05 iyul 2021 19:15
2053

“Bizim həyət” layihəsi: Əvvəl bərbad, indi abad həyətlər

Təmirsiz həyətlərin abadlaşdırılmasına, sözün əsl mənasında ağ günə çıxarılmasına yönəlmiş “Bizim  həyət” layihəsinin sehrindən  abadlaşan həyətlərin sayı  artmaqda davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən Bakının abadlaşdırılmağa, yenilənməyə ehtiyacı olan  həyətlərin, parkların, meydançaların bərpasını nəzərdə tutan “Bizim həyət” layihəsi uğurla həyata keçirilir. Layihə çərçivəsində növbəti abadlaşdırılmış həyət Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi 5, 5A, 7, 9 və Sabit Rəhman küçəsi 2a ünvanında 1000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

Xatırladaq ki, sözügedən layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb. Yeni həyətin ərazisində 5 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni liftlər, işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara elektromaqnit kartla giriş sistemi tətbiq edilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ədəd ağac əkilib və 2000 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

Bir vaxtlar baxımsız və təmirsiz vəziyyətdə olan həyətlər indi müasir, təmiz, abad və rahat  görkəm alıb. Maraqlıdır, bu yenilik, gözoxşayan dəyişiklik haqqında həyətin sakinləri nə düşünür?

“İki sahil”  sakinlərin təəssüratlarını  təqdim edir:

Rafiq Abışov  həyətdə görülən işlərdən ürəkdolusu bəhs etdi: “Nəsimi rayonu Azər Əliyev küçəsi  9-cu binada yaşayıram. Əvvəllər bura  bərbad vəziyyətdə idi. İşıqlar yanmırdı, palçıq, pis gündə idi. Bakı Şəhər İcra Hakimiyyətinə  müraciət olundu. İDEA İctimai Birliyinin təşəbbüsü ilə  dərhal müvafiq tədbir görüldü. Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri dərhal buranı təmir etməyə başladılar. Təmirdən sonra yaranan real vəziyyət isə çox gözəl və səliqəlidir. Baxdıqca insanın ürəyi açılır. Binanın girişi, damı, fasadı pis gündə idi. Onların hər biri təmir olunub, rəngləndi.  Su çənləri var idi ki, deşilmişdi, suyu axıdırdı. Həmin çənlər götürüldü. Həyətimizdə asfalt yox idi. Gördüyünüz kimi, asfalt da çəkilib.”

Sakin qeyd etdi ki, hökumət nə lazım idisə etdi:  “Bundan artıq bizim üçün nə edilməlidir? İnanırsınız, axşamüstü burada gəzəndə insana ləzzət edir. Biz də nəhayət ki, insan kimi rahat və təmiz yaşayırıq. Sakinlər də təmizkar olmalı, bu gözəlliyi qoruyub saxlamağı bacarmalıdırlar. Rahatlıq, səliqə, gözəlliyi ancaq İcra Hakimiyyətindən gözləmək doğru deyil. İnsanlar da diqqətli olmalıdır. Bəzən olur ki, özüm yaxınlaşıb deyirəm ki, zibili yerə atmayın, həyəti çirkləndirməyin. Heyifdir. Bu qədər əziyyət çəkilib,  bunu qiymətləndirmək lazımdır. Biz Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi Rayon İcra Hakimiyyətinə,  İDEA İctimai Birliyinə  və onların rəhbərliyinə minnətdarıq.”

