18 yanvar 2022 11:07
414

20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir FOTO

Astarada  Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” adlı  tarix dərsi Heydər Əliyev Mərkəzinin,  rayonda fəaliyyət göstərən N. Gəncəvi adına Şiyəkəran kənd 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə  başa gəldi. Tarixi dərsin əvvəlində  bütün  Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi,  Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda film nümayiş olundu.

Mərkəzin direktoru Kübra Səmədova  bildirib ki, 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 32 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmışdı . Həmin gün  böyük bir millətin  azadlıq arzularını  təcəssüm etdirir.

Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Elza  Kazımova “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” mövzusunda məruzə ilə çıxış edib: “20 Yanvar hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eyni zamanda bu tarix Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.  20 Yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan  bir xalqın azadlıq səsini  bütün dünyaya çatdırmaq üçün ucaltdı.  Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi Liderin yoxluğunu da bütün mahiyyəti ilə dərk etdi. Amma Bakıda olmasa da,  xalqının səsinə hər kəsdən əvvəl səs verən  Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı,  çətin günlərdə atasını bir an belə tək qoymayan cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənlərə, şəxsən M. S.  Qorbaçova öz kəskin ittihamı bildirdi və qoşunun  tezliklə Bakıdan çıxarmasını tələb etdi.

Qanlı 20 Yanvar hadisələrinin 32-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti , xalqımızın vəhdəti və  Şanlı ordumuzun rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman Vətən oğlanların   qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini böyük  ehtiram əlaməti  olaraq həmişə uca tutur.”

Daha sonra  Astara rayon N. Gəncəvi adına Şiyəkəran kənd 1 saylı tam orta məktəbinin tarix müəllimi Qədir Mirzəyev, şagirdlər Nigar Məmmədova və Dilbər Rzayeva mövzu ətrafında  öz  çıxışlarında vurğuladılar  ki, 20 Yanvar qırğınları ən qədər faciəli olsa da, həmin qanlı gün  xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.   Öz millətinin   şərəf və ləyaqətini canlardan əziz tutan Vətən övladların xatirəsi əbədi qəlbimizdə yaşayacaq...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü