13 oktyabr 2026 01:18
103

Türk dövlətlərinin iqtisadi mənzərəsi: artım, ticarət və əməkdaşlıq imkanları

Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı ticarətin artırılması, investisiya imkanlarının reallaşdırılması və nəqliyyat bağlantılarının inkişafı regional əməkdaşlığın əsas istiqamətləri sırasındadır. Bu ölkələrin iqtisadi göstəricilərinin müqayisəsi həm mövcud potensialı, həm də gələcək əməkdaşlığın hansı sahələrdə daha geniş imkanlar yarada biləcəyini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə hazırladığı “Türk iqtisadi icmalı”son nəşri bu baxımdan mühüm mənbədir. İcmalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanla yanaşı, müşahidəçi tərəflər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası üzrə iqtisadi göstəricilər təhlil edilir. Hesabatın ümumi mənzərəsinə görə, 2026-cı ilin birinci yarısında Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi tərəflərinin ümumi daxili məhsulu 1 trilyon 330 milyard 476,8 milyon ABŞ dolları təşkil edib. Bu, dünya iqtisadiyyatının 2,11 faizinə bərabərdir. Sözügedən ölkələrin əhalisi 178,8 milyon nəfər olmaqla dünya əhalisinin 2,8 faizini təşkil edir. İcmalda onların ümumi ticarət dövriyyəsi 679 milyard 695 milyon ABŞ dolları səviyyəsində göstərilir.

İqtisadi artım tempində fərqli mənzərə

İcmalda əksini tapan göstəricilər Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi tərəfləri arasında iqtisadi artım templərinin fərqləndiyini göstərir. 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanın iqtisadi artımı 2,2 faiz, Qazaxıstanın 4,1 faiz, Qırğızıstanın 11,9 faiz, Türkiyənin 2,5 faiz, Özbəkistanın isə 8,5 faiz olub.

Bu rəqəmlər ölkələrin iqtisadi inkişaf dinamikasının eyni olmadığını göstərir. Qırğızıstan və Özbəkistanda yüksək artım templəri müşahidə olunduğu halda, Azərbaycan, Qazaxıstan və Türkiyədə artım daha mülayim səviyyədə qeydə alınıb. Lakin artım faizlərini müqayisə edərkən iqtisadiyyatların mütləq həcmini, sahə strukturunu və ilkin inkişaf səviyyəsini də nəzərə almaq lazımdır. Yüksək faizli artım iqtisadiyyatın mütləq həcminin daha böyük olması demək deyil. Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu fərqlər müəyyən imkanlar yaradır. Sənaye istehsalı, kənd təsərrüfatı, emal, logistika, rəqəmsal xidmətlər və investisiya əməkdaşlığı sahələrində ölkələrin üstünlüklərinin uzlaşdırılması qarşılıqlı iqtisadi faydanı artıra bilər.

Azərbaycan: xarici ticarət saldosu və iqtisadi potensial

İcmala əsasən, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanın ümumi daxili məhsulu 38 milyard 357,1 milyon ABŞ dolları təşkil edib. İqtisadi artım 2,2 faiz olub. Sənaye məhsulunun dəyəri 19 milyard 453,5 milyon dollar, kənd təsərrüfatı məhsulunun dəyəri isə 4 milyard 167,8 milyon dollar göstərilib. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 5 milyard 467,8 milyon dollar, bank aktivləri 35 milyard 847 milyon dollar, dövlət büdcəsinin gəlirləri 11 milyard 282 milyon dollar, xərcləri isə 9 milyard 867,9 milyon dollar səviyyəsində təqdim edilir.

Azərbaycanın xarici ticarət göstəriciləri də diqqətəlayiqdir. İcmalda 2026-cı ilin ilk altı ayında ixrac 17 milyard 713,1 milyon dollar, idxal isə 8 milyard 341,1 milyon dollar göstərilir. Nəticədə xarici ticarət saldosu 9 milyard 372 milyon dollar müsbət olub. Müsbət saldo ixracın idxalı üstələdiyini göstərir. Bununla yanaşı, xarici ticarətin uzunmüddətli səmərəliliyi ixracın həcmi ilə yanaşı, onun strukturundan, məhsulların əlavə dəyərindən və qeyri-neft-qaz sektorunun xarici bazarlardakı mövqeyindən də asılıdır. İxrac məhsullarının çeşidinin genişləndirilməsi, yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması bu baxımdan vacibdir.

Qazaxıstan və Qırğızıstan: istehsal və ticarət imkanları

İcmalda Qazaxıstanın 2026-cı ilin yanvar–iyun aylarında ümumi daxili məhsulu 145 milyard 724,1 milyon dollar göstərilir. İqtisadi artım 4,1 faiz təşkil edib. Sənaye məhsulunun dəyəri 41 milyard 715,3 milyon dollar, kənd təsərrüfatı məhsulunun dəyəri isə 3 milyard 334,3 milyon dollar olub. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 19 milyard 537,3 milyon dollar təşkil edib. Qazaxıstanın xarici ticarətində ixrac 40 milyard 331,7 milyon dollar, idxal isə 31 milyard 460,1 milyon dollar səviyyəsində göstərilir. Beləliklə, müsbət ticarət saldosu 8 milyard 871,6 milyon dollar olub.

Ölkənin sənaye və xammal bazası, eləcə də Mərkəzi Asiyanın əsas nəqliyyat istiqamətlərində yerləşməsi Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaradır. Xəzər dənizi üzərindən yükdaşımaların artırılması və Orta Dəhlizin imkanlarının genişləndirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə verə bilər.

