Vətən müharibəsi: qazilərin təəssüratları
Vətən müharibəsi zaman-zaman jurnalistikanın da, ədəbiyyatın da mövzusu olacaq. Müharibənin tarixi yazıla-yazıla tarixləşəcək, tarixləşdikcə yazılacaq. Qalibiyyət tarixi kimi, qüdrət tarixi kimi yaşadılacaq. Dekabr ayı Azərbaycana, Azərbaycanı sevənlərə belə bir müjdə yaşatdı, bu müjdənin sevincini ömürlərə hopdurdu: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən adından dediyi bu qüdrətin ifadəsi olan kəlamlar günümüzün azərbaycançılıq manifestidir. Bu qüdrəti tarixləşdirənlərin təəssüratları da tarixdir. Polkovnik Malik Ramazanov əks-hücum əməliyyatı başlayanda xidmətini döyüşlərdə davam etdirirb. Tabor komandiri kimi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının işğaldan azad edilməsində iştirak edib. “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət edirdim. Kursantların “Döyüşlər başlayanda döyüşlərdə biz də iştirak etmək istəyirik. Biz bəlkə də bu niyyətə görə hərbçi olmağı qərara almışıq. Döyüşəcəyik, komandir, döyüşəcəyik...”. Bu ruh xalqın ruhunun zərrəsiydi. Bu zərrələr məqamında xalqın döyüş yolunu nurlandırdı. Həm də dünyanı heyrətləndirməklə nurlandırdı.
Söhbətləşdiklərim Vətənin əsgərləridir. “Siz hərbi xidmətdəsiniz, yerinə yetirdiyiniz missiya baxımından əsgərsiniz, mən ictimaiyyətin sizə ehtiramının əsgəriyəm”, – dedim. Gülümsündülər. Onlar “Qələbə qazandıq!” deyirlər. Böyük iftixarla qəhrəmanlıqlardan danışırlar, qəhrəmanlardan danışırlar...
Polkovnik Malik Ramazanov Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə sol ayağından qəlpə yarası, qapalı kəllə-beyin travması alıb. Müalicə olunub. “Özüm də, əsgərlərim də qələbənin əsgəri olduğumuzla qürurlanırıq. Bu qürur ədalətin qürurudur, xalqın torpaq sevgisinin, el-oba sevgisinin qürurudur. Zəngilan azad edilən gün ata-anası Qubadlıdan olan əsgərin həyəcanı bütün taboru düşündürmüşdü. Bəlkə də onun üçün də, bizim üçün də son onillərin ən uzun gecəsi həmin gecəydi. Ürəyimiz bizi Qubadlı adına döyüşlərə çəkirdi...Qubadlı azad ediləndə onu hamımız bağrımıza basdıq. Bu sevinc döyüşlər başlayandan bəri yaşadığımız ən böyük sevinciydi...”, – polkovnik-leytenantın baxışlarını bürüyən sevinc o qədər doğma, o qədər munis sevıncdi ki!..
“Azərbaycan Ordusunun zabiti kimi Ali Baş Komandanın döyüş əmrini arzulayırdıq. Sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin böyük təxribat niyyətli hücumunun qarşısı qətiyyətlə alındı, Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına, böyük döyüş əzmi ilə, böyük qələbə ruhu ilə Vətən müharibəsinə başladı...
Suqovuşanın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının işğaldan azad edilməsi düşməni sarsıtmışdı. Çarəsizliklə müdafiə olunur, tükənməkdə olan gücünü xarici dövlətlərdən gətirdiyi muzdlularla möhkəmləndirmək istəyirdi. Şuşa döyüşlərində üstünlüyə yiyələnmək, bu üstünlüyü sonrakı döyüşlərə başlanğıc etmək niyyətiydi. Ermənistan ordusunun döyüşlərdə sağ qalan muzdlularından biri etiraf etmişdi ki, Azərbaycan əsgərində qorxu hissi yoxdu. Bu etiraf onları döyüşdən çəkindirirdi, gözünü qorxudurdu, döyüşdən uzaqlaşdırırdı; Azərbaycan əsgərinin qətiyyətindən qorxanlar məğlubiyyətə məhkum idi. Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin döyüş hazırlığı, mənəvi-psixoloji hazırlığını bütövləşdirən vətənsevərliyi kimi möhtəşəm qüdrət hara, ermənilik cılızlığı hara?”, – polkovnik Malik Ramazanov Şuşa döyüşləri ərəfəsində özünün də, döyüşçü zabitlərimizin də, əsgərlərimizin də düşündüklərini belə ifadə etdi...
“Vətən müharibəsi başlayanda mənim xidmət etdiyim hərbi hissə də döyüşlərə cəlb edildi. Mən Füzulinin və Cəbrayılın işğaldan azad edilməsində iştirak etdim. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qapalı kəllə-beyin travması, çiynimdən qəlpə yarası aldım.
Əks-hücum əməliyyatı ilə başlayan bu döyüşlərdə qardaşım kapitan Xəlil Məmmədov Kəlbəcər istiqamətində döyüşürdü.
