13 oktyabr 2026 18:00
144

Azərbaycana dini-ideoloji hücumun GİZLİ ŞİFRƏLƏRİ - ŞƏRH

Ölkəmizi kimlər və niyə, nə üçün məhz indiki məqamda hədəf alır?

Azərbaycan dünyəvi dövlətçilik ənənələri ilə İslam dəyərlərini uğurla uzlaşdıran  və bu sahədə müsəlman dünyasında nadir model formalaşdıran ölkədir. Azərbaycan Bayrağındakı yaşıl rəng məhz  İslam dinini və xalqın İslam sivilizasiyasına mənsubluğunu simvolizə edir. Yaşıl rəng dövlət Bayrağının fəlsəfi əsasını təşkil edən ideoloji konsepsiyasının ayrılmaz bir hissəsi kimi cəmiyyətin, xalqımızın öz milli-mənəvi və dini dəyərlərinə tarixi bağlılığını ifadə edir. Azərbaycan dövlətçilik modelində də tarixi varisliyi qoruyub saxlayır və  bu bizim unikal milli dəyərimizdir.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti İslam aləmində dinin dövlətdən ayrı olduğu, demokratik təsisatların qurulduğu ilk dünyəvi respublika olmuşdur. Bu gün bu tarixi varislik davam edir.  Azərbaycan Respublikası Konstitusiyasının 7-ci və 18-ci maddələri dövlətin dünyəvi xarakterini, dinin dövlətdən ayrı olmasını və təhsilin dünyəviliyini təsbit edir. Dünyəvi dövlət olmasına baxmayaraq, Azərbaycan İslam irsinə milli kimliyin tərkib hissəsi kimi yanaşır. Şamaxı Cümə məscidi, Bibiheybət, Təzəpir kimi tarixi dini abidələr bərpa olunur, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə ənənəvi dini icmalara maliyyə dəstəyi göstərilir. Bu yanaşma dinin kənar dairələr tərəfindən siyasiləşdirilməsinin qarşısını alır, din xadimlərinin radikalizmə qarşı milli maraqlar çərçivəsində fəaliyyətini stimullaşdırır.

Bu gün fərqli regionlarda müharibələrin, qarşıdurmaların və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasi kursun sayəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaratdı;Bu gün Azərbaycan regionda yeni reallığı formalaşdıran orta güc, beynəlxalq aləmin diqqət mərkəzində olan aktual məsələlərin müzakirə olunduğu mühüm platforma, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində uzlaşdırıcı və barışdırıcı missiya yerinə yetirən ölkə hesab olunur. Böyük iqtisadi potensial, fəal xarici  siyasət, cəmiyyətimizdə mövcud olan birlik və həmrəylik sayəsində ölkəmizdə bütün daxili risklər aradan qaldırılıb. Hazırda aktual məsələlərdən biri  xaricdən gələn risklərə qarşı cəmiyyətimizin güclü immunitetinin  formalaşmasıdır.

Sirr deyil ki, məlum xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Ardıcıl dini təbliğat, müxtəlif təsir və təzyiq metodlarından istifadə yolu ilə məzhəblərarası ziddiyyətlərin yaradılması, vətəndaşların radikal dini cərəyanlara cəlb edilməsi, uşaqların və gənclərin dünyagörüşünün dini doqmalar əsasında formalaşdırılması və digər istiqamətlər üzrə fəaliyyət də bu məqsədə xidmət edir.

Hazırda bəzi qonşu ölkələrdə baş örtüsü (hicab) məsələsi süni şəkildə qabardılaraq “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının  Qanununda edilmiş dəyişikliklərə qarşı həyata keçirilən kampaniyanın başlıca aktorları da bu mərkəzlər və onların idarə etdiyi resurslardır. Prezident İlham Əliyev xarici mərkəzlərin Azərbaycana qarşı ideoloji təxribatlarının əsas məqsədləri barədə bildirib: “Birliyimizi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”.

Azərbaycanda yaradılan unikal mənəvi-dini həmrəylik modeli kimləri narahat edir?