Qırğızıstanda isə hesabat dövründə iqtisadi artım 11,9 faiz təşkil edib. Ümumi daxili məhsul 10 milyard 977,8 milyon dollar, sənaye məhsulunun dəyəri 5 milyard 150 milyon dollar, kənd təsərrüfatı məhsulunun dəyəri isə 1 milyard 537,8 milyon dollar olub. Sənaye istehsalında artım 12,7 faiz, kənd təsərrüfatında isə 4,3 faiz göstərilib. Qırğızıstanın xarici ticarətində ixrac 847,1 milyon dollar, idxal 5 milyard 409,9 milyon dollar təşkil edib. Nəticədə 4 milyard 562,8 milyon dollar həcmində mənfi ticarət saldosu yaranıb.

Türkiyə və Özbəkistan: iqtisadi miqyas və investisiyalar

Türkiyə Türk Dövlətləri Təşkilatının üzvləri arasında iqtisadi miqyasına görə seçilir. İcmalda ölkənin 2026-cı ilin ilk yarısında ümumi daxili məhsulu 830 milyard 197 milyon dollar, iqtisadi artımı isə 2,5 faiz göstərilib. Türkiyədə sənaye məhsulunun dəyəri 152 milyard 246 milyon dollar, kənd təsərrüfatı məhsulunun dəyəri 28 milyard 816 milyon dollar təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 245 milyard 222 milyon dollar səviyyəsində göstərilir.

Hesabata görə, Türkiyənin ixracı 135 milyard 917 milyon dollar, idxalı isə 189 milyard 119 milyon dollar olub. Xarici ticarət saldosu 53 milyard 203 milyon dollar mənfi təşkil edib. Türkiyənin geniş sənaye bazası, istehsal imkanları və beynəlxalq bazarlara çıxış təcrübəsi Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətlidir. Sənaye kooperasiyası, məhsulların birgə istehsalı, logistika və texnoloji əməkdaşlıq qarşılıqlı ticarətin daha şaxələndirilmiş əsasda inkişafına imkan verə bilər.

Özbəkistanda isə 2026-cı ilin yanvar–iyun aylarında iqtisadi artım 8,5 faiz təşkil edib. Ümumi daxili məhsul 88 milyard 954 milyon dollar, sənaye məhsulunun dəyəri 52 milyard 842 milyon dollar, kənd təsərrüfatı məhsulunun dəyəri isə 22 milyard 470 milyon dollar göstərilib. Ölkədə sənaye istehsalının artımı 8 faiz, kənd təsərrüfatının artımı 4,7 faiz olub. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 28 milyard 107,9 milyon dollar təşkil edib ki, bu da hesabatda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artım kimi göstərilir. Özbəkistanın sənaye və kənd təsərrüfatı istehsalında müşahidə olunan artım regional istehsal əlaqələrinin inkişafı üçün imkanlar yaradır. Azərbaycanla Özbəkistan arasında ticarətin genişləndirilməsi, emal sənayesində əməkdaşlıq, kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması və nəqliyyat əlaqələrinin gücləndirilməsi qarşılıqlı iqtisadi münasibətlərin daha da inkişafına xidmət edə bilər.

Müşahidəçi tərəflərin iqtisadi göstəriciləri

İcmalda Macarıstan, Şimali Kipr Türk Respublikası və Türkmənistan üzrə də məlumatlar yer alır. Macarıstanın 2026-cı ilin birinci yarısında ümumi daxili məhsulu 136 milyard 978 milyon dollar, sənaye məhsulunun dəyəri 22 milyard 813 milyon dollar, kənd təsərrüfatı məhsulunun dəyəri isə 1 milyard 966 milyon dollar göstərilib.

Macarıstanın ixracı 96 milyard 883 milyon dollar, idxalı 91 milyard 23 milyon dollar təşkil edib. Xarici ticarət saldosu 5 milyard 860 milyon dollar müsbət olub. Ölkənin sənaye və Avropa bazarları ilə iqtisadi əlaqələri Türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi baxımından nəzərə alınmalı amillərdəndir.

Şimali Kipr Türk Respublikasının ümumi daxili məhsulu 7 milyard 169,8 milyon dollar, sənaye məhsulunun dəyəri 566,4 milyon dollar, kənd təsərrüfatı məhsulunun dəyəri isə 494,7 milyon dollar təşkil edib. Hesabatda ixrac 210,9 milyon dollar, idxal 3 milyard 428,9 milyon dollar göstərilir. Xarici ticarət saldosu 3 milyard 218 milyon dollar mənfi olub.

Türkmənistan üzrə icmalda iqtisadi artım göstəricisi ilə yanaşı, bir sıra sahələrdə artım faizləri təqdim edilsə də, ÜDM, sənaye məhsulu, kənd təsərrüfatı, investisiya və xarici ticarətin mütləq dəyər göstəriciləri açıqlanmayıb.

“Türk iqtisadi icmalı”nda təqdim edilən göstəricilər Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi tərəflərinin iqtisadi miqyasının və inkişaf dinamikasının fərqli olduğunu göstərir. Türkiyə və Qazaxıstan iqtisadiyyatlarının mütləq həcmi, Qırğızıstan və Özbəkistanın artım templəri, Azərbaycanın müsbət xarici ticarət saldosu regionun iqtisadi mənzərəsinin müxtəlif tərəflərini üzə çıxarır. Azərbaycan üçün əsas məsələlərdən biri mövcud nəqliyyat və logistika imkanlarını daha geniş regional iqtisadi əlaqələrlə birləşdirmək, ixracın şaxələndirilməsini təşviq etmək və qarşılıqlı investisiya layihələrinin sayını artırmaqdır. Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi üçün ticarət, istehsal, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın konkret layihələrlə möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Orxan Vahidoğlu, “İki sahil”