15 dekabr 2020 18:12
1511

Zəfər paradı Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsinin təntənəsi idi

Bakıda 3 mindən çox şəxsi heyətin və 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə Zəfər paradı Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu. Veteran olaraq doğma Vətənimiz uğrunda aparılan döyüşlərdə, Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun Böyük Qəbələsindən sonsuz qürur və sevinc hissi duydum.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov deyib.

Zaqafqaziya Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə rəhbərlik etmiş, 23 medal və orden, o cümlədən “Azərbaycan Bayrağı”, “Şöhrət” ordenləri və Azərbaycan Prezidentin diplomu ilə təltif olunmuş Tofiq Ağahüseynov Vətən müharibəsində qazanılan zəfərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sisteminin oynadığı rolu şərh edib.

Əfsanəni general qeyd edib ki, hava hücumundan etibarlı müdafiə sisteminin yaradılması Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Hərbi Hava Qüvvələrinin rəhbərliyinə tapşırdığı birinci dərəcəli məsələ olub. Dövlətimizin başçısının Silahlı Qüvvələrin inkişafı üçün düzgün seçilmiş strategiyasının müvəffəqiyyəti Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ilə nəticələnib. Bu gün ölkənin hava hücumundan müdafiə sistemi döyüş əməliyyatlarında ən ciddi tapşırıqları icra etməyə qadir olan müasir texnologiyaya malikdir. Bu da Vətən müharibəsi zamanı Qarabağda aparılan hərbi əməliyyatlarda aydın görünürdü. Ermənistan silahlı qüvvələrinin çoxsaylı raketlərini zərərsizləşdirən Azərbaycanın Hava Hücumundan Müdafiə sistemi regional miqyaslı fəlakətin qarşısını alıb. Onun Ermənistanın atdığı raketləri zərərsizləşdirməsi sayəsində hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyası, eləcə də “Mingəçevir” Su Elektrik Stansiyası normal rejimdə fəaliyyət göstərir. Mən ölkəmizin hava məkanını ən yüksək səviyyədə qoruyan hava Hücumundan Müdafiə Sisteminin yaradılmasına nail olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Tofiq Ağahüseynov deyib ki, Zəfər paradı Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbənin təntənəsi idi. Bu parad əsnasında biz döyüşlərdə fərqlənən 20-dək hərbi hissənin döyüş bayraqlarını gördük. Paradın açılışı Vətən müharibəsində qələbəyə müstəsna töhfə vermiş Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının tribunanın önündən keçməsi ilə başlayıb. Sonra Azadlıq meydanından mətin addımlarla Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları, eləcə də korpusların hərbi qulluqçuları keçdilər. Bu, həm Zəfər paradının iştirakçıları, həm də bu paradı televiziyada izləyən insanlar üçün ömür boyu unudulmayan qürur və sevinc anları oldu.

Təşkilatın sədri deyib: “Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qurur hissi keçirdi. Vətəndaşlarımız Qarabağı erməni qəsbkarlarının işğaldan azad etmək üçün vətənpərvərlik ruhu nümayiş etdirmiş əsgərlərin və Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Dekabrın 10-da bütün azərbaycanlılar üçün həqiqətən möhtəşəm bir günə çevrildi. Mən hələ 1952-ci ildə Qırmızı meydanda keçirilmiş paradda iştirak etmişəm. Növbəti dəfə faşist Almaniyası üzərində qələbənin 50-ci ildönümü ilə bağlı parada qatılmışam və qeyd edim ki, paradlar xüsusən gənclər üçün unudulmaz anlar yaşadır. Bu parad isə Azərbaycan gəncləri üçün çox vacibdir və onların tərbiyəsində əhəmiyyətli rol oynayacaq. Orada iştirak etmək gənclərin vətənpərvərlik hissələrini artırır və parad sayəsində insan Vətəni ilə qürur duyur”.

General-polkovnik Tofiq Ağahüseynov diqqətə çatdırıb ki, 2020-ci il yaddaşlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində qazandığı Böyük Qələbə ilə qalacaq. Bu qələbə Ermənistanda kök salmış faşizm üzərində Zəfərdir. Bu Zəfəri Azərbaycan xalqı gözləyirdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimiz həmin problemi 44 gündə həll etdi. Eyni zamanda, Ali Baş Komandanımız döyüş əməliyyatları əsnasında savadlı və müstəqil dövlət siyasəti yürütməyə qadir lider olduğunu nümayiş etdirdi. Ordumuzun qazandığı qələbə hər bir dövlət üçün nümunədir. Bu, yeni silah növlərindən istifadə etməklə aparılan ilk müharibədir və hərbi elm tarixinə düşəcək. Böyük Vətən müharibəsində Azərbaycan faşist Almaniyası üzərində qələbəyə layiqli töhfə verib və həmin zəfərə aparan yolda yaşanan çətinlik və itkilərin xatirəsi 75 il ötsə də unudulmur.

“Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin sona çatması ilə nəticələndi. Bu, Müzəffər Ali Baş Komandan tərəfindən düzgün planlaşdırılmış xüsusi əməliyyat idi. Döyüşlərin aparıldığı çətin dağlıq ərazidə əsgərlərimizin bu əməliyyatı uğurla icra etməsinə məhz onun düzgün planlaşdırılması kömək edib. Şuşanın azad edilməsi tarixə yaxşı təlim keçmiş və silahlanmış ordunun yerinə yetirdiyi parlaq əməliyyatlardan biri kimi düşəcək. Hazırda bir çox ölkənin hərbi komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin bu əməliyyatını nümunəvi hərbi əməliyyat kimi araşdırır”, - deyə Tofiq Ağahüseynov vurğulayıb.