5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü cəmiyyətin ən müqəddəs və məsuliyyətli peşələrindən birinə – müəllimliyə verilən dəyərin ifadəsidir. Müəllim yalnız dərs deyən, bilik öyrədən insan deyil. O, bir uşağın, bir gəncin dünyagörüşünün formalaşmasına, həyata baxışının dəyişməsinə, gələcəyə inamının möhkəmlənməsinə təsir göstərən mənəvi yol göstərəndir. Bəzən bir müəllimin dediyi sadə bir söz, verdiyi bir sual, göstərdiyi diqqət və ya vaxtında etdiyi dəstək şagirdin bütün həyat yoluna istiqamət verə bilir.
Müəllimlik böyük səbr, fədakarlıq və məsuliyyət tələb edir. Çünki bu peşənin nəticəsi yalnız bu günlə ölçülmür. Müəllimin əməyi illər sonra yetişdirdiyi mütəxəssislərin, alimlərin, mühəndislərin, həkimlərin, bir sözlə, cəmiyyətin gələcəyini formalaşdıran insanların uğurunda özünü göstərir. Elə buna görə də müəllim sənəti zaman keçdikcə öz dəyərini itirməyən, əksinə, cəmiyyətin inkişafı ilə daha da böyük məna qazanan peşələrdəndir.
Belə müəllimlərimizdən biri də 15 ildir pedaqoji fəaliyyətlə məşğul olan fizika müəllimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) pedaqoqu Nəcəfova Gülyazdır. Müəllimlik arzusu hələ uşaqlıq illərindən formalaşan Gülyaz Nəcəfova əvvəlcə riyaziyyat və fizika arasında seçim etməkdə tərəddüd etsə də, universitet illərində fizikanın mahiyyətini daha dərindən dərk edərək bu elmə olan sevgisini daha da möhkəmləndirib. Sonradan magistratura təhsilini məhz fizika istiqamətində davam etdirib.
Onun elmi fəaliyyəti əsasən molekulyar və biofizika istiqamətindədir. Tədqiqatlarında amiloid beta-peptidlərin fəza quruluşunu və struktur-funksiya əlaqələrini eksperimental və hesablama metodları ilə araşdıran alim-pedaqoqun maraq dairəsi hazırda funksional materiallar, peptid əsaslı nanostrukturlar və onların sensor və elektron tətbiqləri istiqamətində də genişlənir.
Gülyaz Nəcəfova üçün müəllimlik isə yalnız bilik ötürmək deyil, tələbəni düşünməyə, sual verməyə, araşdırmağa və öz yolunu tapmağa istiqamətləndirməkdir. Onun fikrincə, yaxşı müəllimin işi tələbənin imtahanda aldığı qiymətlə yekunlaşmır. Əsl nəticə tələbənin zamanla inkişaf etdiyini, öz yolunu tapdığını və peşəkar kimi formalaşdığını görməkdir.
Müəllimlik, fizikanın tədrisi, elmi düşüncənin formalaşdırılması, müasir elm və texnologiyanın yaratdığı yeni imkanlar, laboratoriya təcrübələrinin əhəmiyyəti, gənclərin fundamental elmə cəlb olunması və universitet–elm–sənaye əlaqələrinin inkişafı barədə Gülyaz Nəcəfova ilə söhbətimizi təqdim edirik.
Özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik. Fizika müəllimi və ali təhsil müəssisəsinin pedaqoqu kimi elmi-pedaqoji fəaliyyətiniz, bu sahəyə yönəlməyiniz və hazırda əsas diqqət yetirdiyiniz istiqamətlər barədə məlumat verərdinizmi?
Mən Nəcəfova Gülyaz, fizika müəllimiyəm. Artıq 15 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) çalışıram.
