09 dekabr 2021 19:00
786

Ulu Öndər müasir müstəqil Azərbaycan dövlətinin memarıdır FOTO

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov və  Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, millət vəkili, Şahin İsmayılovun iştirakı ilə  görüş keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

İclası giriş sözü ilə açan Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, bugünlərdə biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin  əziz xatirəsini yad edirik: “Əslində, Ulu Öndər hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaldıb ki, Onun xatirəsi daim ürəklərdə yaşayır. Ulu Öndəri hər gün dərin minnətdarlıq hissi ilə anırıq. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb”.

Millət vəkili Sadiq Qurbanov çıxışında dahi şəxsiyyət Heydər Əliyevin   dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərini qeyd edib.  O, vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Millət vəkili ulu öndər Heydər Əliyev siyasətinin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra çıxış edən millət vəkili Şahin İsmayılov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. O, qeyd edib ki, nə qədərki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndər ürəklərdə yaşayacaq.

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədr müavini Tamilla Naibova çıxış edərək Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib.