YAXUD, AXCP-DƏN BEŞ MÜAVİN, ONLARLA ÜZV KİMƏ GÖRƏ İSTEFA VERMİŞDİ?
Ötən gün sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin partiya üzvlərinə müraciətinə dair video paylaşılmışdı. Sosial şəbəkələrdə 100 minlərlə insanın izləməsinə, Əli Kərimliyə layiq olduğu sözləri yazmasına baxmayaraq, AXCP sədri bu dəfə də həyasızlıq yolunu seçdi, “Osmanqızı tv”də dediklərinə haqq qazandırmağa çalışdı. Bəs, Əli Kərimli yayılan videoda nə deyirdi? O, açıq şəkildə deyirdi ki, müxalifətin hakimiyyət perspektivi yoxdur. Kim istəyirsə, partiyadan çıxıb getsin, şəxsi işləri ilə məşğul olsun. Əli Kərimli hansısa cəbhəçinin məsuliyyətini üzərinə götürmək fikrində deyil. Yəni, bu günə qədər Əli Kərimliyə inanıb, hansısa vəzifə vədinə aldanıb qanunları pozan, ictimai-siyasi sabitliyə xələl gətirən, buna görə həbs olunan, işindən atılan, təhsilindən qalan, ailəsi dağılan bütün cəbhəçilərin cəhdləri boşuna imiş. Əli Kərimliyə kimsə minnət qoymasın ki, onun uğrunda həbsə düşüb, həyatı məhv olub. İndi də hər kəs etdiyinə görə özü cavabdehdir...
Bax belə. Əli Kərimli enində-sonunda bu sözləri deyəcəkdi. Çünki küçə populistinin çayxana söhbətlərinə qulaq asıb qanunları pozanlar hələ o zaman anlamalı idilər ki, Əli Kərimli yolu izləniləcək, inanılacaq biri deyil. Əgər o, tərəfdarlarını düşünən olsaydı, ən azından bu gün cəbhəçilər Türkel Kərimlidən, Selcan Kərimlidən, Timur Kərimlidən fərqlənməzdilər, onlar da xaricdə təhsil alardılar, eyş-işrət məclislərində iştirak edərdilər, ABŞ-ın, Britaniyanın başından vurub, ayağından çıxardılar. Bir sözlə, bütün bunlar olmadı, əksinə həbsə düşənlərin, ailəsi dağılanların hesabına Kərimli ailəsi kef-damağda yaşamaqda davam etdi...
İndi də Əli Kərimli çıxıb dediklərinə bəraət qazandırmaq üçün 15 dəqiqə nala-mıxa vurdu. Amma yenə də özünü yandırdı. O, bu dəfə də yalan danışdı. Əlbəttə, Əli Kərimlini çox yaxşı başa düşürük. Çünki yalan danışmağa bəhanəsi, inandırmağa auditoriyası da var. Çünki AXCP-ni quranların hamısını partiyadan didərgin salıb, qovub, təhqir etdirib. İndi isə AXCP-də ona qulaq asan və inanan cəmi 3-5 trol var...
Beləliklə də, Əli Kərimli deyir ki, paylaşılan məlum videodakı çıxışını 2009-cu ildə edib. Üstəgəl iddia edir ki, o çıxışından sonra AXCP-dən heç kəs getmədi, guya onu dəstəklədi. Bax, bu yalanını ifşa etmək üçün bir neçə faktı ortaya qoyacağıq. O zaman siz görəcəksiniz ki, Əli Kərimli nə qədər yalançı, populist biridir...
