15 dekabr 2020 17:16
1864

Müzəffər Azərbaycanın Zəfər paradı: Hərb tariximizin qəhrəmanlıq salnaməsi

Bu parad Azərbaycan dövlətinin müdafiə imkanlarını və ordumuzun döyüş gücünü, əzmini dünya miqyasında nümayiş etdirən, düşmənə həddini göstərən siyasi ultimatum idi

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qazandığımız Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi. 29 illik müstəqillik tarixi olan bir ölkənin beynəlxalq aləmə səs salan belə möhtəşəm Qələbə qazanması və Zəfər paradı keçirməsi, həqiqətən də tarixdə silinməz iz qoyacaq bir hadisədir.

Artıq danılmaz faktdır ki, 27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğ­runda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yaz­dı. Ordumuz bu tarixi günə hazırlığa 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin may ayında Günnüt əməliyyatı zamanı başladı və bu ilin Tovuz, həmçinin avqust təxribatlarında təcavüzkarın layiqli cavabını verməklə davam etdirdi. Tarixə artıq II Qara­bağ müharibəsi kimi daxil olmuş Vətən müharibəsində Azərbaycan Ordusu dünyaya gücünü bir daha göstərdi. 27 sentyabrda düşmənin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları işğalçı Ermənistanın ka­pitulyasiyası ilə nəticələndi. 44 gün sürən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzala­dıqları birgə Bəyanatla başa çatdı. Hərbi əməliyyatların məqsədi ilk gündən düşməni sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Ko­mandan başda olmaqla qəhrəman ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi.

Azərbaycan 27 il idi ki, kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, beynəlxalq hüquq praktikasın­da və bölgəmizdə yeni reallıq yaratdı. Cənab Prezidentin dediyi kimi: “...Biz yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı”. Beynəlxalq təşkilatların, o cümlədən dünyanın ən güclü dövlətlərinin həmsədri olduqları ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddətdə qarşısını almaqda aciz olduğu Ermənistan– Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 44 gün ərzində Prezident , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində həllini tapdı. Azərbaycan Ordusu təcavüzkarı və onun havadarlarının hegemonluğuna, işğalına son qoydu, ermənilərin illərdir qurduğu istehkamları yarıb keçdi, hərbi texnikasını məhv etdi, hətta qənimət kimi də götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Adı müstəqil, özü isə bir sıra dövlətlərin əlində alətə çevrilmiş Ermənistan Azərbayanın inkişafını gözü götürməyən qərəzli beynəlxalq təşkilatlar və Qərbin bir sıra dövlətləri üçün ölkəmizə qarşı sanki bir təhdid, təzyiq vasitəsinə çevrilmişdi. Hər dəfə ölkəmizdə dünya birliyinə səs salacaq bir tədbir keçiriləndə və ya hər hansısa bir uğur qazanılanda bir müddət sonra Ermənistan ordusu cəbhəboyu ərazilərdə təxribatlar törədir, yaşayış məntəqələrimizi yararsız hala salır, dinc əhalini qətlə yetirirdi. Sonra da vay-şüvən salaraq guya bütün bunların hamısının, hətta beynəlxalq hüquq normalarının Azərbaycan tərəfindən bilərəkdən pozulduğunu iddia edir, xarici himayədarlarının vasitəsilə bu barədə beynəlxalq aləmdə inam yaratmaq istəyirdi. Təəssüf ki, dünyada baş alıb gedən ikili standartlar, ədalətsizlik, islamofobiya buna təkan verirdi. Bu dəfə isə istəklərinə, rəzil niyyətlərinə çata bilmədilər. Bu Qələbə ilə Azərbaycan pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarında olduğunu bütün dünyaya sübut etdi, ərazi bütövlüyünün bərpası uğrunda vuruşub qələbə əldə etmək gücünü göstərdi. Eyni zamanda, bizi haqq işimizdən heç bir qüvvənin çəkindirə bilməyəcəyini təsdiqlədi. Bütün bunlar, Zəfər paradının beynəlxalq-hüquqi əhəmiyyətini göstərir.

Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı İkinci Qara­bağ müharibəsi adını almış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin göstəricisidir. Bu paradın özünəməxsus özəlliyi, digər paradlardan fərqi var­dır. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması­nın 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaq­lar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxın­laşdırmalıyıq və yaxınlaşdırırıq”.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər pa­radında Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və  Qələbə simvolu kimi dalğalandı. Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olundu. Parad­da, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Dövlət başçısı öz məzmunlu çıxışında bil­dirdi: “Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.

