19 oktyabr 2026 15:59
221

Heç kim ölkəmizə şərtlər diktə edə bilməz…

Çünki Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yürüdür və heç kimdən asılı deyil

Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu sarsıtmağa, iki ölkə arasında narazılıq yaratmağa cəhdlər olub. Təəssüf ki, bu cür cəhdlər bu gün də davam edir. Qardaşlığımıza kölgə salmaq istəyən qüvvələrin məqsədi aydındır. Onlar türk dövlətlərinin vahid gücə çevrilməsini, Türk Dövlətləri Təşkilatının qüdrətlənməsini istəməyənlərdir. Xüsusilə son zamanlar Türkiyənin bəzi media orqanlarında, sosial şəbəkələrində, hətta  AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycanla bağlı yayılan qərəzli fikirlər və xoşagəlməz bəyanatlar bunu təsdiqləyir.  Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın aqressiv bəyanatı, Ədalət və İnkişaf Partiyasından olan bəzi millət vəkillərinin bu böhtan kampaniyasına qoşulması ciddi təəssüf doğurur. Bu, bilavasitə Azərbaycanın daxili işlərinə qarışmaqdır.

Bütün dünya bilir ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini və milli-mənəvi dəyərlərə böyük hörmətlə yanaşır. Ölkəmizin  İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr göz qabağındadır və müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bu gün Azərbaycanın təhsil sistemində tətbiq olunan geyim qaydaları İslam dinini inkar etmək və ya hicaba qadağa qoymaq məqsədi daşımır. Bu qaydalar dünyəvilik, bərabərlik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır. Ona gbrə də  qardaş Türkiyənin bəzi rəsmilərinin və media orqanlarının baş örtüyü məsələsini manipulyasiya predmetinə çevirərək Azərbaycanın dünyəvi dövlət quruluşuna və təhsil sisteminə qarşı təbliğat aparması, qərəzli və şantaj xarakterli bəyanatlar səsləndirməsi yolverilməzdir. Axı  Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ölkəmizin müstəqil siyasət yürütdüyünü və heç bir dövlətin diktəsi ilə hərəkət etmədiyini bəyan edib: «Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yürüdür və heç kimdən asılı deyil. Ölkəmizə diktə yolu ilə nəyisə qəbul etdirmək mümkün deyil.»

Məhz son günlərdə Türkiyənin ayrı-ayrı informasiya resurslarında dövlətimizin başçısının ünvanına səsləndirilən böhtan və iftira xarakterli fikirlər Azərbaycan xalqında böyük narazılıq və hiddət doğurur. Bəli, Azərbaycan vassal dövlət  deyil. Özünün güclü ordusu, şəffaf diplomatiyası və iqtisadi müstəqilliyi olan suveren subyektdir. Bakı heç bir ölkənin Qafqazdakı forpostu ola bilməz. Azərbaycan özünün milli təhlükəsizliyini qorumaq üçün Ankara ilə bərabər, məsafəli və suveren şərtlərlə danışmalıdır ki, Türkiyə iqtidarının digər coğrafiyalarda – Sudan, Liviya, Suriya və s. - buraxdığı ağır geosiyasi səhvlərin nətiəcəsi  bizim regiona və milli maraqlarımıza toxunmasın. Münasibətlərdə qırmızı xətt aydındır: Strateji müttəfiqlik bəli, amma ideoloji tabeçilik və «böyük qardaş» diktəsi əsla yox!

Türkiyədəki anti-Azərbaycan qüvvələri iddia edirlər ki, Azərbaycan İsrailə neft satır və bu isə qəbuledilməzdir. Onda haqlı suallar yaranır:  Bəs Ankara niyə İsraillə ticarət əlaqələrini dayandırmır? Halbuki Türkiyə rəsmiləri İsraillə ticarət əlaqələrini tamamilə dondurduğunu və ticarətin  «sıfır» səviyyəsində olduğunu bəyan etsə də, dəniz nəqliyyatı məlumatları və rəsmi beynəlxalq ticarət statistikaları tamamilə fərqli reallığı ortaya qoyur. Türkiyə hökuməti öz bayrağı altında üzən gəmilərin İsrail limanlarına getməsini qadağan etsə də, Türkiyəyə məxsus və ya Türkiyə limanlarından idarə olunan nəhəng gəmi donanması Marşal adaları, Panama, Malta, Liberiya kimi ölkələrin bayraqları altında İsrailə yük daşımağa problemsiz davam edir.  İctimaiyyət qarşısında anti-İsrail şüarları səsləndirən, lakin pərdəarxasında iqtisadi mənfəətlərini davam etdirən siyasət qeyri-səmimidir. Azərbaycanı ittiham etməyə çalışanların ilk növbədə öz ölkələrindən hər gün İsrailə doğru hərəkət edən gəmilərin hesabını verməsi lazımdır. Çünki Türkiyə limanlarından yüklənən polad, sement, tikinti materialları və xammal bu qondarma sxemlərlə birbaşa İsrail sənayesini qidalandırmaqda davam edir.

İsrail və beynəlxalq statistika qurumlarının (məsələn, UN COMTRADE və İsrail Mərkəzi Statistika Bürosu - CBS) rəsmi məlumatlarına görə, Türkiyə mənşəli mallar Yunanıstan, Rumıniya, Bolqarıstan və Misir kimi üçüncü ölkələrin limanları və azad iqtisadi zonaları üzərindən sənədləri (konosamentləri) dəyişdirilərək İsrailə daxil olur. İsrail mənbələri hələ də Türkiyə mənşəli malların idxalında milyardlarla dollar həcmində dövriyyə qeydə alır. Türkiyənin Statistika Qurumu (TÜİK) öz hesabatlarında «İsrail» kodunu gizlədərək bu rəqəmləri «gizli ölkə» və ya «Fələstinə yardım» adı altında pərdələməyə çalışır. Lakin hamıya məlumdur ki, Fələstinin infrastruktur imkanları bu qədər nəhəng həcmdə sement və metal idxal etmək gücündə deyil və bu mallar birbaşa İsrail bazarına yönəlir.

 Bundan başqa, Türkiyə mediasındakı marjinal qrupların ən çox manipulyasiya etdikləri mövzulardan biri də Ceyhan limanı vasitəsilə İsrailə gedən xam neft xəttidir. Beynəlxalq enerji analitika şirkətlərinin (məsələn, Kpler) məlumatları göstərir ki, İsrailin neft idxalında Türkiyənin Ceyhan limanından yüklənən neftin həcmi heç də azalmayıb, əksinə bəzi dövrlərdə artım nümayiş etdirib. Türkiyə rəsmiləri bu məsələdə «beynəlxalq müqavilələrə bağlı olduqlarını və tranzit boru xəttinə müdaxilə edə bilmədiklərini» əsas gətirirlər. Əgər Türkiyə öz beynəlxalq hüquqi və iqtisadi öhdəliklərini əsas gətirərək bu prosesi dayandırmırsa, o zaman Azərbaycanın öz müstəqil xarici siyasəti çərçivəsində qurduğu strateji tərəfdaşlıqları və beynəlxalq müqavilələri hansı haqla tənqid edir? Bu, bir daha göstərir ki, Türkiyə bu məsələdə ölkəmizə qarşı qərəzli münasibət sərgiləyir.

E.Namazov, "İki sahil"