06 oktyabr 2026 14:47
105

Muxtar respublikada vətəndaşların rifahının daha da yüksəldilməsi əsas vəzifələrdən biridir

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun dövlət televiziyasına verdiyi müsahibə regionun gələcəyi ilə bağlı mühüm faktlarla zəngindir

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Bu il avqustun 11-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvana səfəri zamanı açılışı edilən müəssisələr, təməlatma tədbirləri və ölkə başçısının televiziyaya əhatəli müsahibəsi, ardınca imzalanan müvafiq Sərəncam Naxçıvan Muxtar Respublikasına dövlət qayğısını bir daha bariz şəkildə göstərdi. 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Azərtaca və AzTV-yə verdiyi müsahibə ilə məhz bu diqqətin və qayğının nəticəsində “Naxçıvan Muxtar Respublikasının inkişafı üçün gələcəkdə hansı tədbirlər həyata keçiriləcək?” sualına aydınlıq gətirdi.“Əsas vəzifəmiz Prezidentin bütün tapşırıqlarını vaxtında və yüksək keyfiyyətlə icra edərək vətəndaşlarımızın rifahını daha da yüksəltməkdir” – deyən Səlahiyyətli nümayəndə müsahibəsində Prezident İlham Əliyevin Naxçıvana son səfəri, Naxçıvan şəhərinin Baş planı, sənaye, nəqliyyat infrastrukturu, enerji potensialı, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, xüsusilə şəhid ailələri, qazilər və həssas əhali qruplarının sosial müdafiəsi və qarşıda duran prioritet məsələlərlə bağlı  ətraflı məlumatlar verib.

Son 10 ildə muxtar respublikaya Azərbaycanın dövlət büdcəsindən dotasiya şəklində 3 milyard manat həcmində maliyyə vəsaiti ayrılıb

Naxçıvan Muxtar Respublikasına göstərilən dövlət qayğısı, eləcə də  Prezident cənab İlham Əliyevin muxtar respublikaya mütəmadi səfərləri regionun sosial-iqtisadi inkişafı, ictimai-siyasi təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edib. Ölkə başçısının Naxçıvana 17-ci səfəri də məhz bu baxımdan, eləcə də Naxçıvanın enerji və nəqliyyat infrastrukturunun ölkə səviyyəsində vahid sistemdə birləşdirilməsi, Cənubi Qafqazın regional logistikasına və enerji infrastrukturuna töhfə baxımından mühüm olub. Dövlət başçısının avqustun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı isə vətəndaşların rifahının yüksəldilməsinə xidmət edəcək. Yaxın gələcəkdə gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasının tikintisi, 156 min nəfər əhalini və 26 yaşayış məntəqəsini əhatə edən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhərdaxili və 10 kənddaxili avtomobil yollarının yenidən qurulması, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisi, ümumilikdə, muxtar respublikada 162 çoxmənzilli yaşayış binasının və 122 yaşayış binasını istiliklə təmin edən 45 qazanxana binasının əsaslı təmiri, eləcə də 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi və sair prioritet istiqamətlərdəndir.

Yeni nəqliyyat infrastrukturunun qurulması iqtisadi və logistika imkanlarını artıracaq

Bu gün muxtar respublikada ictimai nəqliyyat elektrobuslarla təmin olunub, nağdsız ödənişlər və ağıllı idarəetmə sistemləri tətbiq edilir. Avtomobil yollarının əsaslı təmiri və şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi ilə yanaşı, illərlə blokadada qalmış Naxçıvan Zəngəzur dəhlizinin açılması ilə Şimal-Cənub və Orta Dəhlizin kəsişmə nöqtəsinə çevriləcək. Ərazidə dəmir yolu xətlərinin bərpası, alternativ avtomobil yolları, eləcə də Türkiyə ilə əlaqələndiriləcək yeni körpü və fiber-optik xətt layihələri regionun iqtisadi və logistika imkanlarını dəyişdirəcək.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov müsahibəsində bildirib ki, Ermənistan sərhədindən Ordubad istiqamətində – Zərəni və Salamməlik stansiyaları arasındakı 7 kilometrlik hissədə tikinti işləri artıq başlayıb və sürətlə davam edir. Muxtar respublika ərazisində Zəngəzur dəhlizinin ümumi uzunluğu 194,2 kilometrdir. Burada 10 stansiya və 3 sərnişin dayanacaq platforması daxil olmaqla yenidənqurma işləri aparılacaq. Ən vacib məqamlardan biri isə hazırda inşası tamamlanmaq üzrə olan Ağbənd–Kəlalə körpüsü və növbəti mərhələdə Ordubad–Siyahrud körpüsü vasitəsilə Naxçıvana yeni bağlantının yaradılmasıdır. Bu avtomobil yolu Zəngəzur dəhlizinin alternatividir və muxtar respublikanın nəqliyyat infrastrukturunu şaxələndirəcək.

