Bildiyininz kimi, dekabrın 10-da 44 günlük Vətən müharibəsinin yekunu olaraq Azadlıq meydanında təntənəli zəfər paradı keçirildi. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Zəfər paradında Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşməndən qənimət kimi götürülən çoxsaylı hərbi texnika nümayış olundu. Həmin qənimətlərdən bəziləri “Şilka”, “Osa-1T”, KUB zenit-raket kompleksləri, piyadaların döyüş maşınları, T-72 tankları və sairdir. Döyüşlər zamanı məhv edilən “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları isə qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir. Burada diqqəti xüsusi cəlb edən məhv edilən və ya qənimət kimi götürülən silahların sırasında satışı qadağan olunan və yaxud da iqtisadi cəhətdən Ermənistanın əldə etməsi mümkün olmayan çoxnövlü silaha arsenalının olmasıdır. Dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsi qədər belə olmayan, iqtisadi imkanları çox az olan işğalçı ölkə bu silahları necə əldə edib?!
Əminliklə demək olar ki, məhv edilən hərbi texnikaların içərisində Ermənistanın iqtisadi gücünün əldə etməyə heç cür imkan vermədiyi, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemlərindən, satışı qadağan olunan ballistik “Elbrus” raket sistemlərinə qədər çoxnövlü silah arsenalına rast gəlinməsi düşmənin ötən 30 il ərzində qanunsuz silahlandırılmasına bir daha aydınlıq gətirib. Cəmi bir ay ərzində Ermənistana vurulan hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfəyə yaxın üstələyir. Halbuki 716 milyon ABŞ dolları civarında hərbi büdcəsi olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla heç bir halda izah oluna bilinməz. Cəmi 2,6 milyard ABŞ dolları həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək baxımından xeyli məhduddur. Digər tərəfdən, 44 günlük müharibədə itirdiyi hərbi texnikaların miqdarı Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxardı.
Hazırda ən fundamental hərbi xərcləmələr üzrə hesablamalar Ermənistanın bugünkü hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazım olduğunu göstərir. Məhz buna görədir ki, artıq Ermənistan bu imkanlarının tükəndiyini görür və yenə də heç bir qanuna məhəl qoyulmadan üçüncü ölkələrdən Ermənistana “humanitar yardım” adı altında silahların, maliyyə, ərzaq yardımlarının qanunsuz daşınması həyata keçirilir. Bu vəziyyətin davam etməsi regionda sülhün bərqərar olunmasına hər zaman təhdiddir. Bu səbəbdən də dünya birliyi Ermənistanın qanunsuz silahlanmasına, təcavüzkar siyasətinə və regional sülhə təhdid yaratmasına göz yummamalıdır.
Taleh Bağırov, “İki sahil”