Əslində müəllim olmaq istəyim çox erkən yaşlarımdan olub. Sadəcə uzun müddət riyaziyyatla fizika arasında seçim edə bilmirdim. Hətta məktəb illərində riyaziyyata marağım bir qədər daha çox idi. Buna görə bakalavr təhsilimi də riyaziyyat və fizika müəllimliyi istiqamətində seçmişdim. Fizikaya əsl münasibətim isə universitet illərində dəyişdi. Məktəbdə fizikanı daha çox düsturlar və təriflər toplusu kimi qəbul edirdim. Bakalavr təhsili zamanı onu daha dərindən öyrəndikcə gördüm ki, fizika əslində ətrafımızda baş verən hadisələri anlamağın çox maraqlı bir yoludur. Yəqin ki, fizikanı həqiqətən sevməyim də o dövrdən başladı. Sonradan magistratura təhsilimi məhz fizika istiqamətində davam etdirməyim artıq şüurlu seçim idi.
Elmi fəaliyyətim əsasən molekulyar və biofizika istiqamətindədir. Tədqiqatlarımda amiloid beta-peptidlərin fəza quruluşunu və struktur-funksiya əlaqələrini eksperimental və hesablama metodları ilə araşdırmışam. Hazırda maraq dairəm funksional materiallar, peptid əsaslı nanostrukturlar və onların sensor və elektron tətbiqləri istiqamətində də genişlənir.
Müəllimlik sizin üçün nəyi ifadə edir? Nə üçün məhz bu peşəni seçdiniz və illər ərzində müəllimliyə münasibətinizdə hansı məqamlar dəyişib və ya daha da möhkəmlənib?
Müəllimlik uşaqlıqdan istədiyim peşədir. Amma 15 il əvvəl ilk dəfə auditoriyaya daxil olan müəllimlə bugünkü müəllim arasında, təbii ki, böyük fərq var. İlk dərslərim laboratoriya məşğələləri idi. O zaman tələbələrlə aramızdakı yaş fərqi də çox az idi və etiraf edim ki, ilk vaxtlarda bu məni bir qədər həyəcanlandırırdı. Həm müəllim-tələbə sərhədini qorumaq, həm də süni şəkildə sərt görünməmək lazım idi. Zaman keçdikcə öz müəllimlik üslubumu tapdığımı düşünürəm.
İllər ərzində müəllimlik haqqında düşüncələrim də müəyyən qədər dəyişib. Əvvəllər yaxşı müəllimin ilk növbədə öz fənnini çox yaxşı bilməli və onu aydın izah etməli olduğunu düşünürdüm. Bu, əlbəttə, bu gün də vacibdir. Amma indi düşünürəm ki, müəllimlik bundan daha geniş anlayışdır. Hazırda çalışdığım UFAZ-da tələbə ilə açıq dialoqa və sərbəst fikir mübadiləsinə verilən önəm də bu yanaşmamın formalaşmasına təsir edib. Müəllim tələbəyə yalnız bildiyini ötürməməli, onda sual vermək, düşünmək, araşdırmaq həvəsi də yaratmalıdır.
Bu illər ərzində daha da əmin olduğum başqa bir məqam isə müəllimlikdə səbrin vacibliyidir. Hər tələbə eyni sürətlə öyrənmir, eyni şəkildə düşünmür və eyni üsulla motivasiya olunmur. Müəllim bunu qəbul etməyi və tələbəyə fərdi yanaşmağı bacarmalıdır.
İllər keçdikcə müəllimlik fəaliyyətinin nəticəsinə baxışım da dəyişib. Bu nəticə yalnız tələbənin imtahanda aldığı qiymətlə ölçülmür. Tələbənin zamanla öz yolunu tapdığını, inkişaf etdiyini və peşəkar kimi formalaşdığını görmək müəllimlik fəaliyyətinin ən gözəl tərəflərindən biridir.
Fundamental elm sahəsi olan fizikanın tədrisində müəllimin rolu yalnız bilik verməklə məhdudlaşmır. Sizcə, yaxşı fizika müəllimi tələbədə elmi düşüncə, araşdırmaq həvəsi və hadisələrə səbəb-nəticə əlaqələri əsasında yanaşmaq bacarığını necə formalaşdırmalıdır?
