18 noyabr 2026 16:24
99

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Birləşmiş Ştatlara səfəri çərçivəsində Vaşinqtonda ABŞ Ticarət Palatasında ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin iştirakı ilə hibrid formatda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan və ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları, müasir texnologiyaların və süni intellektin aqrar sektorda tətbiqi müzakirə olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının Amerika şirkətləri tərəfindən dəstəkləndiyini bildirib. O, Bakıda keçirilən investisiya forumunda ABŞ şirkətlərinin fəal iştirak etdiyini xatırladaraq kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının strateji sahələrindən biri olduğunu vurğulayıb. Cennifer Miel ABŞ şirkətlərinin müasir texnologiyalar, kənd təsərrüfatı texnikası, məlumatların təhlili, süni intellekt və proqnozlaşdırma sahələrində Azərbaycanın aqrar sektorunun inkişafına töhfə verə biləcəyini qeyd edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar, dövlət proqramları və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Nazir ekstensiv kənd təsərrüfatından intensiv kənd təsərrüfatına keçidin, daha az resursdan istifadə etməklə daha yüksək əlavə dəyərin yaradılmasının və ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

Nazir Məcnun Məmmədov aqrar sektorun dayanıqlı inkişafı üçün müasir infrastrukturun yaradılmasına, innovativ texnologiyaların tətbiqinə, elmi tədqiqatlara və təhsilə xüsusi önəm verildiyini diqqətə çatdırıb. O, Azərbaycanın qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsində və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Nazir, həmçinin ABŞ-nin kənd təsərrüfatı texnikası istehsalçısı olan “John Deere” şirkəti ilə strateji tərəfdaşlıq sazişinin hazırlandığını açıqlayıb. O bildirib ki, nəzərdə tutulan əməkdaşlıq yalnız kənd təsərrüfatı texnikasını deyil, həm də müasir texnologiyaların tətbiqini və bütün dəyər zəncirini əhatə edəcək. Məcnun Məmmədov bu tərəfdaşlığın Azərbaycan hökuməti ilə ABŞ şirkətləri arasında əməkdaşlıq nümunəsinə çevrilə biləcəyini, Azərbaycanın aqrar sektorun digər istiqamətləri üzrə də analoji əməkdaşlığa açıq olduğunu qeyd edib.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov təqdimatla çıxış edərək Azərbaycanın aqrar sektorundakı mövcud vəziyyət, əsas inkişaf göstəriciləri, investisiya potensialı və inkişaf perspektivləri barədə məlumat verib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.