14 iyun 2026 10:55
199

Kamran Bayramov: Şuşa Bəyannaməsi regionda yeni təhlükəsizlik təminatı yaradan strateji yol xəritəsidir

Şuşa Bəyannaməsi dünyaya ilk növbədə Azərbaycanla Türkiyənin qardaşlıq mesajıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasındakı tarixi münasibətlərin yeni mərhələsinə start verdi. Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir və iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə daha üstün müstəviyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda iki qardaş xalq arasındakı əlaqələri daha da gücləndirir. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir.  Vətən müharibəsində Türkiyə qardaş Azərbaycan dövlətinə və xalqına çox yüksək səviyyədə siyasi və mənəvi dəstək göstərdi. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu birlik və həmrəylik üçüncü dövlətlərin İkinci Qarabağ müharibəsinə müdaxiləsinə, Ermənistanın müdafiəsinə açıq şəkildə qalxmasına mane oldu. Eyni zamanda, Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Bütün çətin məqamlarda Türkiyənin yanında olan ilk dövlət, məhz, Azərbaycan oldu. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi iki qardaş dövlət arasındakı əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirdi. Strateji və tarixi baxımdan müstəsna əhəmiyyət kəsb edən bu sənəd, Bakı ilə Ankara arasındakı münasibətləri ən yüksək zirvəyə daşıdı və bu reallıq bütün dünyaya nümayiş etdirildi. Bəyannamə, tərəflər arasında keyfiyyətcə yeni və daha genişmiqyaslı əməkdaşlıq dövrünün təminatçısı qismində çıxış edir.
Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə birgə sənədə imza atan Azərbaycan Prezidenti tarixi Qars müqaviləsinə istinad etdi. Dövlətimizin başçısı vurğuladı ki, düz bir əsr sonra işğaldan qurtulmuş Şuşada imzalanan müttəfiqlik sənədi ölkələrimizin gələcək birgə fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin bəzi fundamental məqamlarına xüsusi diqqət çəkib. Ölkə rəhbəri sənəddə yer alan qarşılıqlı hərbi yardım bəndini qabartmaqla, bu razılaşmanın xüsusilə müdafiə sferasında çox ciddi və perspektivli hədəflərə söykəndiyini bəyan edib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Hər bir məsələ çox böyük önəm daşıyır”. Sənəd açıq şəkildə göstərir ki, Azərbaycan və Türkiyə, başda hərbi və müdafiə sənayesi olmaqla, bütün strateji sahələrdə rəsmən müttəfiqdirlər. Bununla yanaşı, Zəngəzur dəhlizinin işə düşməsi istiqamətində atılan addımlar da əsas prioritetlərdən biridir. Bu regional nəqliyyat qovşağı həm geosiyasi, həm də iqtisadi cəhətdən böyük çəkiyə malikdir. Layihənin reallaşması Şərqlə Qərbi birləşdirən və hər bir qlobal oyunçunun faydalana biləcəyi universal bir iqtisadi marşrutun yaranmasına yol açacaq. Zəngəzur dəhlizi həm türk dövlətlərinin daxili inteqrasiyasını sürətləndirəcək, həm də qitələrarası yükdaşımaların intensivliyini artıraraq beynəlxalq logistika sektorunun inkişafına güclü təkan verəcək.
K.Bayramov xüsusi olaraq diqqətə çatdırıb ki, bu sənəd Ermənistandakı revanşist qruplara ünvanlanmış çox ciddi bir xəbərdarlıqdır. Şuşa Bəyannaməsi ilə Türkiyə bütün qlobal birliyə bəyan edir ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və ya dövlət sərhədlərinə qarşı hər hansı bir təhdid və ya təcavüz cəhdi baş verərsə, rəsmi Ankara öz ordusu ilə dərhal ölkəmizin müdafiəsinə qalxacaq və sonadək onun yanında yer alacaqdır.