03 noyabr 2020 18:00
1027

Əsgər baxışlarında döyüşə sevgi gördüm!..

Vətən müharibəsindən reportaj

Payızdı, sazaq deyil.

Sazağı sozalmış payızda könüllər döyüşənlərdən uzaq deyil...

Sazağı sozalmayan payızın rəngi avazımayıb. Bu, təbiətin yaşamaq istəyinin təzahürüdür bəlkə? Bəlkə təbiətin payızı bu il yarpaqları, otlaqları tarix yazan insanlara görə bu boy-biçimdə, bu görkəmdə görməyə niyyətlidir? Belədirsə, nədi bu adi olmayan, bir qədər də müqəddəs niyyət? – bu ilin pa­yızı Cıdır düzü Azərbaycan əsgərinin gəlişinə qoşa qollar açana kimi hökmünü göstər­mə­yə­cək; son yüz illərin ən düşərli, ən gözəl, ən həssas, ən duyğusal payızıdı bu ilin payızı. Bu ilin payızı həm də işğalın son payızı olaraq tarixləşir; Azərbaycan əsgəri onu belə tarixləşdirir. 2020-ci ilin payızı yüz-yüz illərlə – əbədiyyən Azərbaycan əsgərinin qalibiyyət fəsili kimi xatırlanacaq...

Sentyabrın 27-nə kimi təmas xətti, ön xətt, əsgərlərimizin döyüş növbətçiliyi dediyimiz əra­zilər indi arxa cəbhədir.

Döyüş bölgəsindəyəm. Döyüşlərin “beş-on addımlığında”.

Baxışlarım zabit Elnur Nəri­man­zadənin baxışlarıyla qoşalaşıb, sent­yab­rın əvvəllərində əsgərlərlə söhbətləşdiyimiz ərazilərdən xey­li qabaqda üzü qarşı tərəfə – ar­tilleriyaçılarımızın atəşləriylə dağıdılan düşmən mövqelərinə yönəlib.  “Hər partlayış səsi Böyük Qələbənin üvertürasının bir ritmidir”, – deyirəm. Təbəssümü göy üzünün göylüyündən rəng alan zabitin baxışları qarşı tərəfdən üzülüb əsgərlərə yönəlir. Belə baxışları səngərlərdə də görmüşəm, döyüşlərarası “nəfəsdər­mə­lərdə də”. ­Yusif Mirzəyev deyirdi ki, zabitin əsgərlərə hər baxışı ehtiramdır, döyüş əmri olan baxışları da, döyüşdən sonrakı baxışları da. Əsgərlər bir qədər aralıdadır. Zabit onları söhbətə cəlb etmir, özümüz onların yanına gedirik. Səngərlərdə əsgərlər  Vətən müharibəsinə kimi  Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərdən danışardılar. İndi torpaqlarımızın işğaldan döyüş-döyüş azad edilməsindən danışırlar düşmənin ağır itki­lə­rindən danışırlar, işğal edilmiş ərazilərdə dalğalanan qalibiyyət bayraqlarından danışırlar, o bay­raqları dalğala­nd­ıranlardan danışırlar, ... Heç biri “mən belə döyüşdüm” demir, “biz belə döyüşdük” deyir. Hə­mi­şə səngərlərdə Vətənə, torpağa, dövlətə, dövlətçiliyə sevgi gördüyüm baxışlarda indi döyüşə sevgi görürəm. Döyüşə sevgi döyüş əzminin, qələbə ruhunun çılğınlı­ğı­nın yeni ifadəsidir. Bu sevginin işığı bu gündən (yəni döyüşlərdən) sabaha (yəni qələbəyə) düşən qüdrət işığıdır...

 “Döyüşə sevgi” ifadəsi düşüncələrimizin “yaxasını buraxmır”.

