Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” simfonik konserti keçirilib.
“İki sahil” xəbər verir ki, konsert proqramı başlamadan öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
Sonra mədəniyyət naziri Anar Kərimov çıxış edib.

Nazir çıxışında bildirib ki, Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçiriləcək. O, "Qarabağ Azərbaycandır" simfonik konsertinin həmin silsilə tədbirlərdən biri olduğunu vurğulayıb: "Azərbaycan dövlətçiliyinin tarixinə bu günlər qızıl hərflə həkk olunub. Buna görə, Ali Baş Komandana, Azərbaycan ordusuna təşəkkürümüzü bildiririk".

Sonra Azərbaycan bəstəkarlarının Zəfər Gününə həsr olunan əsərləri ifa olunub.
Qeyd edək ki, konsert Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı və Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə baş tutub.