29 sentyabr 2026 11:48
109

Əsas vəzifə yalnız investisiya cəlb etmək deyil, uzunmüddətli, yüksək əlavə dəyər yaradan investisiyaların payını artırmaqdır - AÇIQLAMA

Azərbaycanın II Beynəlxalq İnvestisiya Forumuna ev sahibliyi etməsi ölkəmizin qlobal iqtisadi proseslərdə artan rolunun göstəricilərindən biridir. Prezident İlham Əliyevin forum çərçivəsində çıxışı Azərbaycanın son onilliklərdə keçdiyi iqtisadi inkişaf yolunun nəticələrini və qarşıdakı dövr üçün əsas prioritetləri aydın şəkildə ortaya qoydu. Ölkəyə investisiya cəlb edilməsinin əsas şərtlərindən biri, ilk növbədə, sabit və proqnozlaşdırılan iqtisadi mühitdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Bu göstərici investorların Azərbaycan iqtisadiyyatına uzunmüddətli marağının mühüm göstəricisidir.
Bu nəticənin arxasında yalnız təbii resurslar deyil, həm də ardıcıl iqtisadi siyasət, maliyyə sabitliyi və investorlara münasibətdə formalaşdırılmış etibarlı tərəfdaşlıq mühiti dayanır. Azərbaycanın dövlət borcunun nisbətən aşağı səviyyədə olması, xarici borcun valyuta ehtiyatları ilə müqayisədə kiçik həcmdə qalması və milli valyutanın uzunmüddətli sabitliyi iqtisadi dayanıqlığın əsas elementləri kimi çıxış edir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın investor qarşısında öhdəliklərinə sadiqliyidir. Uzun illər əvvəl imzalanmış enerji müqavilələrinin əsas şərtlərinin qorunması ölkənin beynəlxalq biznes dairələrində formalaşdırdığı etimadın mühüm göstəricisidir. İnvestor üçün yalnız yüksək gəlir imkanları deyil, müqavilələrin, hüquqi çərçivənin və biznes mühitinin proqnozlaşdırıla bilməsi də vacibdir. Azərbaycanın bugünkü iqtisadi imkanlarını düzgün qiymətləndirmək üçün ölkənin müstəqilliyin ilk illərində üzləşdiyi ağır vəziyyəti də nəzərə almaq lazımdır. İqtisadi tənəzzül, enerji böhranı, müharibə və sosial problemlər fonunda başlayan müstəqil inkişaf prosesi sonrakı mərhələdə fundamental iqtisadi quruculuq tələb edirdi. Bu gün formalaşmış iqtisadi və maliyyə potensialı həmin uzunmüddətli siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. İnvestisiya mühitinin üstünlükləri yalnız makroiqtisadi göstəricilərlə məhdudlaşmır. Azərbaycanın təhlükəsizliyi, müasir infrastrukturu, əlverişli coğrafi mövqeyi, insan kapitalı və beynəlxalq tərəfdaşlarla qurduğu əlaqələr də investorlar üçün əlavə imkanlar yaradır.

Millət vəkili vurğulayıb ki, II Beynəlxalq İnvestisiya Forumunun Azərbaycanda keçirilməsinin əsas üstünlüklərindən biri də investorların ölkəni birbaşa görmək, iqtisadi və sosial mühiti yerində qiymətləndirmək imkanına malik olmasıdır. Bu baxımdan forum sadəcə müzakirə platforması deyil, həm də Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim olunduğu mühüm meydandır. Beləliklə, Azərbaycanın qarşısında duran əsas vəzifə artıq yalnız investisiya cəlb etmək deyil, uzunmüddətli, yüksək əlavə dəyər yaradan və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən investisiyaların payını artırmaqdır. Mövcud sabitlik və formalaşmış etimad bu məqsəd üçün mühüm başlanğıc bazası yaradır.