12 iyul 2026 08:15
126

Zəfərdən quruculuğa: Azad edilmiş ərazilərdə yeni həyat başlayır

İndi elə ay olmur ki, qrup-qrup şəklində keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmasın. Elə olur ki, hər həftə, hər ay, hər gün. Bundan sonra bu proses daha geniş vüsət alacaq.

Bu fikirləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə səsləndirib. 

Prezidentin sözlərinə görə, hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır: “Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altında idi, insanlarımızın böyük hissəsi qaçqın-köçkün şəraitində yaşayırdı, ancaq bizim iradəmiz sınmadı. İnanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqlara torpaqların sahibləri kimi qayıdacağıq. Buna nail olmaq üçün əlbəttə ki, bütün xalq birləşməli idi və birləşdi də. İkinci Qarabağ müharibəsi bunu əyani şəkildə bütün dünyaya göstərdi.” Dövlətimizin başçısı, həmçinin bildirib ki, bu gün azad edilmiş torpaqlarda 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır və artacaq. Artıq bu artım özünü göstərməkdədir. Belə ki, iyulun 8-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə ilk köç baş tutub. İlkin mərhələdə kəndə 51 nəfərdən ibarət 15 ailə köçürülüb. Elə həmin gün Xocavənd rayonunun Güneyxırman kəndi 18 ailəyə (72 nəfər), Quzeyxırman kəndi isə 21 ailəyə (87 nəfər) qucaq açıb. İyulun 7-də isə Xocavənd şəhərinə 41 ailə olmaqla, 163 nəfər, iyulun 6-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə olmaqla, 223 nəfər köçürülüb. Bu mənada dövlətimiz hər bir məcburi köçkünə sevinc yaşadır desək, yanılmarıq.Onların hər biri bu inkişafa öz töhfəsini vermək niyyətindədir. Bu faktlar “Böyük Qayıdış” Proqramının  uğurla icra edilməsini bir daha sübut edir. Şübhəsiz, bu proses bundan sonra da daha geniş vüsət alacaq. 

Həmin şəxslərin işlə təminatı da diqqət mərkəzindədir. Elə bu səbəbdən dövlət siyasətində məşğulluq məsələsinə xüsusi önəm verilir. Yeri gəlmişkən qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən proqramlar nəticəsində 2026-cı ilin iyun ayına qədər işğaldan azad olunmuş ərazilərdə məskunlaşan 12 mindən artıq iqtisadi fəal şəxsdən 10,8 min nəfərinin məşğulluğu təmin olunub. Əlavə olaraq 1300 nəfərə yaxın şəxsin də işlə təmin edilməsi istiqamətində iş aparılır.

Bəli, ərazilərimizi azad etdikdən dərhal sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa və yenidənqurma proqramına başlanıldı. İndiyədək həmin ərazilərdə dünyanı heyrətə gətirən işlər görülüb və görülməkdədir. Qeyd edək ki, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”