Vətən müharibəsində generalla əsgərin çiyin-çiyinə, kürək-kürəyə döyüşdüyünü də gördüm. Bu, qələbəni şərtləndirən amillərdəndir. Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olan oğlumun da belə vətənsevər zabit olacağına inanıram...”, – polkovnik-leytenant Coşqun Məmmədovun bu inamını Azərbaycan Ordusunun sabahlarına ehtiram bilirəm...
Mayor Aydın Osmanov Vətən müharibəsində taborlardan birinin qərargah rəisi vəzifəsində xidmət edib.
“Şuşa işğaldan azad ediləndə qolumdan da, qıçımdan da güllə yarası almışdım. Üçüncü güllə cibimdəki telefona dəymişdi” – gülümsünür. Müharibələr tarixində buna bənzər nəsə oxumuşuq. O “nəsə”lər bəlkə də bədii təxəyyüldən gəlir. Ancaq Azərbaycan Ordusunun zabitini üçüncü güllədən (bəlkə də daha ağır yara yetirəcək güllədən) telefonun qoruması da nə vaxtsa bədii əsərə (əsərlərə) mövzu olacaq...
Daşaltı istiqamətində döyüşənlər həm də 28 il əvvəlin 25 yanvarını xatırlayaraq döyüşüb, Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan tağımlarımız pusquya düşərək məhv edilib. Mühasirədən az, çox az sayda əsgər və zabitimiz çıxa bilib. 28 ildən sonra Vətən müharibəsində döyüşənlər Daşaltı əməliyyatında şəhid olanların ruhuna hesabat kimi döyüşüblər. Döyüşçülərimiz Daşaltını çığnayıb döyüşü Xankəndi istiqamətində davam etdiriblər. Mayor Aydın Osmanov da onların sırasında...
“Hər döyüşçü Şuşanın azad edilməsində iştirak etməyi, Şuşanı işğaldan azad edəcək döyüşlərin iştirakçısı olmağı arzulayırdı. Eyzən bizim kimi. Daşaltıdan Şuşaya bir döyüşlük yol vardı. Bu döyüşün ağır döyüş olacağını bilirdik. Bu döyüşü də qələbə ilə başa çatdıracağımıza əmin idik...”...
“Mövqe qələbəsi, Daşaltının ermənilərdən təmizlənməsi döyüşçülərimizin döyüş əzmini, qələbə ruhunu kükrətmişdi. Şuşa görünürdü. Bütün əzəmətiylə görünürdü....”. Bu xatırlama zabitin özünü də həyəcanlandırmışdı, bizi də; xatırlatma bir döyüşün tarixiydi, bir döyüşün tarixi – Vətən müharibəsi tarixi. “Bu döyüşlərdən adi emosiya ilə danışmaq mümkün deyil. Bu döyüş dünya müharibələr tarixində olmuş heç bir döyüşlə müqayisə oluna bilməz. Rusiya mətbuatında çoxumuz belə bir informasiya oxumuşuq: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”.
Bu informasiyanı oxumuşdum. Oxuduğum anlarda yaşadığım qürurun misillərini qaliblərin əhatəsində yaşadım...
“Atam sovet ordusunda, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ordusunda xidmət edib. Son nəfəsinəcən torpaqlarımızın işğaldan azad edilməsini görmək arzusuyla yaşadı. Qələbə gününü görmədi. Məzarına gözaydınlığı verəcəm, Zəfər paradında iştirakımdan danışacam...”, – mayor Aydın Qasımovun ata ruhuna verəcəyi gözaydınlığını hərbçi atanın ruhuna hərbçi oğulun hesabatı bilirəm...
2016-cı ilin Aprel döyüşlərində Talış kəndi uğrunda ağır döyüşlər getmişdi. Kənd ermənilərdən təmizlənmişdi, ancaq ordu hissələrimiz kənddə möhkəmlənə bilməmişdi; kənd, müəyyən mənada, neytral zonaya çevrilmişdi..
Vətən müharibəsində Talış kəndi uğrunda döyüşlər Talış yüksəkliyinin nəzarətə götürülməsi ilə başlayacaqdı.
Döyüş əmri sürətli hücumla yerinə yetirildi. Əməliyyatda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Maksim Məmmədov da iştirak edirdi. Düşmənin minaatanlarının zərbələrindən o da yaralandı. Çox qısa müddətli müalicədən sonra yenidən döyüşlərə qayıtdı. Söhbət zamanı Maksim gülümsünərək, “Yaralanmağına hamı təəssüflənər. Ancaq tez sağalmağıma görə çox sevindim. Qələbə gününün sevincini döyüşçü dostlarımın əhatəsində yaşamaq istəyirdim. Qardaşım gizir Rasim Məmmədov da Vətən müharibəsi iştirakçısıdır. Görüşəndə döyüşlərdən, döyüşçülərdən, qələbədən danışacağıq. Böyük qürurla dostlarımızı xatırlayacağıq. Tanımadığımız qəhrəmanlardan da söz açacağıq...”.
Vətən müharibəsində iştirak edənlərin söhbətləri yazılmış tarixin davamı olaraq yazılmalı tarixdir. Zəfəri qazananların döyüş təəssüratları da, döyüşənlər haqqında dedikləri də tarixdir. Bunu yaddaşlara mənəvi borc kimi jurnalistika köçürür...
Rəşid Faxralı