Fizikanı özüm də zamanla daha dərindən tanıyıb sevdiyim üçün, tələbənin bu fənni sadəcə düstur və qanunlar toplusu kimi deyil, ətrafında baş verənləri anlamağın bir yolu kimi görməsini xüsusilə vacib hesab edirəm.
Fizikanın ən gözəl tərəfi odur ki, insana yalnız təbiət haqqında məlumat vermir, düşünmə üsulu öyrədir. Tələbə müəyyən hadisə ilə qarşılaşanda “bunun düsturu hansıdır?” sualından əvvəl “burada əslində nə baş verir?” sualını verməyi öyrənməlidir. Niyə belədir? Şərtlər dəyişsə nə baş verər? Mən bunu necə yoxlaya bilərəm? Elmi düşüncə məhz belə suallardan başlayır.
Maraqlıdır ki, mən özüm də ən çox sual verilən dərslərdən daha böyük zövq alıram. Tələbələr sual verəndə, bəzən mənim dediyim fikri sorğulayanda, “bəs belə olsa necə?” deyə müzakirəni başqa istiqamətə aparanda dərs daha canlı olur. Əksinə, heç bir sual olmayan dərs mənim üçün də bir qədər darıxdırıcıdır. Çünki dərsi birtərəfli informasiya ötürülməsi kimi görmürəm.
Fizika müasir elmin və texnologiyanın fundamental istiqamətlərindən biridir. Bu gün fizika elminin qarşısında duran əsas problemləri və gələcək üçün xüsusi əhəmiyyət daşıyan tədqiqat istiqamətlərini necə qiymətləndirirsiniz?
Fizika çox inkişaf etmiş elm olsa da, təbiətin və maddənin quruluşu ilə bağlı hələ də tam cavabını bilmədiyimiz fundamental suallar kifayət qədərdir. Eyni zamanda, bu gün fizikanın qarşısında duran məsələlərə yalnız bir elm sahəsinin daxilində baxmaq getdikcə çətinləşir.
Məncə, müasir elmin ən maraqlı xüsusiyyətlərindən biri məhz budur: ayrı-ayrı elm sahələri arasındakı sərhədlər əvvəlki qədər kəskin deyil. Fizika kimya, biologiya, materialşünaslıq, mühəndislik və kompüter elmləri ilə getdikcə daha sıx əlaqədə inkişaf edir. Bir çox müasir problem o qədər mürəkkəbdir ki, onu yalnız bir sahənin metodları ilə araşdırmaq kifayət etmir. Fərqli yanaşmaları, eksperimental metodları və hesablama imkanlarını bir araya gətirmək lazım gəlir.
Mən bunu öz tədqiqat sahəmdə də çox aydın görürəm. Biomolekulların quruluşunu və davranışını araşdırarkən fiziki prinsiplərlə yanaşı, kimyəvi qarşılıqlı təsirləri, spektroskopik metodları və hesablama modellərini birlikdə nəzərə almaq lazım gəlir. Hazırda maraq göstərdiyim funksional materiallar və nanostrukturlar istiqamətində də eyni yanaşma var. Yəni bəzən tədqiqatın harada fizika olaraq başlayıb harada kimya, biologiya və ya materialşünaslıqla birləşdiyini ayırmaq belə çətin olur.
Kvant texnologiyaları, yeni funksional materiallar, enerji ilə bağlı tədqiqatlar, nanofizika, biofizika, kosmik tədqiqatlar, eləcə də hesablama və məlumatların analizi gələcək üçün mühüm istiqamətlər sırasındadır. Amma məncə, burada yalnız ayrı-ayrı sahələrin adlarını sadalamaqdan daha vacib olan ümumi tendensiyanı görməkdir: gələcəyin bir çox mühüm elmi nəticələri müxtəlif sahələrin kəsişməsində yarana bilər.