İnsaf Əliyeva  isə 20-30 ildir ki, binanın sakinidir.  Həmsöhbətimizin sözlərinə görə, həyətin indiki və əvvəlki görünüşü arasında yer və göy qədər fərq var: “ Əvvəllər bir çox problemlər var idi. Ağaclar bərbad vəziyyətdə idi. Su, yaşıllıq yox idi. İndi artıq bunların hər biri var. Bununla yanaşı, balacalarımız üçün rəngarənq və maraqlı əyləncə zonası yaradılıb. Orada uşaqlarımız oynayıb və əylənirlər. Yaşlı insanlar  əyləşmək üçün oturacaq tapmırdı. İndi isə  çoxlu ağaclar əkilib ətrafında da rahat oturacaqlar quraşdırılıb. Əvvəl yaşlılar istəyirdi ki, həyətdə gəzsinlər , amma məhləmizdəki işıq dirəkləri hər tərəfi işıqlandırmırdı.  İndi  artıq  müasir görünüşlü işıq dirəkləri quraşdırılıb. Bu da həyətimizə xüsusi gözəllik verir. Abadlaşmadan öncə hər kəs bir yerdə dayanırdı. İndi isə   həyətimizin təhlükəsizlik kameralarının nəzarətində olan parklanma yerləri var. Bu sakinlərə avtomobillərinin güvəndə olduğunu hiss etdirir. Bundan  gözəl nə ola bilər ki?... Zənnimcə, bir-iki işlər də var ki, tamamlansa,  bir az da  ürəyimiz açılacaq. Bəzi problemlər də öz həllini tapsa hər şey daha əla olacaq.”

Solmaz Süleymanova vurğuladı ki,  əvvəllər bura heç yaxşı vəziyyətdə deyildi. Hər yer açıq idi. Heç nə yox idi. Hətta adi oturacaq belə tapmaq olmazdı. İndi isə  şükür ki, həyətimiz abadlaşıb, gözəlləşib. Təmirə ehtiyac var idi. Sağ olsun ki, İDEA İctimai Birliyi bizim həyətimizi diqqətdən kənar qoymayıb. Əyləncə üçün başqa yerə getməyə  ehtiyac yoxdur. Nəvələrim burada oynayırlar, əylənirlər. Onlar xoşbəxt olduqca mən də baxıb sevinirəm. Bizə bu sevinci bəxş edən hər kəsə təşəkkür edirəm.

Abadlaşan həyətlər isə hər kəsdən çox körpələrin balaca qəlbində xoş təəssürat yuvası qurub, onlara əsl yay  istirahəti yaşadır

Elə Əli Mirişli də həmin uşaqlardan biri idi: “Həyətdə yaradılan şəraitdən razıyam. Mənim üçün ən maraqlı olanlar sürüşkənlər və yelləncəklərdir. Dostlarımla həyətdə oynamaq çox maraqlıdır. Nə yaxşı ki, mənim belə gözəl həyətim  var.  Onun sayəsində yay tətilim çox  əyləncəli keçir.”
Aylin Səfərova isə  həyətlərində yaradılan şəraiti çox bəyəndiyini deyir: “Uşaqlarnan oynayırıq. Yelləncəkdə yellənirik, stadionda futbol, basketbol, tennis, çoxlu oyunlar oynayırıq. Əvvəl yaxşı deyildi. İndi hər şey yaxşıdır. Əvvəl oyun oynayanda yıxılırdıq,  rahat oynaya bilmirdik. İndi  isə rahat  rolik, velosiped sürürük. Çünki hər yer düz və  səliqəlidir. Artıq həyətdə oynamaq, vaxt keçirmək çox rahat və maraqlıdır. Elə bil həyət yox, parkdır.”

Apardığımız müşahidələr əsasında bu qənaətə gəldik ki, Nəsimi rayonu ərazisində abadlaşan, yenilənən və müasir görkəm alan həyətin sakinləri hazırkı vəziyyətdən çox razıdırlar.  Beləliklə, əvvəl bərbad, indi isə abad həyətinin gözəl görkəmini, təmizliyini qoruyub saxlamaq isə sakinlərin başlıca vəzifəsidir.

Sağlam mühit, sağlam həyat deməkdir. Elə ona görə də  4 ildir ki, icra olunan “Bizim həyət” layihəsinin Bakının digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar paytaxtımızın abadlaşdırmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin İDEA İctimai Birliyinə təqdim olunması  xahiş olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”