Siyasi şərhçi, Azərbaycan Milli QHT Forumu İdarə Heytəinin üzvü Zaur İbrahimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, İslam dünyasında ciddi problemlərdən olan məzhəb qarşıdurmalarından fərqli olaraq, Azərbaycanda, xüsusilə, Heydər Məscidində ənənə halını almış) sünni və şiə məzhəbindən olan vətəndaşların birlikdə “Vəhdət namazı” qılması nadir və mütərəqqi faktdır. Bu, dini zəmində qütbləşməni istisna edən unikal həmrəylik modelidir: “Bu model Azərbaycanı həm dini siyasiləşdirən, həm də dini ictimai həyatdan tamamilə sıxışdıran sərt dünyəvilik təcrübələrindən fərqləndirir. Milli-mənəvi və dini dəyərlər isə cəmiyyətin əxlaq, həmrəylik mənbəyi kimi mühafizə olunur. Azərbaycanın bu uğurlu modeli öz dini-ideoloji konsepsiyalarını, baxışlarını ixrac etməyə, dindən siyasi məqsədlər üçün istifadə etməyə, ölkəmizə təsir imkanları əldə etməyə çalışan xarici qüvvələri ciddi narahat edir. Məzhəb nifaqı, ayrı-seçkilik sala bilməyən qüvvələr, fərqli metodlarla çıxış edirlər, dini xurafat yaymaq, ölkəmizin dünyəvi və dini dəyələri uzlaşdıram modelini gözdən salmaq, guya dinə qarşı addımlar atıldığı təəssüratı yaratmağa çalışırlar”

Siyasi şərhçi qeyd etdi ki, məktəblərdə vahid geyim qaydasının tətbiqi dünyəvi dövlətlərin əsas pedaqoji və sosial prinsiplərindən biridir: “Dövlətin vəzifəsi məktəbi ideoloji təbliğat məkanı olmaqdan qorumaqdır. Məktəb  elm ocağı kimi qorunmalıdır.  Lakin siyasi İslamı ixrac etməyə çalışan mərkəzlər bunu qəsdən “dinə hücum” və ya “hicab qadağası” kimi qabardaraq ictimai rəydə süni bir aqressiya formalaşdırmağa çalışırlar. Ali təhsil müəssisələrində, dövlət sektorunda və gündəlik həyatda hicaba heç bir məhdudiyyətin olmaması bu kampaniyanın tamamilə qarayaxma və manipulyasiya olduğunu sübut edir”.

Ölkəmizə necə hücum edirlər?

Z.İbrahimli qeyd etdi ki, Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanda milli birliyi daha da gücləndirdi. Xarici maraqlı qüvvələr yaxşı dərk edirlər ki, bu cür həmrəyliyə malik cəmiyyətə xaricdən hərbi və ya siyasi təzyiq etmək mümkün deyil. Buna görə də ən həssas nöqtə olan din və inanc vasitəsilə cəmiyyətin daxilinə “ideoloji viruslar” buraxılır. Məqsəd vətəndaşı öz dövlətinə qarşı qoymaq, dövlətin  isə inanca qarşı savaşdığını yalandan göstərməkdir: “ Böyük maliyyə vəsaitləri hesabına idarə olunan bu şəbəkələr  müasir üsullardan, sosial şəbəkələrdən, xüsusi alqoritmlərdən istifadə edirlər. Minlərlə saxta, və ya xaricdən idarə olunan profil vasitəsilə eyni anda eyni tezislər, məsələn “Hicab qadağan oldu”  kimi saxta xəbərlər  tirajlanır. Nəticədə bəzi sadə, dindar vətəndaşlar bu süni ajiotaja inanaraq emosional reaksiyalar verir və özləri də bilmədən prosesin iştirakçısına çevrilirlər. Amma dərk etməliyik ki, sosial şəbəkədəki bu çağırışlar səmimi inancdan yox, kəşfiyyat mərkəzlərinin planlarından qaynaqlanır. Biz Birinci və İkinci Qarabağ müharibələri ilə torpağımızı qoruduq, bu mübarziədə isə dövlətçiliyimizi, müstəqilliyimizi və milli inkiaf modelimizi, dəyələrimizi, özümüzəxas dini dünyagörüşümüzü, dəyələr sistemimizi qoruyuruq”. 