Müasir elmdə kvant texnologiyaları, kosmik tədqiqatlar, yeni materiallar, nüvə fizikası və süni intellektlə əlaqəli araşdırmalar sürətlə inkişaf edir. Bu yeniliklər universitetdə fizikanın tədrisinə və gələcək mütəxəssis hazırlığına hansı dəyişiklikləri gətirməlidir?
Məncə, burada əsas məsələ universitet proqramlarına sadəcə yeni fənlərin və müasir terminlərin əlavə olunması deyil. Tədrisin yanaşması dəyişməlidir.
Tələbəyə güclü fundamental baza vermək yenə də əsas şərtdir. Çünki texnologiyalar çox sürətlə dəyişir. Bu gün istifadə etdiyimiz proqram və ya metod bir neçə ildən sonra köhnələ bilər, amma onun arxasında dayanan fiziki prinsiplər qalır. Bununla yanaşı, müasir fizik proqramlaşdırmağı, məlumatları analiz etməyi, hesablama modelləri və simulyasiyalarla işləməyi, nəticələri düzgün şərh etməyi və fərqli sahələrin mütəxəssisləri ilə əməkdaşlıq etməyi bacarmalıdır.
Süni intellekt bunun yaxşı nümunəsidir. Mən tələbənin AI-dan istifadə etməsinə qarşı deyiləm. Əksinə, bu, artıq müasir dünyanın bir hissəsidir. Amma tələbə aldığı cavabın düzgün olub-olmadığını özü müəyyən edə bilmirsə, alətdən istifadə etmək bacarığı kifayət etmir. Xüsusilə fizikada nəticənin fiziki mənasının olub-olmadığını yoxlamaq çox vacibdir.
Məncə, universitetin məqsədi yalnız bu gün mövcud olan texnologiyaları istifadə edə bilən məzun hazırlamaq olmamalıdır. Əsas məqsəd beş-on ildən sonra qarşısına çıxacaq, bu gün bəlkə də adını bilmədiyimiz texnologiyanı öyrənə və ona uyğunlaşa biləcək insan yetişdirməkdir.
Fizika nəzəri biliklərlə yanaşı, müşahidə, təcrübə və praktiki tətbiq üzərində qurulan elmdir. Sizcə, laboratoriya məşğələlərinin və real təcrübələrin tələbənin fiziki qanunları mənimsəməsində rolu nə qədər böyükdür və ali məktəblərdə bu istiqamətdə hansı məsələlərə xüsusi diqqət yetirilməlidir?
Laboratoriya məşğələlərinin fizikanın tədrisində çox böyük rolu olduğunu düşünürəm. Çünki tələbə nəzəri olaraq öyrəndiyi qanunun real şəraitdə necə işlədiyini məhz təcrübə zamanı görür. Bəzən auditoriyada tam aydın olmayan bir anlayış tələbə onu özü ölçəndə, müşahidə edəndə və nəticəsini analiz edəndə daha aydın olur.
Auditoriyada ideal şəraitdən, dəqiq qanunauyğunluqlardan danışırıq. Laboratoriyada isə tələbə real fizika ilə qarşılaşır: ölçmələr tam üst-üstə düşmür, xəta var, cihazın məhdudiyyəti var, bəzən qurğu işləmədiyi üçün nəticə alınmır. Və həmin anda ən vacib sual yaranır: “Niyə?”
Laboratoriyada tələbələr problemlə üzləşəndə çalışıram ki, cavabı birbaşa deməyim. Onlara başqa suallar verirəm. “Səncə, problem harada ola bilər?”, “Bunu dəyişsək nə baş verər?”, “Hansı hissəni ayrıca yoxlaya bilərik?” Bəzən bir neçə belə sualdan sonra tələbə həlli özü tapır. Məncə, həmin an ona həlli özüm deməyimdən daha qiymətlidir. Çünki növbəti dəfə qarşısına başqa problem çıxanda artıq məni gözləmədən düşünməyə başlayacaq.
