02 sentyabr 2026 15:30
200

Səhiyyə sektorunda keyfiyyət dəyişimi: YENİ ƏMƏKHAQQI İSLAHATI

Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsindəki fəaliyyəti, onun təşəbbüsü ilə reallaşan sistemli addımlar təkcə inzibati və ya təşkilati dəstəklə məhdudlaşmır, həm də dərin humanizm və sosial məsuliyyət prinsiplərinə söykənir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasətin başlıca prioritetlərindən biri səhiyyə sisteminin əhalinin sağlamlığının qorunmasında rolunun daha da gücləndirilməsi, bu sistemin qabaqcıl dünya təcrübəsi əsasında daha təkmil, çevik və səmərəli mexanizmlər üzərində qurulmasıdır. Bu siyasətin ardıcıl icrası, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyənin inkişafına xüsusi diqqəti sayəsində tibb infrastrukturunun müasir tələblərə uyğun modernləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətlərində mühüm nailiyyətlər əldə olunub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. İcbari Tibbi Sığortanın (İTS) ölkə miqyasında tətbiqi, TƏBİB-in fəaliyyəti və dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin mütəmadi artırılması bu sahədə keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. 2021-ci ildən etibarən icbari tibbi sığortanın tətbiqi ölkənin bütün ərazisini və əhalisini əhatə edir. Vətəndaşlar İTS hesabına 3 000-dən çox tibbi xidmətdən (ilkin səhiyyə, təcili yardım, laborator analizlər, rentgen/MRT/KT müayinələri, stasionar müalicə və mürəkkəb cərrahi əməliyyatlar) ödənişsiz yararlana bilirlər. Xidmətlər TƏBİB-in tabeliyində olan dövlət xəstəxanalarında, eləcə də dövlət müəssisələrində imkan olmadıqda müqaviləli özəl tibb müəssisələrində pulsuz göstərilir. Həmçinin, işləməyən əhali qrupunun (uşaqlar, tələbələr, təqaüdçülər, işsizlər və s.) sığorta haqqı dövlət büdcəsi tərəfindən ödənilir.

Dövlətin prioritet elan etdiyi sahələrdən olan səhiyyə sistemində əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun artırılması üçün atılan addımlar, aparılan islahatlar davamlı xarakter daşıyır. Belə ki, TƏBİB sistemində çalışan 72 212 nəfər tibb işçisini əhatə edən və 1 sentyabr 2026-cı ildən tətbiqinə başlanılan yeni əməkhaqqı islahatı Azərbaycan dövlətinin insan kapitalına, sosial rifaha və səhiyyə sektorunun keyfiyyətcə yeni mərhələyə keçidinə verdiyi böyük dəyərin növbəti bariz nümunəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan bu sistemli addım tibb personalının sosial müdafiəsini möhkəmləndirməklə yanaşı, səhiyyədə keyfiyyət dəyişikliyini stimullaşdıracaq. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Qeyd edək ki, əməkhaqqı islahatının əhatə edəcəyi şəxslərdən 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq. Həmçinin regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək və bu da 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq (artım 950 manat və ya 66 faiz). Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq (artım 800 manat və ya 55 faiz). Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir. Yeni islahatla 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək.

Onu da qeyd edək ki, Mehriban xanım Əliyevanın səhiyyəyə dövlət qayğısı çərçivəsindəki fəaliyyəti əsasən bir neçə strateji istiqaməti əhatə edir. Heydər Əliyev Fondunun xətti ilə ölkə miqyasında müasir tibb müəssisələrinin tikintisi və əsaslı təmiri həyata keçirilib. Bakıda və regionlarda Talassemiya Mərkəzi, Müasir Stomatoloji Mərkəz, eləcə də uşaqlar üçün reabilitasiya və müalicə müəssisələri qurularaq son texnologiyalarla təchiz edilib. Fiziki imkanları məhdud olan, uşaq evlərində böyüyən və xüsusi qayğıya ehtiyacı olan uşaqların müayinə və müalicəsi mütəmadi olaraq nəzarətdə saxlanılır. Həmçinin, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan və icra olunan sosial-tibbi proqramlar minlərlə insanın həyatını xilas edib. "Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin pulsuz müalicəsi, donorluq hərəkatının genişləndirilməsi və sümük iliyi transplantasiyasının Azərbaycanda reallaşdırılması təmin olunub. Şəkərli diabetdən əziyyət çəkən uşaqların insulin və tibbi ləvazimatlarla pulsuz təminatı, eləcə də onkoloji xəstəliklərin erkən diaqnostikası istiqamətində layihələr həyata keçirilib. Yüzlərlə anadangəlmə ürək qüsuru olan uşaq Fondun dəstəyi ilə həm ölkə daxilində, həm də xaricdə uğurla əməliyyat olunub. Eləcə də, 44 günlük Vətən müharibəsindən sonra Birinci vitse-prezidentin rəhbərliyi ilə qazilərin və şəhid ailələrinin tibbi reabilitasiyası istiqamətində genişmiqyaslı işlər görülüb.

Mehriban xanım Əliyevanın fəaliyyətində səhiyyə sisteminin əsas dayaq nöqtəsi olan tibb heyətinin sosial rifahı və əməyinin qiymətləndirilməsi də müstəsna əhəmiyyət kəsb edir: Səhiyyə işçilərinin iş şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində qəbul edilən qərarlarda və islahatlarda onun təşəbbüsləri xüsusi rol oynayır. TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatının reallaşdırılması, ilkin səhiyyə və stasionar sahədə çalışan həkimlərin və orta tibb heyətinin maaşlarının ciddi şəkildə artırılması bu qayğının bariz təzahürüdür.

Göründüyü kimi, Mehriban xanım Əliyevanın səhiyyə sahəsindəki fəaliyyəti təkcə inzibati və ya təşkilati dəstəklə məhdudlaşmır, dərin humanizm və sosial məsuliyyət prinsiplərinə söykənir. Onun təşəbbüsləri sayəsində Azərbaycan səhiyyəsi həm maddi-texniki, həm də kadr potensialı baxımından müasir beynəlxalq standartlara inteqrasiya edir, vətəndaşların keyfiyyətli tibbi xidmətə əlçatanlığı yüksəlir.

Sevinc Azadi, “İki sahil”