Azərbaycanın 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatları ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra həm ayrı-ayrı dövlətlər, həm də bəzi qurumlar tərəfindən tənqid və təzyiqlərə məruz qalması faktdır. Belə ki, onlar Ermənistanın siyasi manipulyasiyalarına uyaraq ölkəmiz haqqında əsası olmayan bəyanatlar verməkdə, arzuolunmaz fikirlər səsləndirməkdədirlər. Şübhəsiz, bu, hər şeydən əvvəl onların ölkəmizin Qələbəsini həzm edə bilməmələrindən irəli gəlir. Bütün bunlara rəğmən Azərbaycan öz müstəqil siyasətini uğurla həyata keçirməkdədir.
Bu gün ölkəmizin Avropa İttifaqına üzv dövlətlərin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələri, müqavilələr var. Hətta son illər ölkəmiz iki supergüclə - Çin və Amerika ilə də strateji tərəfdaşlıq münasibətləri qurub. Bu, heç də təsadüfi deyil. Azərbaycanın belə münasibətlər qurması həm də ölkəmizin beynəlxalq aləmdə qazandığı etimadın, artan siyasi çəkisinin və nüfuzunun göstəricisidir. Azərbaycan öz xarici siyasətində heç bir güc mərkəzinin qarşısında öhdəlik götürmədən, milli maraqlarını əsas tutaraq müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurur. Azərbaycan yalnız öz regionunda deyil, daha geniş coğrafiyada proseslərə təsir imkanları olan dövlət kimi qəbul edilir.
Şübhəsiz, bu tərəfdaşlığın əsasını həmin ölkələrin Azərbaycana olan inamı təşkil edir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir: “Nəyi deyiriksə, onun üstündə dururuq. Heç vaxt ikibaşlı oyun oynamamışıq”. Bu aspektdə çıxışını davam etdirən dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, siyasətimizi də ləyaqətlə aparırıq. Odur ki, ölkəmizə böyük inam var. Azərbaycanın investisiya cəlbediciliyi də bu etimadın mühüm göstəricilərindəndir. Bir fakta da müraciət edək. Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib - bu il və keçən ilin sentyabr aylarında. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur. Bu mənada demək olar ki, Azərbaycan dünyanın əksər ölkələri tərəfindən etibarlı tərəfdaş, yüksək inam bəslənilən dövləti olaraq tanınır. Bunun da səbəbi dövlət başçısı İlham Əliyevin düşünülmüş, müdrik siyasət aparmasıdır. Məhz bu siyasət nəticəsində Azərbaycan mürəkkəb geosiyasi şəraitdə öz müstəqil mövqeyini qoruyub saxlamaqla yanaşı, beynəlxalq münasibətlər sistemində çəkisini də ildən-ilə artırır.
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi də xüsusi diqqətəlayiqdir. Ölkəmizin son illər İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) tamhüquqlu üzvü olması və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatında tam iştirak imkanlarının əldə edilməsi də Azərbaycanın regional əməkdaşlıq coğrafiyasını genişləndirən mühüm addımlardır. Bu proseslər ölkəmizin Türk dünyası ilə əlaqələrinin möhkəmlənməsinə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına, eyni zamanda, Cənubi Qafqazla Mərkəzi Asiya arasında iqtisadi və siyasi əlaqələrin dərinləşməsinə yeni imkanlar yaradır. Azərbaycan artıq yalnız coğrafi baxımdan iki region arasında yerləşən ölkə deyil, həm də bu regionları bir-birinə bağlayan mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən biridir.
Bütün bunlar göstərir ki, Azərbaycanın artan beynəlxalq nüfuzu təsadüfi amillərlə deyil, konkret siyasi və iqtisadi nailiyyətlərlə şərtlənir. Əlbəttə, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən, onun uğurlarına kölgə salmağa çalışan dairələr bundan sonra da mövcud ola bilər. Lakin belə yanaşmalar Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını, etibarlı tərəfdaş kimi qazandığı mövqeyi və dövlətlərarası münasibətlərdə artan rolunu kölgədə qoya bilməz. Çünki beynəlxalq münasibətlərdə uzunmüddətli etimadı bəyanatlardan daha çox əməli fəaliyyət, konkret nəticələr və ardıcıl siyasət formalaşdırır.
Qvami Məhəbbətoğlu, “İki sahil”