Ali məktəblərdə də laboratoriya məşğələlərinin məhz bu düşüncə üzərində qurulmasını vacib hesab edirəm. Əlbəttə, müasir və işlək laboratoriya avadanlığı, tələbənin cihazlarla real işləmək imkanı çox önəmlidir. Amma yalnız yaxşı avadanlığın olması da kifayət etmir. Laboratoriya işi tələbənin əvvəlcədən yazılmış təlimatı addım-addım yerinə yetirib sonda gözlənilən rəqəmi aldığı bir prosesə çevrilməməlidir. Tələbəyə müəyyən sərbəstlik verilməli, o, ölçməni özü aparmalı, nəticəni analiz etməli, xətanın səbəbini araşdırmalı və aldığı nəticəni fiziki baxımdan izah edə bilməlidir. Bunun üçün laboratoriya qruplarının tələbənin prosesdə həqiqətən iştirak edə biləcəyi şəkildə təşkil olunması da vacibdir.
Çünki laboratoriyanın əsas məqsədi tələbəyə yalnız müəyyən bir təcrübəni necə aparmağı öyrətmək deyil. Daha vacibi, real problemlə qarşılaşanda necə düşünəcəyini və həll yolunu necə axtaracağını öyrətməkdir.
Azərbaycanda fizika üzrə mütəxəssis və tədqiqatçı hazırlığının inkişafı baxımından hansı istiqamətləri daha vacib hesab edirsiniz? Gənclərin fundamental elmə marağının artırılması və onların elmi tədqiqatlara cəlb olunması üçün təhsil mühitində hansı imkanlar genişləndirilməlidir?
Məncə, gənclərə elmi sevdirmək üçün onlara elm haqqında yalnız danışmaq kifayət deyil. Onları mümkün qədər erkən real elmi prosesin içinə daxil etmək lazımdır.
Bunu hazırda öz fəaliyyətimizdə də etməyə çalışırıq. İki tələbəmizi qrant layihəmizə cəlb etmişik və mən bunu sadəcə layihəyə kömək kimi görmürəm. Tələbə üçün real tədqiqat prosesini görmək, elmi ədəbiyyatla işləmək, alınmayan nəticə ilə qarşılaşmaq, yenidən düşünmək və nəhayət öz nəticəsini əldə etmək çox ciddi məktəbdir.
Azərbaycanda fundamental elmin inkişafı üçün güclü laboratoriya infrastrukturu ilə yanaşı, tələbə tədqiqat proqramlarının, beynəlxalq əməkdaşlıqların və mobillik imkanlarının genişləndirilməsini vacib hesab edirəm. Tələbənin elmi fəaliyyətlə ilk tanışlığı magistratura və ya doktorantura mərhələsinə saxlanılmamalıdır.
Bir məsələ də var: gəncə yalnız “elm vacibdir” deməklə onu elmə gətirmək çətindir. O, qarşısında real yol görməlidir. Tədqiqatla məşğul olsa, hansı imkanları olacaq? Hansı laboratoriyada işləyə, hansı beynəlxalq layihəyə qoşula, əldə etdiyi biliyi harada tətbiq edə bilər? Gənc bu perspektivi görəndə elm də onun üçün daha real karyera seçiminə çevrilir.
Elm və texnologiyanın inkişafı universitet, elmi müəssisə və real sektor arasında daha sıx əməkdaşlığı zəruri edir. Sizcə, universitet–elm–sənaye əlaqələrinin gücləndirilməsi fizika üzrə kadr hazırlığına və ölkənin elmi-texnoloji potensialına hansı töhfəni verə bilər?
Bu əlaqənin güclü olması hər üç tərəf üçün vacibdir. Universitet və elmi müəssisələr real sektorun hansı problemlərlə qarşılaşdığını görür, sənaye isə elmi potensialın yalnız nəzəri nəticələr deyil, praktik həllər də yarada biləcəyini anlayır.
