19 noyabr 2026 00:37
68

Çin batareyaların, Günəş panellərinin və külək turbinlərinin pərlərinin təkrar emalı ilə bağlı yeni qaydalar hazırlayır

Çin 2030-cu ilədək istismar müddəti başa çatmış elektrik avtomobillərinin akkumulyatorlarının, Günəş panellərinin və külək turbinlərinin pərlərinin toplanması və təkrar emalı üzrə mükəmməl sistem yaratmağı planlaşdırır.

“İki sahil” Sinxua agentliyinə istinadla xəbər verir ki, bu sahənin inkişafına dair birgə tövsiyələri ölkənin doqquz dövlət qurumu təqdim edib.

Çin Xalq Respublikasının Ekologiya və Ətraf Mühit Nazirliyinin hesablamalarına görə, 2030-cu ilədək istismar müddəti başa çatmış Günəş modullarının həcmi 1,5-2 milyon tona, külək turbinlərinin pərlərinin həcmi təxminən 500 min tona, elektrik avtomobillərinin dartı akkumulyatorlarının həcmi isə 1 milyon tona çata bilər.

Bu vəzifənin yerinə yetirilməsi üçün hakimiyyət orqanları geniş toplama məntəqələri və təkrar emal müəssisələri şəbəkəsi yaratmağı planlaşdırır. Xüsusi diqqət dartı akkumulyatorlarının bütün istismar dövrü ərzində izlənilməsinə yönəldiləcək. Bunun üçün rəqəmsal identifikasiya sisteminin tətbiqi, eləcə də qiymətli materialların çıxarılması ilə bağlı müvafiq normativ tələblərin və texnologiyaların hazırlanması nəzərdə tutulur.

İstismar müddəti başa çatmış Günəş panelləri və külək turbinləri pərlərinin utilizasiyası ilə bağlı ayrıca qaydalar müəyyən ediləcək.

Sənəddə dövlət enerji şirkətlərinin bu işə cəlb olunması, istehsalçılarla təkrar emal müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin süni intellekt də daxil olmaqla, müasir texnologiyaların tətbiqi öz əksini tapıb.

Hazırda Çində dartı akkumulyatorlarının kompleks təkrar emalı üzrə sənaye tələblərinə cavab verən 148 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrin ümumi istehsal gücü ildə təxminən 2,5 milyon ton təşkil edir.

Yeni tövsiyələr, həmçinin avadanlıqların istismar müddəti bitdikdən sonra onların utilizasiyasına görə istehsalçıların məsuliyyətinin artırılmasına, rəqəmsal xidmətlərin inkişafına və təkrar emal müəssisələrinə dair ekoloji tələblərin sərtləşdirilməsinə yönəlib.

Bu tədbirlər Çində bərpaolunan enerji sektorunun və elektrik nəqliyyatı bazarının sürətlə inkişafı, eləcə də təkrar xammal ehtiyatlarından səmərəli istifadə zərurəti ilə bağlıdır.