Aqrar sektorun inkişafı prioritet məsələlərdəndir

Muxtar respublikada əhalinin 60 faizdən çoxunun kənd yerlərində yaşadığını nəzərə alaraq, aqrar sektorun inkişafı prioritet məsələdir. Su resurslarının səmərəli idarə edilməsi üçün təsdiqlənən müvafiq Sərəncamla muxtar respublikada su resurslarının səmərəli idarə edilməsinə dair 2026-2030-cu illəri əhatə edən Tədbirlər Planı çərçivəsində nasos stansiyalarının və kanalların əsaslı təmiri həyata keçirilir. Bu plan çərçivəsində 42 nasos stansiyası və təzyiqli boru xətti, 22 kanal və 3 özüaxımlı borunun əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulur. Bu tədbirlər 60 min hektar əkinəyararlı torpağın 60 faizini əhatə edir və 40 min hektar sahənin dayanıqlı su ilə təmin edilməsinə nail olunacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Eyni zamanda, işğaldan azad olunmuş bölgələrlə bərabər Naxçıvana da fərqli və yüksək subsidiya əmsalları tətbiq olunur, intensiv bağçılıq dəstəklənir. 2028-ci ilə qədər muxtar respublikanın heyvan xəstəliklərindən azad zonaya çevrilməsi qarşıya məqsəd qoyulub ki, bu da yerli məhsulların dünya bazarlarına çıxışını təmin edəcəkdir.

Sənaye potensialı  ilə bağlı yeni layihələr icra olunur

Muxtar respublikada sənayenin inkişafı əsas hədəflərdən biridir. Ölkədə sahəsinə görə ikinci böyük sənaye parkı sayılan 310 hektarlıq Naxçıvan Sənaye Parkının qısa müddətdə istismara verilməsi gələcəkdə bu sahənin daha da inkişafına şərait yaradacaq. Səlahiyyətli nümayəndə müsahibəsində onu da qeyd etdi ki, muxtar respublikada sənayenin ÜDM-dəki çəkisi 11 faizdir. Cari ilin 8 ayı ərzində 366 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən təxminən 5 faiz artıqdır. İstehsal olunan sənaye məhsulunun 84 faizi qeyri-dövlət, 83 faizi isə emal sektorunun payına düşür. Bundan başqa  aqrar və yeyinti sənayesi, dağ-mədən, yüngül sənaye, tikinti materialları, kimya və metallurgiya sahələrinin inkişafı üçün müəssisələrin qurulması və investisiyanın yönəldilməsinə nail olmaq əsas məqsədlərdən biridir. Bundan başqa, Ortakənd qızıl yatağı, Göydağ və Başkənd mis yataqları, eləcə də digər polimetal yataqları üzrə geoloji kəşfiyyat və qiymətləndirmə işləri aparılır. Ötən il Azərbaycan Respublikasının İqtisadi Şurasında müzakirə olunan Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması bölgənin investisiya cəlbediciliyini və sənaye potensialını daha da artıracaqdır.

