“İki sahil” qəzetinin 30 illik yubileyi tamam olur. Mən ilk növbədə əlbəttə ki, bu şanlı yubiley münasibətilə bütövlükdə “İki sahil” ailəsinin bütün üzvlərini, başda Əməkdar jurnalist Vüqar Rəhimzadə olmaqla ürəkdən təbrik edirəm. “İki sahil”in yaranma tarixinə nəzər saldıqda görürük ki, təxminən Azərbaycan müstəqilliyini əldə etdiyi ərəfədə bu qəzet ərsəyə gəlmişdir. Eyni zamanda, “İki sahil” qəzeti Azərbaycanda haqqı, ədaləti hər zaman təbliğ edən, ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin siyasi xəttini təbliğ edən, həmçinin Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm cənab Prezidentimizin siyasi xəttini dəstəkləyən və bu siyasəti təbliğ edən ciddi qəzet, sayt və internet televiziyasıdır. Bununla yanaşı, ölkəmizin Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi tədbirləri hər zaman “İki sahil” ailəsi təşviq edib.”
Bu fikirləri “İki sahil” qəzetinin 30 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrikində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov vurğulayıb ki, “İki sahil”in kollektivi gülərüz, mehriban, çox səmimi bir komandaya çevrilib: “Əlbəttə ki, bu 30 il müddətində “İki sahil” qəzeti məhz Azərbaycanın o zaman dağılmaq, parçalanmaq təhlükəsi, xalqımızın məhv olmaq təhlükəsi vaxtından məhz Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbəyədək bütövlükdə fəaliyyət göstərib. Bu fəaliyyətini də ölkəmizə, xalqımıza, dövlətçiliyimizə, müstəqilliyimizə həsr edib.
Mən bir daha 30 illik şanlı yubiley münasibətilə bütövlükdə “İki sahil” ailəsini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu etməklə, hər birinə firavan həyat, əmin-amanlıq arzulayıram.”