23 noyabr 2026 15:14
127

Dostluq və əməkdaşlığın yeni inkişaf mərhələsi

Azərbaycan ilə Vyetnam arasında münasibətlərin təxminən yetmişillik tarixi vardır. Bu münasibətlərin formalaşmasında hər iki xalqın görkəmli dövlət xadimlərinin mühüm rolu olub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq əlaqələrinin tarixində xüsusi yer tutur.

İki ölkə arasındakı münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin də tarixi xidmətləri olmuşdur. 1983-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlığın genişlənməsinə mühüm təkan verib. Həmin dövrdə əldə edilmiş razılaşmalar iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verib.

Prezident İlham Əliyev müsahibəsində bu tarixi irsə xüsusi diqqət yetirərək, dostluq münasibətlərinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Azərbaycanın xarici siyasətində tarixən formalaşmış dostluq əlaqələrinin qorunması və yeni əməkdaşlıq imkanlarının yaradılması mühüm istiqamətlərdəndir.

Azərbaycan-Vyetnam münasibətlərinin müasir inkişaf mərhələsi yüksək səviyyəli siyasi dialoqla səciyyələnir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm hadisələr olub.

2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri münasibətlərdə yeni mərhələnin başlanmasına şərait yaradıb. Səfər çərçivəsində aparılan danışıqlar müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini nümayiş etdirib. Bu sənəd siyasi, iqtisadi, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm əsas yaradır.

Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələrini davam etdirir, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı dialoqa önəm verirlər.

Prezident İlham Əliyevin müsahibəsində iqtisadi-ticari münasibətlərin genişləndirilməsi məsələsi əsas mövzulardan biri olub. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji resursları, müasir infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu Vyetnam üçün yeni iqtisadi imkanlar açır. Vyetnamın dinamik inkişaf edən iqtisadiyyatı isə Azərbaycan sahibkarları üçün Cənub-Şərqi Asiya bazarlarına çıxış baxımından perspektivlər yaradır.

Energetika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında əlaqələrin dərinləşdirilməsi neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində yeni imkanlar yarada bilər.

Bundan başqa, Vyetnam şirkətlərinin Azərbaycanın iqtisadiyyatına investisiya yatırmaq marağı da diqqətəlayiqdir. Tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin mövcuddur.

Dövlət başçısının müsahibəsində Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanları da xüsusi vurğulanıb. Azərbaycan bu gün Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşaqlarından biri kimi çıxış edir.

Orta Dəhliz və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizin tranzit imkanlarını genişləndirir. Bu infrastruktur Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daha səmərəli daşınması üçün əlverişli şərait yarada bilər.

Nəqliyyat əlaqələrinin inkişafı ticarət dövriyyəsinin artmasına, yükdaşımaların sürətlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın liman, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu bu istiqamətdə mühüm üstünlüklər yaradır.

Azərbaycan-Vyetnam münasibətləri yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Xalqlar arasında mədəni və humanitar əlaqələr də bu dostluğun mühüm tərkib hissəsidir. Mədəniyyət günlərinin, festivalların və qarşılıqlı tədbirlərin keçirilməsi xalqların bir-birinin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan yaradır.

Görkəmli bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri iki xalqın mədəni yaxınlığının musiqi vasitəsilə ifadəsinin nümunələrindəndir. Azərbaycan kinorejissoru Əjdər İbrahimovun Vyetnamda fəaliyyəti də mədəni əlaqələrin tarixində xüsusi yer tutur.

Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin inkişafı, elmi əlaqələrin möhkəmləndirilməsi gələcək üçün mühüm perspektivlər yaradır. Bu əlaqələr gənc nəslin dünyagörüşünün zənginləşməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.

Dövlətlər arasında münasibətlərin səmimiliyi yalnız iqtisadi layihələrlə deyil, çətin anlarda göstərilən dəstəklə də ölçülür. Azərbaycan və Vyetnam arasında dostluğun mühüm xüsusiyyətlərindən biri qarşılıqlı humanitar həmrəylikdir.

Azərbaycanın dost ölkələrə göstərdiyi humanitar dəstək ölkəmizin humanizm prinsiplərinə sadiqliyinin və beynəlxalq həmrəyliyə verdiyi önəmin ifadəsidir. Bu yanaşma dövlətlər arasında etimadın möhkəmlənməsinə, xalqların yaxınlaşmasına və dostluq münasibətlərinin davamlı olmasına töhfə verir.

Prezident İlham Əliyevin müsahibəsində gələcək əməkdaşlıq perspektivlərinə də geniş yer ayrılıb. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və investisiya sahələri iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri kimi ön plana çıxır.

Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada mühüm iqtisadi mövqeyə malik olması yeni iqtisadi əlaqələrin qurulmasına şərait yaradır. Qarşılıqlı investisiyaların artırılması, yeni bazarlara çıxış, müştərək müəssisələrin yaradılması və ticarət dövriyyəsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan beynəlxalq münasibətlərdə dostluq, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır. Vyetnamla münasibətlərin inkişafı da ölkəmizin çoxşaxəli xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf istiqamətlərini diqqətə çatdıran mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər.

Müsahibədə vurğulanır ki, iki ölkə arasında münasibətlər tarixi dostluqdan müasir tərəfdaşlığa doğru inkişaf edir. Siyasi dialoqun güclənməsi, iqtisadi əlaqələrin genişlənməsi, enerji və nəqliyyat sahələrində yeni layihələrin gündəmə gəlməsi, mədəni-humanitar əməkdaşlığın inkişafı bu münasibətlərin möhkəm əsaslar üzərində qurulduğunu təsdiqləyir.

Şükufə Bağırova,
YAP Culfa şəhər İncəsənət Məktəbi ərazi partiya təşkilatının sədri