Siyasi şərhçinin sözlərinə görə, ölkəmizə qarşı informasiya və ideoloji cəbhədə aparılan bu məqsədyönlü hücumların məhz indiki tarixi mərhələdə intensivləşməsi əsla təsadüf deyil: “Azərbaycan hazırda geostrateji və iqtisadi baxımdan öz tarixinin ən güclü dövrlərindən birini yaşayır. Dövlətimiz Avrasiyanın əsas nəqliyyat-logistika arxitekturasının formalaşdığı mərkəzə, qlobal ticarət yollarının, xüsusilə Orta Dəhlizin ən mühüm qovşağına,  əsas tranzit habına çevrilmişdir. Eyni zamanda, Ermənistanla sülh danışıqlarının həlledici mərhələyə qədəm qoyması Cənubi Qafqazda kənar diktələrdən uzaq, yeni və müstəqil təhlükəsizlik mühiti formalaşdırır”.

Azərbaycan niyə indi hədəf seçilib?

Z.İbrahimli vurğuladı ki, bütün bu proseslər qlobal gərginliyin  pik həddə çatdığı, böyük güclərin toqquşduğu iki nəhəng böhran ocağının-Rusiya-Ukrayna və Yaxın Şərq (o cümlədən ABŞ-İran xəttindəki gərginlik) müharibələrinin kəsişməsində baş verir: “Bu mürəkkəb xaosun mərkəzində olmasına baxmayaraq, Azərbaycan öz müstəqil mövqeyini nəinki qoruyur, hətta tərəfdaşlıq coğrafiyasını daha da genişləndirir: Avropa İttifaqı ilə əməkdaşlıq yeni, strateji müstəviyə keçir, ABŞ və Çin kimi qlobal güclərlə siyasi-iqtisadi əlaqələr dərinləşir. Öz tarixi və mədəni köklərinə söykənən Azərbaycan, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə üzv qəbul edilməklə tarixi bir nailiyyətə imza atıb. Türkiyə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr və Gürcüstanla genişlənən hərbi-strateji ittifaqlar ölkəmizin müdafiə və çəkindirici qüdrətini misilsiz dərəcədə artırır”.

Siyasi şərhçinin qənaətincə, məhz belə bir tarixi yüksəliş mərhələsində ölkəmizə qarşı total informasiya və manipulyasiya hücumunun başlaması böyük bir ssenarinin tərkib hissəsidir: “Məqsəd aydındır: Azərbaycanın artan qlobal ambisiyalarını məhdudlaşdırmaq, bölgədəki həlledici rolunu zəiflətmək, müstəqil siyasətini əngəlləmək və onu kənar güclərin təsir dairəsinə salmaq. Çünki güclü, milli birliyi sarsılmaz olan, resurslarını və geosiyasi mövqeyini ancaq öz xalqının maraqlarına xidmət etdirən müstəqil Azərbaycan bəzi beynəlxalq mərkəzlərin imperiya maraqlarına qətiyyən uyğun gəlmir. Dini xurafatın yayılması və ya ictimai rəydə süni ixtilafların yaradılması cəhdləri bu böyük, məkrli strategiyanın sadəcə alətlərindən biridir. Buna görə də qlobal informasiya məkanında gedən bu “görünməz müharibənin” mahiyyətini dərk etmək hər bir vətəndaşın borcudur. Sosial şəbəkələrdə, mediada bu cür qarayaxma kampaniyalarını, təxribat xarakterli xəbərləri izləyərkən hər kəs tənqidi təfəkkürünü işə salmalı və özünə bu sualı verməlidir: “Bu ssenarinin arxasında kim dayanır və bundan hansı xarici güc qazanır?”

Başqalarının oyununda oyuncaq olmayaq

Z.İbrahimli onu da qeyd etdi ki, biz xarici rejissorların qurduğu tamaşalarda oyuncaq, kimlərinsə təsir rıçağı olmamalı, dövlətimizin siyasətinə, milli birliyimizə inanmalı və güvənməliyik: “Vətən müharibəsində “Dəmir yumruq” ətrafında birləşərək torpaqlarımızı azad etdiyimiz kimi, informasiya və ideologiya cəbhəsində də vahid mövqedən çıxış etməliyik. Əminliklə demək olar ki, milli həmrəyliyimizi və birliyimizi bundan sonra da qorumaqla, Qarabağ Zəfəri kimi dövlətçiliyimizin əbədiliyini təmin edən növbəti böyük Qələbələr də məhz bizim olacaqdır!”.

Zahid Rza, “İki sahil”