Universitet–sənaye əməkdaşlığını yalnız tələbələrin şirkətlərdə təcrübə keçməsi kimi görmək də düzgün olmazdı. Şirkətlərin qarşılaşdığı real problemlərin universitetlərdə tədqiqat mövzusuna çevrilməsi, birgə layihələrin və laboratoriyaların yaradılması, tələbələrin həmin prosesə qoşulması daha davamlı yanaşmadır.
Ən yaxşı model odur ki, sənayedə yaranan problem universitetə elmi sual kimi gəlsin, universitetdə yaranan bilik isə yenidən real sektora həll kimi qayıtsın. Belə bir dövr yarandıqda həm tələbə hazırlığı, həm elm, həm də ölkənin texnoloji potensialı bundan qazanır.
Müəllimlər Günü münasibətilə həmkarlarınıza və gələcəyini fizika elmi ilə bağlamaq istəyən gənclərə nə demək istərdiniz? Sizin üçün müəllimi tələbəsinin yaddaşında yaşadan və illər sonra onun əməyini dəyərli edən ən mühüm xüsusiyyət nədir?
Həmkarlarıma ilk növbədə səbr və öyrənmək həvəsini heç vaxt itirməməyi arzulayıram. Müəllim başqalarına öyrədən insandır, amma özü öyrənməyi dayandırdığı anda müəllimliyinin ən vacib tərəflərindən birini də itirir.
Fizika ilə gələcəyini bağlamaq istəyən gənclərə isə deyərdim ki, hər şeyi dərhal başa düşməməkdən qorxmasınlar. Fizikada anlamadığın bir məsələ üzərində düşünmək, sual vermək və yenidən cəhd etmək öyrənmə prosesinin özüdür. Əsas odur ki, maraqlarını və sual vermək həvəslərini itirməsinlər.
Müəllimi tələbəsinin yaddaşında nə yaşadır sualına isə bəlkə də bu gün daha fərqli cavab verirəm. Vaxtilə dərs dediyim bəzi tələbələrim bu gün mənim kolleqalarımdır. Onlarla eyni universitetdə çalışmaq, hansısa məsələni artıq müəllim və tələbə kimi deyil, həmkar kimi müzakirə etmək mənim üçün müəllimlik fəaliyyətimin ən qürurverici tərəflərindən biridir.
Düşünürəm ki, tələbə illər sonra sizin keçdiyiniz bütün mövzuları və düsturları xatırlamaya bilər. Buna ehtiyac da yoxdur. Amma sizin yanında sual verməkdən çəkinmədiyini, səhv edəndə alçaldılmadığını, fikrinin dinlənildiyini və düşünməyə təşviq edildiyini xatırlayırsa, müəllim olaraq onun həyatında müəyyən iz buraxmısınız.
Məncə, müəllimin tələbəsinin yaddaşında qalmasının ən gözəl yolu da budur.
Səmimi və məzmunlu söhbətə, müəllimlik və elm haqqında dəyərli fikirlərini bizimlə bölüşdüyünə görə Gülyaz Nəcəfovaya təşəkkür edirik. Ona məsuliyyətli və şərəfli pedaqoji fəaliyyətində yeni uğurlar, elmi araşdırmalarında mühüm nəticələr, tələbələrinə isə daim ilham verən, düşünməyə və öyrənməyə həvəsləndirən müəllim ömrü arzulayırıq.
Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizə möhkəm cansağlığı, tükənməz səbr, yaradıcılıq və fəaliyyətlərində yeni nailiyyətlər diləyirik. Çünki müəllimin yetişdirdiyi hər bir insan onun əməyinin, səbrinin və zəhmətinin yaşatdığı ən qiymətli əsərdir. Müəllimlərin işığı ilə aydınlanan yollar isə gələcəyimizin yoludur.