Təsəvvür edin ki, Əli Kərimli eyni çıxışı 2009-cu ildə edir. Ondan sonra görün neçə-neçə insan AXCP-dən istefa verir, başını götürüb qaçır. İstefa verənlərin də əsas səbəbi AXCP daxilində qruplaşmaların olması, müavinlərin sıxışdırılması, gənclərin təqib olunması idi. Çox maraqlıdır ki, Əli Kərimli məlum çıxışından sonrakı müddətdə AXCP sədrinin müavini Asəf Quliyev, AXCP sədrinin müavini Razi Nurullayev, AXCP sədrinin müavini Fuad Mustafayev, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı, AXCP sədrinin müavini Nəriman Qasımoğlu, “İsa Qəmbər daha demokrat liderdir” – deyən AXCP sədrinin müşaviri Şakir Abbasov, AXCP RH üzvü Akif İslamzadə, AXCP RH üzvü Zöhrab İsmayıl, “Niyə Əli Kərimlinin oğlu xaricdə kef etməlidir, mənim qızım isə xəstəxanalarda qalmalıdır” - bildirən AXCP NTK sədri Aydın Əliyev, AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli, AXCP Nərimanov rayon təşkilatının şöbə müdiri Ağaşirin Tanrıverdioğlu, AXCP Yasamal rayon təşkilatı Ali Məclisinin sədri Mürsəl İbrahimov, AXCP üzvləri Arzuman Məcidli, Məmməd Hüseynov, Bağı Hüseynov, Şamid Axundov, Çalı Qurbanov, Zakir Qurbanov, Murad Mirzəyev, Nizami Quliyev, “hər gün trolluq edirdik, Əli Kərimlinin dediyi adamları şantaj, təhqir edirdik” söyləyən Qorxmaz Əliyev, AXCP üzvü olduğu üçün utandığını deyən Nazim Yaquboğlu və daha başqa onlarla insan AXCP üzvlüyündən istefa verdi. Hətta, Fuad Qəhrəmanlının partiyadakı yaşlı insanları və gəncləri təhqir etməsinə etiraz olaraq, Ehtiram Mehdiyev, Cavid Musazadə adlı gənclər AXCP-ni tərk etdilər. Eyni zamanda, AXCP Nərimanov rayon şöbəsindən gənc Aslan Həmidli, ona yaxın Məhəbbət Məmmədzadə və Arzuman Nəbiyev, Binəqədi rayon şöbəsinin üzvü Adəm İbrahim Əli Kərimlinin siyasətinə etiraz olaraq partiyadan istefa verərək Rəsul Quliyevin partiyasına üz tutdular. Ən gülməli məqam isə odur ki, AXCP Samux rayon təşkilatının dayaq dəstəsinin sədri Fərhad Səfərova 2000-ci ildə verilmiş üzvlük vəsiqəsində onun doğulduğu tarix 1999-cu il kimi göstərilmişdi. Halbuki həmin şəxsin 52 yaşı var idi. Bu cür oyuncaq partiyaya üzv olduğu üçün utanan həmin şəxs dərhal istefa vermişdi.
Ümumilikdə, burada adları çəkilənlərin böyük əksəriyyəti Əli Kərimliyə inanmış şəxslər idilər. Onlar gördülər ki, AXCP ancaq Əli Kərimlinin ailəsinə xidmət edir və bu səbəbdən də Əli Kərimlinin “piyadası” olmaqdan imtina etdilər. AXCP-ni tərk edənlər bildirirdilər ki, ən çox partiyada Elçibəyçilər sıxışdırılırdı. AXCP-də davam edən ziddiyyətlər, qruplaşmalar, anti-demokratik mühit, AXCP sədri Əli Kərimlinin dövlətçilik əleyhinə olan prinsipsiz hərəkətləri AXCP qurucularının, fəallarının bu partiyadan uzaqlaşmasına gətirib çıxarmışdı.
Görünən odur ki, Əli Kərimlinin məlum çıxışından 12 il keçməsinə baxmayaraq, AXCP elə həmin AXCP-dir, Əli Kərimli də eyni populist, “çayxana siyasətçisi”dir. AXCP yenə də Əli Kərimlinin ailəsinə xidmət edir, Türkelin, Selcanın, Timurun firavan gələcəyi üçün işləyir. Həbsə düşən, işdən çıxarılan, təhsili yarımçıq qalan, kitabları çap olunmayan, ailəsi dağılan cəbhəçilər isə artıq qərar verib ya AXCP-ni tərk etsinlər, ya da AXCP-ni şəxsi kontoruna çevirmiş Əli Kərimlini istefaya göndərsinlər. Yoxsa, AXCP-də solub, batıb gedəcəklər. Xüsusilə də, gənclər təqdim olunan faktlardan ibrət dərsi almalı, Əli Kərimlinin toruna düşməməlidirlər.
Sonra demədi deməyin...