15 oktyabr 2026 23:35
115

Fransa Azərbaycana qarşı əsassız ittihamlarını davam etdirir

Avropa İttifaqının əsas üzvlərindən olan Fransa hər vəchlə Azərbaycanın əldə etdiyu uğurlara sözün həqiqi mənasında, kölgə salmağa çalışır. Bu dövlət əlinə düşən hər fürsətdən istifadə etməklə ölkəmizə qarşı öz məkrli təbliğatını aparmaqdadır. Bütün bunlar da rəsmi Parisin Cənubi Qafqaz siyasətində qarşıdurma ritorikasından hələ də əl çəkmədiyini göstərir. Özünü demokratiyanın, insan hüquqlarının və hüququn aliliyinin müdafiəçisi kimi təqdim edən Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”unda Azərbaycan əleyhinə fikirlər səsləndirməsini də fikrimizin təsdiqi kimi qəbul etmək olar.  Belə ki, o, Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə, müstəqillik tərəfdarlarını dəstəkləməkdə ittiham edib. Şübhəsiz, bütün bunlar Fransanın dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Xatırladaq ki, Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro indiyədək dəfələrlə  Azərbaycan əleyhinə cəfəng iddialar səsləndirib.

Bəri başdan qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa nazirinin ölkəmizə qarşı irəli sürdüyü iddiaları qətiyyətlə pisləyərək onların əsassız olduğunu bildirib.

Amma bu faktdır ki, demokratik azadlıqların və insan ləyaqətinin qorunmasını daxili və xarici siyasətinin fundamental prinsipləri kimi müdafiə etdiyini iddia edən Fransa uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümum­bəşəri prinsiplərini kobud şəkildə pozmaqda, neokolonializm siyasəti həyata keçirməkdədir. Hətta Prezident İlham Əliyev çıxışlarının birində  Fransanın Avropadan kənarda idarə etdiyi əraziləri fransız müstəmləkə imperiyasının iyrənc qalıqları adlandırıb. Bu baxımdan demək olar ki, Azərbaycan heç bir zaman XXI əsrdə də müstəmləkəçilik siyasətini davam etdirən Fransanın nə daxili, nə də xarici siyasətinə qarışmayıb, sadəcə, bu ölkənin törətdiyi vəhşilikləri faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırıb. Bununla da onlara mənəvi dəstək göstərib. Yəni, Azərbaycan bu günə qədər bütün fəaliyyətində beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq addımlar atıb.

Fransa isə beynəlxalq hüququn norma və  prinsiplərini kobud surətdə ayaqlar altına ataraq  Azərbaycanın imicinə xələl gətirməyə çalışır. Bu da təbii ki,  Fransasının öz siyasi riyakarlığına, ikiüzlülüyünə  və cinayətkar fəaliyyətinə bəzəkli siyasi don geyindirmək cəhdidir.

2023-cü ildə yaradılmış  Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın bu iç üzünün açılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Bu təşkilat  Yeni Kaledoniyanın müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq platformalarda bir sıra tədbirlər həyata keçirib. Bütün bunları isə müdaxilə kimi qiymətləndirmək təxribatdan başqa bir şey deyil.

Şübhəsiz, Azərbaycanın bu mövqeyi beynəlxalq münasibətlərin fundamental prinsiplərinə əsaslanır. Hər bir xalqın hüquqlarına, iradəsinə və öz gələcəyi ilə bağlı mövqeyinə hörmətlə yanaşmaq beynəlxalq hüququn mühüm tələblərindəndir. Görünən budur ki, Makron Fransası Azərbaycanın müstəmləkəçilik əleyhinə apardığı uğurlu mübarizəni həzm edə bilmir. Həm də Fransanın neokolonial siyasətinə qarşı başlanan mübarizə Parisdə ağrılı bir şəkildə qəbul olunur. Elə bu səbəbdən Fransa ölkəmizə qarşı əsası olmayan iddialarla çıxış etməkdə davam edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”