06 oktyabr 2026 16:54
135

Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var - TƏHLİL

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı milli təhlükəsizlik və inkişaf strategiyasının əsas istiqamətlərinin təqdimatı oldu

Müasir dövrdə qlobal və regional təhdidlərin artması fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ölkəmizin strateji inkişafının əsas çağırışlarından biridir. Təhlillərdən göründüyü kimi, Azərbaycanda daxili sabitliyin və təhlükəsizliyin qorunması dayanıqlı inkişafın və həyata keçirilən layihələrin başlıca şərtidir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında yeni inkişaf strategiyasının istiqamətlərindən, qarşıda dayanan vəzifələrdən bəhs edərkən bu reallıqları bir daha diqqətə çatdırdı.

Hər bir inkişafın əsasında iqtisadi amillər dayanır

Reallıq budur ki, Azərbaycan hər zaman sabit, təhlükəsiz ölkə kimi dünyanın diqqətində olub. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas çağırışlarından biri bu oldu ki, sabitlik olmadan hansısa sosial, iqtisadi layihənin icrasından söhbət gedə bilməz. Eyni zamanda, bu məqamı da nəzərə alaq ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Ümummilli Lider bu çağırışı etdi ki, Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan iş adamlarının üzünə açıqdır. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Bu günlərdə Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi Beynəlxalq İnvestisiya Forumunda da bu kimi məqamlara xüsusi diqqət yönəldildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 350 milyard dollar olduğunu, onların 200 milyard dollarının qeyri-neft sektorunun payına düşdüyünü, nəzərə alsaq Azərbaycanda sabitliyin, normal iqtisadi mühitin hansı uğurlara yol açdığını aydın şəkildə görə bilərik. Cənab İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə yanaşı, ümumilikdə ölkəmizin artan iqtisadi imkanlarından, həyata keçirilən enerji və nəqliyyat layyihələrinin rolundan, yeni inkişaf strategiyasında iqtisadi inkişafın dayanıqlığının təmin edilməsinin prioritetliyindən geniş bəhs etdi. Təbii ki, hər bir inkişafın əsasında iqtisadi amillər dayanır. Bu inkişaf isə öz növbəsində digər sahələrdə mühüm uğurların qazanılmasında, güclü sosial siyasətin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. “Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür. Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur. İnvestisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna investisiyalar lazımdır. Ona görə bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır. İkinci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumları iştirak edib: “Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli, - özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər, - insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər.”

İqtisadi sabitlik və maliyyə sabitliyi

İqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir. “Baxmayaraq ki, böyük xərclər gedir, - hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, - biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim” deyən cənab İlham Əliyev vurğuladı ki, yeni geosiyasi və iqtisadi reallıq ondan ibarətdir ki, bu gün bir çox ölkələr enerji resurslarını əvvəlki kimi əldə edə bilmirlər. Burada yenə də Azərbaycan nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını- xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları istehsal, hasil və ixrac edir. Bunların da istehsalı üçün əsas mənbə enerjidir. Bu gün xüsusilə neft məhsulları ilə bağlı yaşanan böhran əfsuslar olsun ki, yəqin daha da dərinləşəcək. Çünki bu böhranın iki mənbəyi var, biri bizim Şimalımızda, ikincisi isə Körfəz bölgələrində - Cənubda. Artıq ənənəvi təchizatçılar bəziləri daxili tələbatı ödəmək üçün məcburən ixracı dayandırırlar.

Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, istehsal etdiyimiz neft məhsullarını o ölkələrə ixrac edək. Ölkəmiz bütün işləri vaxtında görüb. Bu gün potensialımız, təkcə neft məhsulları 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda, 23 milyon tonu isə xaricdə emal olunur. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Cənab İlham Əliyev bildirdi: “Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, - özü də tək yerdə yox, üç yerdə, - ölkələr də çox deyil. Ona görə nəzərə alsaq ki, bir daha deyirəm, əfsuslar olsun, bizim ətrafımızda gedən müharibələr dayanmır, - biz çox istərdik ki, dayansın, amma dayanmır, - ona görə bizim məhsullarımıza, qazımıza tələbat daha da artacaq.”

Azərbaycan bu gün yaşıl enerjiyə keçid ilə də diqqətdədir. Ölkəmiz bərpaolunan enerji sahəsində böyük potensiala malikdir. Təhlillər bu reallığı da təsdiqləyir ki, neftsiz, qazsız, yanacaqsız heç bir iqtisadiyyat inkişaf edə bilməz. COP29 dövründə və onun ərəfəsində Azərbaycana qarşı nə qədər əsassız ittihamlar səsləndirilmişdir ki, neft ölkəsində iqlim konfransı keçirilməməlidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bu məsələyə də diqqəti yönəldərək vurğuladı ki, yaxşı, bəs Kanada bizdən 10 dəfə daha çox neft hasil edir. Orada keçirilə bilər, bizdə keçirilə bilməz?! Yəni yenə də qərəzli yanaşma idi.

