YAP Səbail rayon “Azneft” İB ərazi ilk partiya təşkilatının hesabat-seçki iclası keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin SOCAR-ın “Azneft” İB-nin inzibati binasındakı büstü önünə çiçəklər qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevin, həmçinin Vətən müharibəsi şəhidlərinin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
“Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov çıxış edərək nəinki Azərbaycanın, regionun ən böyük siyasi təşkilatı olan YAP-ın ötən 29 ildə zəngin və şərəfli inkişaf dövrü keçdiyini bildirib: “Bu gün YAP cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Hesab edirəm ki, son dövrlərdə partiyanın mərkəzi aparatı, eyni zamanda rayon təşkilatlarında müşahidə olunan dəyişikliklər, kadr islahatları, yeni təyinatlar bunun bariz nümunəsidir. Şübhəsiz ki, bütün bu dəyişikliklər partiyanın yenilənməsi, müasirləşməsinə mühüm töhfələr verəcək”.
Şahmar Hüseynov vurğulayıb ki, SOCAR-ın ən böyük struktur vahidi olan “Azneft” İB ölkə iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına öz mühüm töhfələrini verir: “Uğurlu istehsalat fəaliyyəti ilə yanaşı, “Azneft” İstehsalat Birliyi ictimai-siyasi, sosial-mədəni tədbirlərdə də yaxından iştirak edir. 2007-ci ildə Birliyimizdə təsis edilən və hazırda 205 üzvü olan YAP Səbail rayon ərazi ilk partiya təşkilatının üzvləri siyasi kampaniyalarda, o cümlədən prezident, parlament və bələdiyyə seçkilərində yaxında iştirak edir, seçki məntəqələrində YAP-ı təmsil edərək mühüm funksiyaları yerinə yetirirlər. Hazırda “Azneft” İstehsalat Birliyinin 5 minə yaxın əməkdaşı Yeni Azərbaycan Partiyasının üzvüdür”.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, “Azneft” İB üzrə YAP ərazi ilk partiya təşkilatının sədri İkram Qurbanov çıxış edərək partiyanın əldə etdiyi uğurlardan, hesabat dövründə görülən işlərdən danışıblar.
Sonda təşkilati məsələlərə baxılıb, İkram Qurbanov ilk partiya təşkilatının sədri, Vüsal Mikayılov isə sədr müavini seçilib.