– Döyüşə sevgi Çanaqqalada, ümumən Qurtuluş savaşında türk mehmetciyində olub, bir də indi – 102 ildən sonra Azərbaycan əsgərində var. Bu, ruhun doğmalığıdır, müəyyən mənada, eyniliyidir. Bu, “Azərbaycan!” deyənlərlə “Can Azərbaycan!” deyənlərin can qardaşı, qan qar­da­şı, ruh qardaşı olduğunun təsdiqidir, – deyirəm. Zabit İmran Hüseynov məmnunluqla dö­yüş­çü­lərə baxır:

–Sizin qadir döyüşünüz iki məqamı bir məcrada, bir mahiyyətdə nə gözəl qoşalaşdırıb! Bu qoşalaşmada döyüşçülərimizin, döyüşçülərimizin timsalında ordumuzun qüdrətini görürük, – deyir. Onun fikrini zabit Elnur Nərimanzadə tamamlayır:

–Bu qüdrət Suqovuşanı, Hadrutu, Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını ermənisizləş­di­rən qüdrətdir.

Çavuş Elmar Qurbanov deyir ki, bu qüdrət Vətən müharibəsini Böyük Qələbəylə ta­mam­la­­yacaq qüdrətdir.

“Bu qüdrət dünyəvi qüdrətdi. Bu qüdrət inamın, qətiyyətin qüdrətidir”, – de­y­i­rəm.

Zabit İmran Hüseynovun baxışlarında bir şükranlıq görünür:

–Bu qüdrət azərbaycançılığın qüdrətidir.

Bu şükranlıq hamımızı əhatəsinə çəkir...

Oktyabrın ortalarında döyüş bölgəsində döyüşdən sonra döyüşçülərlə söhbətləşirdik. Za­bit Elçin Quliyev hələ bir hovurluğuna da olsa dincəlməyə macal tapmamış döyüşçüləri gös­tə­rə­rək demişdi:

–Bir az əvvəl bu döyüşçülər düşmənin dayaq məntəqəsini darmadağın edib, iki döyüş tex­nikasını, neçə-neçə əsgərini, zabitini məhv edib. Düşmənin qüvvəsi tükənməkdədir. Biz də bilirik ki, Ermənistan son vaxtlar döyüşlərə qocaları, birinci Qarabağ müharibəsinin işti­rak­çı­larını, qadınları, uşaqları cəlb edir. Yəni Ermənistan ordusunun müqavimət imkanları tükənib. Onu da bilirik ki, Ermənistan ordusunda döyüşdən imtina edənlərlə döyüşü davam etdirənlər arasında silahlı qarşıdurmalar olub. Erməni əsgəri komandirinə silah çəkib.

Əsgər Mehrab Axundov alnını ovuşdurmuşdu, rəğbətlə komandirinə baxmışdı:

–Biz komandirlərimizi, zabitlərimizi, əsgər yoldaşlarımızı sinəmizlə qoruyuruq, Vətən kimi, – demişdi.

Elə xoş anlar idi ki! Qələbə qazanılmışdı, yüksək ovqat hamını ətrafına toplamışdı, əs­gər­lərdən mənəvi kamilliyin təsdiqi kimi səslənən kəlmələr eşitmişdik. Burda da eyni ovqat yaşanılır.

Zabit Elnur Nərimanzadə nəyisə xatırlayır. Bir azdan biləcəyik ki, bu gözəl xatırlama qələbə sevinciymiş:

         –Qubadlı işğaldan azad ediləndən az sonra hərdən gözləri dolan əsgər  diqqətimi çəkdi – o da qələbənin sevincini yaşayanların sırasında olmalıydı axı. O da sevinirdi, ancaq sevincini Allahsız bir qəhər sıxırdı. Öyrəndik ki, Ağdamın da işğaldan azad ediləcəyi gü­nün həsrəti əgərin könül dünyasının dumanlığına dönüb. Əsgər yoldaşlarının “Hərəmiz bir ra­yon­da­nıq, ancaq Ağdam üçün də kişi kimi döyüşəcəyik, Ağdama səndən iki addım əvvəl daxil olacağıq”, – deyiblər. Əsgərin qəhəri sovuşub...

