2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində İlham Əliyevin qələbəsi müasir dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu
Həmin il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev xalqa müraciət edərək İlham Əliyevi özünün siyasi varisi kimi təqdim etmiş, onun yüksək intellektə, praqmatik təfəkkürə, müasir dünya siyasəti və iqtisadiyyatına dərindən bələd olan təşəbbüskar bir lider olduğunu vurğulamışdı. Ümummilli Lider əminliklə bildirmişdi ki, yarımçıq qalmış taleyüklü planlar xalqın dəstəyi ilə məhz İlham Əliyev tərəfindən uğurla başa çatdırılacaqdır. Xalq bu çağırışa yekdilliklə səs verərək seçicilərin 76 faizindən çoxunun dəstəyi ilə sülh, sabitlik, quruculuq və inkişaf yolunu seçdi. İlk addımlarından etibarən "Mən hər bir azərbaycanlının prezidenti olacağam!" deyən dövlət başçısı milli maraqları əsas götürərək ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyacağına söz verdi. Nümayiş etdirilən qətiyyətli idarəçilik kursu xalqın öz rəhbərinə olan inamını daha da gücləndirdi və bu səbəbdən 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən seçkilərdə də böyük qələbələr təmin olundu.

2003-2026-cı illəri əhatə edən dövr ölkəmizin tarixinə hərtərəfli yüksəliş mərhələsi kimi həkk olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi, hərbi və diplomatik nüfuzu misilsiz səviyyəyə yüksəlib. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik bacarığı sayəsində böyük Qələbə ilə nəticələndi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız cəmi 44 gün ərzində azad edildi, Şuşanın fəthi isə tariximizə Zəfər Günü kimi yazıldı. Bununla da BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələri Azərbaycan tərəfindən təkbaşına icra olundu. Müharibə dövründə ölkə rəhbərinin xarici kütləvi informasiya vasitələrinə verdiyi 30-dan çox müsahibə informasiya cəbhəsində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Müharibədən sonra Qarabağda yaşayan ermənilərin sivil reinteqrasiyası üçün Bakının göstərdiyi bütün humanist addımlara, dəfələrlə edilən danışıqlar təklifinə qarşı tərəfin hərbi təxribatlarla cavab verməsi adekvat addımların atılmasını zəruri etdi. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat 43 dəqiqə davam edən lokal antiterror əməliyyatı İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərin məntiqi yekunu oldu. Həyata keçirilən operativ tədbirlər nəticəsində separatçı rejim təslim oldu, qanunsuz hərbi birləşmələr tərksilah edilərək bölgədən çıxarıldı. Ağır müharibə cinayətlərində və etnik qarşıdurmada təqsirli bilinən xunta rəhbərlərinin həbs edilərək Bakıya gətirilməsi hüququn aliliyinin və tarixi ədalətin təntənəsi oldu.
Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamı ilə sentyabrın 20-nin “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” elan edilməsi ölkəmiz üçün mühüm siyasi və təbliğati əhəmiyyətə malikdir. Bu Sərəncam uğurla gerçəkləşdirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılmış uğurların miqyasını göstərir. Beləliklə, 2020-ci ildə başayan İkinci Qarabağ - Vətən müharibəsindən sonra, 2023-cü ilin 15 oktyabr günü hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə bitdi. Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdıqdan sonra doğma xalqımıza müraciəti 20 il bundan əvvəl Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi bir daha Qələbəmizə öz möhürünü vurmuş oldu. Azərbaycanın Xankəndi də daxil olmaqla, suverenliyini bərpa etdiyi tarixi ərazilərində reallaşdırdığı genişmiqyaslı abadlıq-quruculuq işləri, Qarabağ Universitetinin fəaliyyətə başlaması, keçmiş məcburi köşkünlərin yurdlarına qayıtmaları revanş xülyasından əl çəkməyən Ermənistanın müəyyən hərbi-siyasi dairələrinə “gözdağı” və sərt mesaj oldu.
Qələbəmizdən ötən 6 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən müstəqil, çoxvektorlu və hücum xarakterli xarici siyasət nəticəsində bu gün Azərbaycanı regionun şəriksiz lideri və qlobal müstəvidə söz sahibi olan etibarlı tərəfdaşdır. Belə ki, Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Avropa ilə bağlayan Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Ölkəmiz Avrasiya nəqliyyat xəritəsində əvəzedilməz hab mövqeyini möhkəmləndirib. Bakı Avropa İttifaqının tərəfdaşı kimi yalnız ənənəvi təbii qaz təminatında deyil, həm də Bərpa Olunan Enerji (BOE) sahəsində strateji oyunçuya çevrilib. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiya yaşıl enerjisinin Xəzər və Azərbaycan vasitəsilə Avropaya nəqli layihəsi cari ildə diplomatik və praktiki baxımdan ən mühüm nailiyyətlərdən birinə çevrilərək Avropanın enerji xəritəsini yeniden müəyyənləşdirir.
Türk Dövlətləri Təşkilatının (TDT) hərbi, iqtisadi və siyasi platformaya çevrilməsində Prezident İlham Əliyevin təşəbbüsləri müstəsna rol oynayır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurası formatında tamhüquqlu və fəal iştirakı (C5+1 çərçivəsində), Mərkəzi Asiya və Cənubi Qafqazın vahid geoiqtisadi məkan kimi formalaşdırılmasına gətirib çıxarıb. Qələbədən keçən 6 ilin və xüsusilə cari ilin əsas diplomatik yekununa nəzər salsaq görərik ki, Azərbaycan artıq təkcə regional problemləri təkbaşına həll edən ölkə deyil, həm də mərkəzi geoiqtisadi qərarların qəbul olunduğu, Avrasiyanın təhlükəsizlik və logistika arxitekturasını formalaşdıran qlobal aktor kimi qəbul olunur. Əldə olunan bu möhtəşəm və tarixi uğurların hər biri məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin parlaq zəkası, dəmir iradəsi, uzaqgörən siyasi strategiyası və misilsiz diplomatik məharətinin nəticəsidir. Müasir Azərbaycanın qazandığı hər bir qələbə, ucalan hər bir Bayraq, azad edilən hər qarış torpaq və bərpa olunan milli qürurumuz məhz Prezident İlham Əliyevin adı və misilsiz xidmətləri ilə bağlıdır. O, xalqına verdiyi hər bir vədi tutan, adını tariximizə Qalib Lider və Xilaskar kimi qızıl hərflərlə yazdıran dövlət xadimidir.
Sevinc Azadi, “İki sahil”
Kamaləddin Qafarov: Azərbaycanın təcrübəsi tərəfdaş dövlətlər üçün çox faydalı ola bilər