13 oktyabr 2026 10:05
231

Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Azərbaycanın xarici siyasətində ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması, dövrün çağırışlarına uyğun olaraq yeni istiqamətlər üzrə inkişaf etdirilməsi prioritetdir. Qarşılıqlı səfərlərin dinamikliyi, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin davamlılığı, həmçinin respublikamızın bu və ya digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirakı özündə mühüm məqamları əks etdirir. Bu baxımdan Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Kamboca arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub.  Dövlətlər arasında münasibətlərin inkişafında qarşılıqlı etimad mühitinin qorunmasını prioritet hesab edən Azərbaycan həmin vaxtdan ötən dövr ərzində iki ölkənin münasibətlərinin bu günü və gələcəyi üçün möhkəm  təməlin yaradılması üçün böyük səylər göstərib. Prezident İlham Əliyevin  ölkəmizdə rəsmi səfərdə olan  Kamboca Krallığının Baş naziri Hun Manet ilə oktyabrın 12-də keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, ikitərəfli münasibətlərin gələcək inkişafının təmin edilməsində hüquqi baza rolunu oynayan sənədlərin imzalanması, liderlərin mətbuata bəyanatlarla çıxış etmələri iki dövlət arasında münasibətlərin dünəninə və bu gününə baxış əsasında gələcək perspektivlərinə aydınlıq gətirdi. Mətbuata bəyanatında  “Biz yaxşı dost və tərəfdaşıq” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik. Ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi  müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq.

 Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Bu baxımdan Azərbaycan və Kamboca arasında əlaqələrin inkişafında hər iki ölkənin çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forum əhəmiyyətli rol oynayacaq. Forum hər iki ölkənin  bir-birini yaxından tanımaq, mövcud imkanları, iqtisadi və investisiya prioritetləri barədə dolğun məlumatlar əldə etmək imkanı qazandıracaq. İqtisadi əlaqələrdə nəqliyyat və enerji xüsusi önəm daşıyır. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik. Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir. Geniş tərkibdə görüşdə  “Tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur” söyləyən Prezident İlham Əliyev onu da vurğuladı ki, bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq: “Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr”.

Vüqar Rəhimzadə vurğulayıb ki, hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Dövlət başçısı İlham Əliyev  Azərbaycanın  30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etdiyini önə çəkərək bildirdi ki, indi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və Böyük Qayıdış Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.

 Millət vəkili bildirib ki, iki ölkə arasında humanitar sahənin inkişafına xüsusi önəmin verilməsi imzalanan sənədlərdə özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev mətbuata bəyanatında Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu çağırışı etdi ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.

Qeyd edək ki, səfər zamanı imzalanan üç sənəddən ikisi iqtisadi, biri isə təhsili əhatə edir.  “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı. Tərəflər əməkdaşlıq əlaqələrinin bütün istiqamətlərdə uğurlu inkişafında maraqlıdır. Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatında bildirdi ki, ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var: “Bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik. Çoxtərəfli müstəvidə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqlədik. Dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir”.