Enerji təhlükəsizliyi və geosiyasi reallıq

Enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq. Prezident İlham Əliyev bildirdi ki, investisiya forumları çərçivəsində imzalanmış kontraktların da bəziləri məhz qaz, neft hasilatının artırılmasına gətirib çıxaracaq. Bizim ən böyük neft yatağımız – “Azəri-Çıraq-Günəşli” artıq 30 ildən çoxdur ki, istismardadır və orada təbii düşmə prosesi gedir. Ona görə imzalanmış yeni kontraktlar, o cümlədən bizim xarici ölkələrdə əldə etdiyimiz neft mədənləri bizə təkcə hasilatı sabitləşdirmək üçün yox, artırmaq üçün də imkan verəcək. O cümlədən keçən ay imzalanmış qaz kontraktı da bizə, - təkcə bir kontrakt, - əlavə 5 milyard kubmetr qaz verəcək: “Yəni bu, uzunmüddətli strategiyadır, ölkəmizin önəmi getdikcə daha da artacaq. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək, - bu barədə də çox danışmaq istəmirəm, - sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq”.

Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatı kimi son 6 ildə azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, soydaşlarımızın mərhələləi şəkildə doğma yurd-yuvalarına qayıdışını qeyd edə bilərik. Ötən dövrdə ölçüyəgəlməz bərpa-quruculuq işləri görülüb. Hər zaman daha çox diqqəti bu torpaqlarda həyata keçirilən infrastruktur layihələrinə yönəldirik. Beynəlxalq Hava limanlarının tikilib istifadəyə verilməsi həm bu ərazilərin strateji əhəmiyətini, həm də Azərbaycanın maliyyə və iqtisadi imkanlarını təqdim edir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırılıb. Qeyd etdiyimiz kimi, onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək. 10 şəhərin, 38 kənd və qəsəbənin sakinlərinə qovuşması, bu torpaqlarda yeni həyatın başlaması onların malik olduqları potensialdan Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində istifadəyə geniş yol açır.

Müasir ideoloji işlər aparılmalıdır

Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıda dayanan vəzifələri diqqətə çatdırarkən ideolji təhlükəsizlikdən də bəhs edərək bu quruculuq işlərinin geniş miqyas almasını və onların hər bir vətəndaşa çatdırılmasını vacib amil kimi önə çəkdi. “İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun” deyən dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var: “Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın.” Dövlətimizin başçısı özlüyündə yaranan “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır” sualını belə əsaslandırdı ki, bizə qarşı təxribat etmək, xalqımızı çaşdırmaq, gənclərin beyinlərini zəhərləmək üçün. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur: “O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri.”

Hərbi gücümüz artırılacaq

Prezident İlham Əliyev Azərbaycanın 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis olunmasından bu günədək keçdiyi inkişaf yoluna geniş nəzər saldı. Təbii ki, 35 illik müstəqillik tariximizin uğurlarını bir yazıda tam əhatə etmək mümkün deyil. Bu gün tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının reallıqları fonunda Azərbaycanın həm geniş miqyas alan quruculuq işlərindən, həm də də regionda və dünya siyasətində yeniliklərə, təkmilləşməyə yol açmasından bəhs edirik. Azərbaycanın tarixi Zəfərimizdən sonra iki böyük beynəlxalq tədbirə- COP29 və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi inkişaf strategiyamızın uğurlarının təqdimatı oldu. Çünki Azərbaycan bütün dövrlərdə dayanıqlı inkişafın təmin edilməsini prioritet məsələ kimi öndə saxlayır. Dayanıqlı inkişaf isə əvvəldə də qeyd etdiyimiz kimi bütün hədəflərin reallığa çevrilməsində əsas faktordur. Dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan vəzifələrdən bəhs edərkən hərbi gücümüzün artırılmasını xüsusi qeyd etdi. Eyni zamanda, özlüyündə yarana biləcək bu sualı da qeyd etdi ki, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu, nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, hər bir ölkə üçün həmişə lazımdır.

Göründüyü kimi, hərtərəfli inkişafın təmin edilməsi, həmçinin sabitliyimizi, təhlükəsizliyimizi qorumaq üçün bütün zəruri addımlar atılır, kompleks tədbirlər həyata keçirilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır.

Qısa təhlil fonunda bu reallığı da xüsusi qeyd etməliyik ki, dünyada və sərhədlərimizin yaxınlığında baş verən geosiyasi proseslər qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir.

Yeganə Əliyeva, “İki sahil”