Məşğulluq tədbirləri və həssas əhali qruplarının sosial müdafiəsi diqqətdə saxlanılır

Müxtəlif sosial islahat zərflərinin tətbiqi, özünüməşğulluq proqramları və əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmləri əhali tərəfindən müsbət qarşılanır. Şəhid ailələri, qazilər və aztəminatlı ailələrin sosial rifahının təmin olunması istiqamətində mənzil və avtomobil təminatı ilə bağlı növbələr demək olar ki, tam aradan qaldırılıb. Dövlət tərəfindən həyata keçirilən aylıq sosial ödənişlər və pensiyalar vətəndaşların sosial müdafiəsinin etibarlı təminatına çevrilib. Özünüməşğulluq proqramı çərçivəsində 2017-2026-cı illər üzrə 3362 nəfər aktivlərlə təmin olunub. Muxtar respublikada bu gün artıq özəl sektorda muzdla çalışanların sayı 3 il əvvəlki 13 min nəfərdən 17 min nəfərə yüksəlib. Şəhid ailələri, müharibədə sağlamlığını itirən vətəndaşlarımız, onların ailə üzvləri və digər imtiyazlı kateqoriyalardan olan şəxslərin sosial müdafiəsi və təminatı diqqətdə saxlanılır. İmtiyazlı şəxslərin mənzil təminatı sahəsində bu günə qədər muxtar respublikada 400-dən artıq vətəndaşa mənzil təqdim edilib. Eləcə də avtomobil təminatı ilə bağlı müvafiq kateqoriyadan olan şəxslərə bu günədək 635 avtomobil verilib. Bütün kateqoriyalardan olan sosial ödənişlər vaxtında, qanunvericiliyə uyğun və operativ qaydada təmin edilir.

Yaşıl enerji istiqamətində kifayət qədər imkanlar var

Muxtar respublika hazırda özünü elektrik enerjisi ilə tam təmin edir və istehlakın əhəmiyyətli hissəsi bərpaolunan mənbələr hesabına ödənilir. Gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarının inşası, Tivi və Ordubad su elektrik stansiyaları layihələri bu sahəni daha da gücləndirir. Cəbrayıl enerji qovşağından Naxçıvana 330 kV-luq xəttin çəkilməsi və Türkiyə vasitəsilə Qərbə ixrac imkanları muxtar respublikanı yaşıl enerji mərkəzinə çevirir. İlkin olaraq Naxçıvanın ümumi enerji potensialı 21 min MVt-dan çox qiymətləndirilir. Qarşıdakı hədəf isə 1000 MVt-a qədər enerji istehsalına nail olunmasından ibarətdir.

Tarixi abidələr qorunmaqla yanaşı, yaşıllıq zolaqları və ekoloji mühit ən yüksək standartlara uyğunlaşdırılacaq

Muxtar respublikanın tarixi-mədəni irsi qorunur. XII əsr memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası, Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd olunması, Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun mərkəzi hissəsinin bərpası mədəni irsin qorunmasına verilən yüksək dəyərin təzahürüdür. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planına əsasən, gələcəkdə məskunlaşma ərazisi və əhalinin sayı artırılacaq, adambaşına düşən yaşıllıq sahəsi genişləndiriləcək, velosiped zolaqları və müasir sosial infrastrukturlar yaradılacaqdır. Ümumilikdə, tarixi abidələr qorunmaqla yanaşı, yaşıllıq zolaqları və ekoloji mühit ən yüksək standartlara uyğunlaşdırılacaq. Müasir şəhərsalma prinsipləri, inklüzivlik və hər kəs üçün əlçatanlıq şəhərin yeni Baş planında əsas amillər kimi nəzərə alınıb.

Yeni idarəetmə modeli vətəndaş məmnunluğunu artırır

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi institutunun yaradılması, həyata keçirilən konstitusion islahatlar və Əsasnaməyə edilən dəyişikliklər idarəetmədə operativliyi, şəffaflığı və mərkəzi icra hakimiyyəti orqanları ilə inteqrasiyanı təmin edib. Aparılan ardıcıl islahatlar, makrogöstəricilərdəki artımlar və icra olunan irimiqyaslı layihələr Naxçıvan sakinlərinin gündəlik həyatında, rifahında və gələcəyə inamında öz müsbət təsirini gündən-günə daha çox göstərir. Bu gün muxtar respublikada “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyəti əlçatanlığı təmin etməklə, vətəndaşların rahatlığı üçün geniş imkanlar açır.

Ümumilikdə, planlaşdırılan məqsəd və hədəflər muxtar respublikanın sosial-iqtisadi inkişafına yeni şərait yaradacaq, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək, nəticədə ölkənin ümumi iqtisadi potensialının güclənməsinə və davamlı inkişafına mühüm töhfə verəcəkdir.

Güntac Şahməmmədli,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı