09 iyul 2021 19:15
1348

Qazilər “İki sahil”i unutmadı - VİDEO

Bu gün ölkəmizin media məkanında xüsusi yeri və çəkisi olan “İki sahil” qəzetinin 30 yaşı tamam olur. Qəzetimizi bu münasibətlə təbrik edənlər sırasında 44 günlük Vətən müharibəsində bizlərə böyük qələbə sevinci yaşadan və əməkdaşlarımızın döyüş yollarından geniş reportajlar hazırladıqları Vətən müharibəsi qaziləri də var.

Bunlardan biri Füzuli istiqamətində gedən döyüşlərdə 7 güllə yarası alaraq möcüzə sayəsində sağ qalan İbrahimli Şəhriyar Murad oğludur: Şəhriyar qəzetimiz haqqında ürək sözlərini belə ifadə etdi: “İki sahil” qəzetinin rəhbərliyini və kollektivini təbrik edirəm. Allah sizlərə uzun və xoş ömür bəxş etsin. Hər zaman var olasınız. Sağ olun ki, qazilərlə maraqlanıb onlardan reportajlar hazırlayaraq içtimaiyyətə tanıdırsınız”.

Ermənilərin keçilməz “Ohanyan səddi” aldandırdıqları 18 otaqlı yeraltı bunkerlərinin alınmasına rəhbərlik edən və bunkerə Azərbaycan bayrağını sancarkən yaralanan mayor Şabanov Elçin Xeyrulla oğlu da qəzetimizi təbrik edərək uğurlar arzuladı: “Azərbaycanın müasir mətbu fikir tarixində və ictimai həyatında mühüm yerə və nüfuza malik olan “İki sahil” qəzetinin kollektivini səmimi qəlbdən təbrik edirəm. Çətin və şərəfli yolunuzda sizə yeni-yeni müvəffəqiyyət və uğurlar arzulayıram. İnşallah qarşıdakı illərdə “İki sahil” yarandığı ilk gündən müəyyənləşdirdiyi Azərbaycançılıq ideyasını uğurla davam etdirərək oxucu auditoriyasını daha da genişləndirsin”.

Suqovuşan istiqamətində döyüşən qazi Qarayev Elməddin Telman oğlu da qəzetimizi səmimiyyətlə təbrik edənlərdən oldu: “Mən Vətən müharibəsində yaralanıb evə gəldikdən sonra “İki sahil”in əməkdaşları qonağımız olaraq döyüş yolumu əks etdirən geniş reportaj hazırladılar, bizləri cəmiyyətə tanıtdırdılar. Bu, təbii ki, biz qazilər üçün stimuldur. Bu gün “İki sahil”in 30 yaşı tamam olur. Azərbaycan mediasında xüsusi çəkisi olan qəzetin bütün kollektivini bu münasibətlə təbrik edirəm. Yaxşı ki, varsınız”.

Taleh Bağırov, “İki sahil”