Paradın açılışı zamanı Prezident İlham Əliyevin “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik”, “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” sözləri iki ölkə arasında birliyin, qardaşlığın təzahürüdür. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan çıxı­şında vurğuladı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “ Bir millət, iki dövlət” şüa­rını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qa­rabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.

Dekabrın 10-u… Həmin gün Qələbə paradını izləyə-izləyə Qarabağ sa­vaşı qalibləri olan əsgər və zabitlərimizi də alqışladıq. Biz bu zəfərə görə müzəffər ordumu­za borcluyuq. Bu möhtəşəm zəfəri qazandıqlarına, xalqımızı 30 ilin ən böyük bəlasından xilas etdiklərinə görə onlara minnətdarlığımızı çatdırdıq. Zəfər paradımızın ən dəyərli 2783 iştirakçısı var idi ki, onlar paradı səmadan izləyirdi. Cismən bizimlə birlikdə olmasalar da,  şad ruhları, yaratdıqları bu möhtəşəm tarixi zəfər bizimlə idi. Xalqımız üçün olduqca qürurvericidir ki, Vətən övladları ölümün gözünə dik baxdılar, şəhidlik zirvəsinə ucal­mağı özlərinə şərəf bildilər. Onların ruhu indi rahatdır, çünki uğrunda mübarizə apardıqları torpaqlarımız azad edilib, o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda həlak olan şəhidlərimizə Allahdan hədsiz rəhmət, yaralı əsgər və hərbçilərimizə  şəfa diləyirik.

Zəfər yürüşü bir də Azərbaycan xalqının ordusuna olan sevgisi, ehtiramı, sayğısı ilə yadda qaldı. Əllərində Azərbaycan bayrağı “Ən böyük əsgər, bizim əsgər”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır!”  şüarları səsləndirən bugünkü uşaqlar sabah Vətənin keşiyində duran gəncliyimizdir. Kiçik qəlbində böyük Azərbaycan sevgisi daşıyan uşaqların coşqusu  Zəfər paradının ən yaddaqalan məqamlardandır. Bu mənada, Qələbəmizə həsr olunan bu tarixi təntənə-Zəfər paradı böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyət kəsb edir.

Beləliklə, düşmənə göz dağı olan Zəfər paradı həm işğalçı – bundan sonra məğlub Ermənistana, həm də onun havadarlarına tarix dərs oldu. Bu müharibə Ermənistana, təxminən 3 milyard dollara başa gəldi. Bu da işğalçı ölkənin bir illik dövlət büdcəsinə bərabərdir. Ermənilər və havadarları Zəfər paradında bir daha Azərbaycan Ordusunun gücünü, müasir hərbi texnika və silahlarla, o cümlədən müasir PUA-lar, raket, hava hücumundan müdafiə sistemləri və digər müasir silah növləri ilə təmin olunduğunu gördülər. Müzəffər ordumuzun Vətən müharibəsində məhv etdiyi Ermənistan ordusuna məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhənin nümayişi həm işğalçı ölkəyə, həm də havadarlarına göz dağı oldu. Lövhədə böyük hərflərlə əks olunmuş “Qarabağ Azərbaycandır!” şüarı Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilmişdi. Bu, həm də ərazi bütövlüyümüzün təmin olunması barədə dünyaya bir mesaj idi. Prezident İlham Əliyev bütün siyasi təzyiqlərin qarşısını qətiyyətlə aldı, dünya erməniliyinin ölkəmizə qarşı diplomatik cəbhə yaratmasına imkan vermədi. Dövlətimizin başçısı bu Qələbə ilə bütün dünyaya sübut etdi ki, güclü Azərbaycanın qarşısında Ermənistan heç vaxt duruş gətirə bilməz. Eyni zamanda, heç bir qüvvə Azərbaycanın və onun başçısının iradəsinə təsir göstərmək iqtidarında deyil.

Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi  Azərbaycan xalqını dövlətinin, liderinin ətrafında sıx birləşdirdi və bu birlik, həmrəylik “dəmir yumruğa” çevrilib Azərbaycan Ordusunun simasında düşmənin başını əzdi. Azərbaycan Zəfər paradı ilə artıq yeni inkişaf, tərəqqi mərhələsinə daxil olur. Dövlətimizin başçısı İlham Əliyevin Laçının işğaldan azad olunması münasibətilə xalqa təbrikində vurğuladığı kimi, döyüş meydanında, siyasi müstəvidə qazanılan bu Qələbə ilə ölkəmiz üçün yeni dövr açılır.

Yaqut Ağaşahqızı, “İki sahil”