15 oktyabr 2026 23:14
114

Bizi birləşdirən ən böyük dəyər Azərbaycandır

Dövlət məktəb tikir, onu lazımi əyani və texniki vəsaitlərlə təmin edir, kitabxana və laboratoriyalar açır, müəllimlərə əməkhaqqı verir, əlavə məşğələlər keçirir və s. Bununla bərabər, müəllim və şagirdlərin davranış qaydalarını, məktəblinin geyim formasını da müəyyən edir və buna tam ixtiyarı var. Bunun dinlə heç bir əlaqəsi yoxdur.

On yeddi yaşından yuxarı, yəni orta ümumtəhsil məktəbini bitirən qızların necə geyinməsi öz işləridir. Hicaba qarşı nə dövlət, nə də cəmiyyət heç bir qadağa qoymur. Neçə illərdir ki, məktəblərdə, xəstəxanalarda, mətbuatda, ticarətdə, dövlətin müxtəlif  strukturlarında başı örtülü qadınlar çalışırlar. Heç kəs onlara irad tutmur, pis baxmır, tənqid etmir, bir turş kəlmə demir. Kim kəlağayı örtürsə, yaylıq bağlayırsa və ya başına papaq qoyursa öz işidir. Bunu siyasiləşdirmək bizə qətiyyən lazım deyil.

Ancaq Azərbaycanın suverenliyini, dünyəvi dövlət quruluşunu və milli maraqlarını qorumaq hər birimizin məsuliyyətidir. Hər kəsin öz əqidəsi və inancı ola bilər. Lakin bu, heç bir kəsə ictimai qarşıdurmaya səbəb olmaq, süni iğtişaş yaratmaq, məktəbləri ideoloji mübarizə meydanına çevirmək üçün əsas vermir. Hətta hicab bağlayan qazi anası hicabı İslam dini ilə əlaqələndirənlərin hərəkətlərini pisıəyir.

Məktəblərdə geyim qaydaları haqqında məsələyə münasibət bildirən soydaşlarımız söyıəyirlər ki, bu, dövlətin daxili işidir, ona kənar dairələrin qarışması, etiraz etməsi o deməkdir ki, məxsusi qara niyyətləri var.

Azərbaycanın daxili məsələləri kənar təsirlərlə, kimlərinsə əsassız tələbləri ilə deyil, ölkəmizin qanunları çərçivəsində həll olunmalıdır. Uşaqlarımızın təhsili və cəmiyyətimizin sabitliyi heç bir siyasi və ideoloji marağa qurban verilməməlidir. Fərqli düşünə bilərik, amma bizi birləşdirən ən böyük dəyər Azərbaycandır, qoynunda böyüyüb boya-başa çatdığımız doğma Vətənimizdir.

Məktəblərin qapısı öz şagirdlərinin üzünə daim açıqdır. Bu, onların toxunulmaz hüququdur. Lakin şagird məktəbin daxili davranış qaydalarına əməl etməlidir. Şagirdlərin geyimi əslində təhsilin formal tərəfidir. Əsas məsələ cəmiyyət üçün bilikli gənclərin hazırlanmasıdır. Ancaq şagirdlərin biliyindən narazılıq edən yoxdur. Açıq görünür ki, baş örtüyü ajiotajının arxasında hansısa dairələr tərəfindən məkrli siyasət yeridilir. Əgər narazılıq vardısa onu sakitliklə də həll etmək olardı. Ancaq hücum çəkmək, ictimai asayişi pozmaq, üsyankar çıxışlar etmək, məktəbin fəaliyyətini dayandırmaq, qapı-pəncərə sındırmaq və s. başqa mətləblərdən xəbər verir.

Valideynlər və onlara yandaşlıq edərək məktəblərə “təşrif” gətirən bəzi naməlum şəxslərin qaldırdıqları süni hicab məsələsi əsl niyyətlərinin gizlədilməsinə xidmət edir. Bu şəxslər kimlərdir, onları məktəblərdə çıxış etməyə kim göndərib?  Bəzi politoloqlar və siyasətçilər hesab edirlər ki, dini siyasətə qarışdıranlar Azərbaycanın müstəqilliyini sarsıtmaq və asılılığa salmaq kimi məkrli siyasi niyyətlər güdürlər.

Vəli İlyasov, “İki sahil”