıxış yollarını göstərməkdən uzaqdır, yəni sülhə və barşığa gedən baş nazirə öz nifrətlərini bildirirlər. Məqaləni oxuyub düşünürsən ki, görəsən Rusiyada Ermənistanla Azərbaycan arasında sülhün bağlanmanması arzulayan kimsə yoxdurmu? Varsa, qəzet nə üçün onların da birinin öz fikirlərini bildirməsinə imkan yaratmayıb? Əlbəttə, belələri var və az deyil. Lakin görünür imperiya maraqları ilə sülh bir yerdə mümkün deyil. Binovlar, neyjmakovlar da ona görə sülhə “yox” deyirlər.
Vəli İlyasov, “İki sahil”
Azərbaycan–Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru