05 oktyabr 2026 18:19
176

Azərbaycan qlobal güclərlə bərabərhüquqlu əməkdaşlıq yolunda - ŞƏRH

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin xarici siyasətinin əsas göstəricilərindən biri müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq qurmaqdır. Bu baxımdan Azərbaycanın xarici siyasətində son illərdə mühüm nəticələr əldə olunub. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bu məsələyə toxunaraq bildirmişdir ki, bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var. Azərbaycanın 10 üzv ölkə ilə belə formatı var. Dövlətimizin başçısı, həmçinin vurğulamışdır ki, son müddət ərzində iki supergüclə, Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Şübhəsiz, ölkəmiz dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraqlar, suverenliyə hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirir.

Yeri gəlmişkən qeyd edək ki, 2024-cü ilin iyulunda Astana şəhərində Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə qəbul edilib. 2025-ci il aprelin 23-də isə Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bununla iki ölkə arasında münasibətlərin siyasi, iqtisadi, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə daha geniş müstəvidə inkişaf etdirilməsi üçün yeni imkanlar yaranıb. Həmin sənəddə, həmçinin qeyd olunub ki, tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalanıb. Bununla da ikitərəfli münasibətlərin gələcək istiqamətləri regional sülh, nəqliyyat bağlantıları, enerji, iqtisadiyyat və təhlükəsizlik məsələləri ilə daha sıx əlaqələndirilib.

Sənəddə regional bağlantılar, enerji, ticarət, tranzit, iqtisadi investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur kimi istiqamətlər müəyyənləşdirilib. Bu prosesin məntiqi davamı olaraq 2026-cı il fevralın 10-da ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Cey. Di. Vens tərəfindən Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Bu da iki ölkə arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəlməsi ilə nəticələnib. Xartiyada regional bağlantı, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, enerji, texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur və özəl sektorun iştirakı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Xartiyada Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşurutunun (Orta Dəhliz) inkişafı, nəqliyyat infrastrukturu, enerji və məlumat bağlantısı, ticarət və tranzitin asanlaşdırılması ilə bağlı əməkdaşlıq məsələləri öz əksini tapıb. Sənəddə Azərbaycanla Naxçıvan arasında bağlantının inkişafı ilə bağlı TRIPP layihəsinin də regional və beynəlxalq ticarət baxımından əhəmiyyəti qeyd olunub.

Şübhəsiz, Azərbaycanın həm Çin, həm də ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin çoxşaxəli xarakterini göstərir. Azərbaycanın məqsədi müxtəlif güc mərkəzləri arasında seçim etməkdən daha çox, hər biri ilə milli maraqlarına uyğun əməkdaşlıq imkanlarını genişləndirməkdir. Onu da qeyd edək ki, rəsmi Bakının Çin və ABŞ ilə münasibətlərinin eyni dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın beynəlxalq əlaqələrinin miqyasını göstərən mühüm faktlardan biridir.

Qvami Məhəbbətoğlu, “İki sahil”