24 sentyabr 2026 22:59
138

Dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni epoxa

“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur

Ötən 20 il ərzində regionların sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı sahələrində bir sıra Dövlət proqramlarının qəbul edilməsi ölkə iqtisadiyyatının gücləndirilməsində, vətəndaşların sosial vəziyyətini yaxşılaşdırılmasında və müasir infrastrukturla təmin olunmasında mühüm rol oynayıb. Bu baxımdan 2004-cü ilin əvvəlində qəbul edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkə başçısının vurğuladığı kimi, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır.

Son illərdə Dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində regionlarda əsas infrastruktur layihələri layiqincə icra edilib və bu işlər bu gün də davam edir. Müasir standartlara uyğun xəstəxanalar, məktəblər, avtomobil yolları, dəmir yolları və hava limanları inşa edilib. Bir vaxtlar xaricdən təbii qaz və elektrik enerjisi alan Azərbaycanda qazlaşmanın səviyyəsi hazırda 96 faizə çatıb, 25 milyard kubmetrdən çox qaz ixrac edilir. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub, güclü potensial yaradılıb. Dünya bazarlarında enerji resursları ilə bağlı problemlər fonunda görülən işlər Azərbaycanı böyük problemlərdən sığortalayıb.

Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il sentyabrın 22-də keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə dövlətimizin başçısı vurğulayıb ki, qeyri-neft sektorunun inkişafında dağ-mədən və metallurgiya sənayesinin xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramı çərçivəsində bir sıra mühüm yataqların istismara hazırlanması nəzərdə tutulur. “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqları üzrə layihələrin həyata keçirilməsi proqramın mühüm istiqamətlərindəndir. “Filizçay” yatağında mis, sink və qurğuşunun tamhəcmli emalı, “Söyüdlü” yatağında flotasiya üsulu ilə qızılın emalı planlaşdırılır. “Daşkəsən” layihəsi çərçivəsində isə poladtökmə sahəsi üçün ildə 2 milyon ton yüksək keyfiyyətli isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri gələn ildən başlayacaq. İşlər iki istiqamətdə aparılacaq: dövlət xətti ilə (“AzerGold”) və özəl sektorun (o cümlədən xarici investorların) iştirakı ilə.

Bu proqram ölkəmizin iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, regionlarda yeni və müasir sənaye istiqaməti yaradılacaq, Proqramın icarsı dövründə 5 mindən çox daimi iş yeri açılacaq. İcrası cəmi 4 il üçün nəzərdə tutulan Dövlət Proqramına əsasən, yaxın üç ildə bu sahəyə 5,3 milyard manat vəsait ayrılacaq. Bunun 1,1 milyard manatı dövlət büdcəsi, qalan hissəsi isə dövlət müəssisələri və özəl sektordan cəlb edilmiş kredit və borc vəsaitləri hesabına təmin ediləcək. 

Proqramın uğurlu icrası nəticəsində qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda məşğulluq sürətlə artacaq. Bəllidir ki, sovet dövründə aşkar edilmiş bir çox yataqların təbii sərvətləri üçonillik işğal dövründə Ermənistan tərəfindən talanıb. İşğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edilib, İkinci Qarabağ müharibəsindən sonra isə yandırılıb. Qızıl, mis, molibden yataqları talan edilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışında bildirib: “Həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq.”

 Proqrama əsasən, azad edilmiş ərazilərdə (ilk növbədə Kəlbəcər, Ağdərə və Zəngilan) qızıl, mis, molibden yataqlarının istismara hazırlanması üçün konkret mexanizmlər tətbiq olunacaq. Ağdərədə işlərə artıq başlanılıb. Kəlbəcər və Zəngilanda isə bu işlərə yaxın gələcəkdə start veriləcək.

Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyd edildiyi kimi, sənədin icrası nəticəsində müvafiq sahədə istehsal və emal potensialının yüksəldilməsi, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi, investisiyaların cəlbi və qeyri-neft ixracının artırılması, yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafına töhfələr verəcək. Ekspertlərin qənaətinə görə, 3 il ərzində təxminən 15-20 min kvadratkilometr ərazidə axtarış, tədqiqat, istismar işləri həyata keçiriləcək. Minlərlə davamlı, dayanıqlı, yüksək əmək haqlı iş yerləri açılacaq. Proqrama əsasən, xüsusən Bakı və Gəncə şəhərlərində, Daşkəsən, Balakən, Kəlbəcər və eləcə də Qarabağda dağ-mədən sənayesi sahəsində yeni müəssisələrin yaradılması sayəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Proqramın uğurlu icarsı nəticəsində respublikamızın büdcəsinə vergilər şəklində böyük vəsait daxil olacaq. Yaradılacaq güclü ixrac potensialı nəticəsində ölkəmizə valyuta axını da güclənəcək.

Zahid Rza, “İki sahil”