Müqəddəs döyüşlərin iştirakçılarının Vətən sevgisi də Vətənin özü qədər müqəddəsdir”, – deyirəm...

           Baxışlarım zabitin ağdamlı baxışlarının tünlüyünə düşəndə hiss etmişdim ki, yaxın gün­lər­də – Ağdam işğaldan azad ediləndə Ağdamı gör­mə­dən Ağdamın intizarını çəkən əsgərin sevincini bu əsgərlər, bu zabitlər onun özündən də duy­ğusallıqla yaşayacaqlar. ..

           Bu söhbəti xatırladıram...

           Zabitlər də, əsgərlər də  duyğulanır. Mənə elə gəlir ki, zabitlərin baxışlarının tünlüyündə sıxılcım çəkən baxışlarım bircə kəlmə sözə möhtacdı.

O, bir kəlmə söz deyilir:

          –Biz ordumuzun qüdrətiylə cəbrayıllılarla cəbrayıllı, füzulililərlə füzulili, zəngilanlılarla zəngilanlı, qubadlılılarla qubadlılı olduğumuz kimi, ağdamlılarla da ağdamlı olacağıq, laçın­lılarla da laçınlı. İşğaldan azad edilən rayonlarımızda olduğu kimi, azad ediləcək rayonlarımız­da da bayraqlar əsgər sevgisiylə dalğalanacaq. Yəni hamımız Böyük Qələbənin əsgəriyik.

           O “bir kəlmə” hamımızın ruhunu Azərbaycan əsgərinin döyüş ruhuna yönəldir...

           Üzü düşmənin mövqelərinə sarı yönələn baxışlar qoşalaşıb...

           Görəsən əsgərlərin düşündüklərini ifadə etməyə bu qoşalaşmanın qüdrəti çatarmı?

           Ad-soyadını soruşmadığım ağdamlı əsgərə, ağdamlı əsgərə görə indi söhbətləşdiyim əsgərlərə deyirəm:

           –Ağdamlı əsgərin yaşadığı qəhər mənəvi-psixoloji hazırlığında süzülən qəhərdir, dön­məz qəhərdir, mahiyyəti etibarilə döyüş əzmidir, qələbə ruhudu, yəni döyüş sevgisidir. O qəhər dö­­yüş­də sənin, sənin döyüş yoldaşlarının ürəyinin təpərini, qolunun qüvvətini, gözlə­ri­nin nurunu artıracaq. O qəhər Ağdam işğaldan azad ediləndə hönkürəcək. O qəhər zamandan bir neçə dö­yüş­lük möhlət alıb...

           Zabitlərin, əsgərlərin əhatəsində qələbələrdən danışmışdıq...

           –Biz burda döyüşürük, o biri cəbhələrdən xəbərimiz olmur. Qələbələri eşidəndə se­vinc­dən köksümüz ürəyimizə darlıq edir. Özümüzü orda da qələbə qazananların sırasında hiss edi­rik, –əs­gər Əziz Səbuhi belə deyir. Onun fikrini əsgər Nazir Ələsgərov tamamlayır:

            –Yəqin ki, yəqin ki, yox, yüz faiz o əsgərlər də bizim qələbələri eşidəndə eyni duy­ğu­ları yaşayırlar...

            Zaman-zaman qaranlıqları aydınlığa çıxardanları xatırlayıram. “Ermənistan – Azər­bay­can Dağlıq Qa­­rabağ münaqişəsi ötən əsrin sonlarının qaranlığı idi. Azərbaycan Ordusu o qaran­lığı ay­dın­lı­ğa çıxardır. Azərbaycanın dövlət sərhədlərinin bu üzünə bir də qaranlıq çök­mə­yə­cək!..” , – deyirəm. ...

            Azərbaycan əsgəri bu ilin payızını işğalın son payızı kimi tarixləşdirir...

            Bu ilin payızı ruhumuza gözaydınlığı olacaq!..

Rəşid Faxralı