24 oktyabr 2026 16:01
133

"Black Sea Energy Cable" üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır

Hazırda "Xəzər-Qara dəniz-Avropa Yaşıl enerji dəhlizi"n (Caspian-Black Sea-Europe Green Energy Corridor) yaradılması təşəbbüsü tender sənədlərinin formalaşdırılması və yekun investisiya qərarının (FID) qəbul edilməsi üçün Yol Xəritəsinin işlənib hazırlanması mərhələsindədir.

“İki sahil” "Green Energy Corridor Power Company"yə (CESI) istinadən xəbər verir ki, layihə Azərbaycan və Gürcüstanın bərpa olunan enerji mənbələrindən - külək, günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin Avropa İttifaqı dövlətlərinə ötürülməsinə yönəlib. Tam istifadəyə verildikdən sonra dəhlizin ümumi gücü 3,9 QVt-a çatacaq. İnfrastruktur bazası hər birinin parametrləri ±525 kV, gücü isə 1 300 MVt olan gərginlik çeviriciləri (VSC) əsasında qurulmuş üç avtonom yüksək gərginlikli sabit cərəyan ötürücü (HVDC) sistemindən ibarətdir.

Birinci mərhələ (2032-ci ildə istifadəyə verilməsi planlaşdırılır) Budapeşt (Macarıstan) yaxınlığındakı Albertirsa yarımstansiyasına qədər quru yolu ilə uzanan və 2 000 MVt gücə malik Bakı-Xani-Anakliya-Konstansa-Cənub (Rumıniya) marşrutudur. Bu hissənin uzunluğu təxminən 3 040 km-dir.

İkinci mərhələ (2036-cı ildə işə salınması nəzərdə tutulur) ümumi uzunluğu təxminən 2 340 km olan Bakı-Tskaltubo-Poti-Domneşt (Rumıniya) marşrutu, üçüncü mərhələ (2040-cı ildə istifadəyə verilməsi planlaşdırılır) isə uzunluğu təqribən 2 020 km olan Bakı-Tskaltubo-Poti-Konstantsa-Cənub marşrutudur.

Hər bir kanalın sualtı hissəsi Qara dənizin dibi ilə Gürcüstan sahillərindən Rumıniyaya qədər çəkiləcək. Sualtı kabel sahələrinin uzunluğu təxminən 1 120 km olacaq, abissal düzənlikdə kabelin çəkiləcəyi maksimum dərinlik 2 200 metrə çatacaq.Gürcüstan ərazisindəki (Ksani və Tskaltubo) quru çevirici stansiyaları izafi elektrik enerjisinin ixracı və çatışmayan elektrik enerjisinin idxalı üçün dəhlizin milli enerji şəbəkəsinə ikitərəfli qoşulmasını təmin edəcək.

Dəhlizin infrastrukturu 1 248 və 1 244 identifikatorları altında Avropa Elektrik Enerjisi Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E TYNDP 2026) onillik şəbəkə inkişaf planına daxil edilib. Texniki-iqtisadi əsaslandırmanın hazırlanması zamanı CESI şirkəti Azərbaycandan Macarıstana "yaşıl hidrogen"in nəqli üçün uzunluğu təxminən 3 000 km (o cümlədən 1 115 km sualtı seqment), dəyəri 6,6 milyarddan 13 milyard avroyadək qiymətləndirilən paralel magistral boru kəmərinin çəkilməsi imkanını ətraflı təhlil edib. Bununla belə, aparılmış təhlilin nəticələrinə əsasən, təşəbbüs iştirakçıları elektrik enerjisinin ötürülməsini prioritet hesab edərək, hidrogen komponentinin həyata keçirilməsini müvəqqəti dayandırmaq qərarına gəliblər. Əsas səbəblər arasında avropalı istehlakçılar tərəfindən 2040-cı ilə qədər hidrogen idxalı üzrə proqnozların nəzərəçarpacaq dərəcədə azaldılmaya doğru yenidən baxılması, eləcə də HVDC xətlərinin daha yüksək iqtisadi rentabelliyi göstərilir.

Hidrogen boru kəməri layihəsi perspektivli bir variant kimi saxlanılır və Avropa İttifaqında hidrogen bazarı formalaşdıqca yenidən nəzərdən keçiriləcək. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və nəqli sahəsində strateji tərəfdaşlıq haqqında Saziş Avropa Komissiyasının dəstəyi ilə 17 dekabr 2022-ci il tarixində Buxarestdə imzalanıb.