Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyində olublar.
“İki sahil” xəbər verir ki, bələdçi muzeyin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradıldığını bildirib. Qeyd olunub ki, 2014-cü il noyabrın 17-də muzeyin açılışı olub. Dövlət bayrağı müstəqilliyi təcəssüm etdirir. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərib, xalqın milli mövcudluq simvolu sayılıb. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkan yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Muzey Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında inşa olunmuş muzey binası səkkizguşəlidir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr, eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir.
Diqqətə çatdırılıb ki, Dövlət Bayrağı Muzeyinin fondunda 166 eksponat mövcuddur. Bunlardan 134-ü ekspozisiya zalında nümayiş etdirilir. Muzeydə olan Naxçıvan xanlığının dövlət və döyüş bayraqları ən dəyərli eksponatlar sırasındadır. Bununla yanaşı, üçrəngli dövlət bayrağı, 1922-1981-ci illər arasında SSRİ dövründə qəbul edilmiş Naxçıvan bayraqları, Naxçıvan xanlığının döyüş və dövlət bayraqları, Kəngərli süvari dəstəsinin döyüş bayrağı da ekspozisiya zalında sərgilənən eksponatlar arasında yer alıb. Burada Eldənizlər dövlətinin bayrağının, Naxçıvan Bəy Drujinasının döyüş və fəxri bayraqlarının, Naxçıvan Qəzasının gerbinin, Naxçıvan xanlarının gerbinin fotosurətləri də sərgilənir. 1990-cı il noyabrın 17-də Naxçıvanda dövlət bayrağının qəbul olunması haqqında qərarın və qəbul olunan üçrəngli dövlət bayrağının fotosurətləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin qərarı oxuyarkən çəkilmiş fotoşəkli, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından Naxçıvan Muxtar Dövlətinin rəmzləri haqqında çıxarışın fotosurəti də ziyarətçilərin diqqətini cəlb edir. Naxçıvanda Eldənizlər, Elxanilər və Səfəvilər dövründə zərb olunmuş və pul dövriyyəsində işlədilmiş qədim sikkə nümunələri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati xəritələri, Eldənizlər Dövləti, Naxçıvan xanlığı, Naxçıvan SSR, Naxçıvan Ölkəsi və Naxçıvan Araz-Türk Respublikasının xəritələri muzeyin eksponatları sırasındadır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.