05 oktyabr 2026 18:02
97

Qarabağ və Şərqi Zəngəzur AXC-Müsavat hakimiyyətinin xəyanətinin qurbanı oldu

Ötən əsrin 90-cı illərində yenicə müstəqillik əldə etmiş Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi və naşılığı üzündən ölkəmiz növbəti dəfə parçalanma təhlükəsi, həmçinin xaos və anarxiya ilə üz-üzə qaldı. 1992-93-cü illərdə Azərbaycanın müstəqilliyyini istəməyən bəzi xarici məkrli dairələr ölkəmizi zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün əli ilə məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürükləyirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi həmin dönəmdə ölkə daxilində vəzifə kürsüsü uğrunda mübarizə kəskin xarakter almışdı. 

Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında bildirib ki, AXC-Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamış, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi: “O səviyyəsiz AXC-Müsavat hakimiyyəti əlini ağdan-qaraya vurmadı ki, bunu dəyişdirsin. Yəni biz beynəlxalq təcriddən çıxmalı idik, öz mövqeyimizi bildirməli idik, haqlı olduğumuzu sübut etməli idik. Buna nə qədər vaxt lazım oldu. Nəhayət biz buna nail olduq. Beynəlxalq təşkilatlar bir-birindən sonra Azərbaycanın mövqeyini, yəni reallıqları əks etdirən qərar və qətnamələr qəbul etməyə başlamışdır-həm BMT-nin Baş Assambleyası, həm İslam Əməkdaşlıq Təşkilatı, həm ATƏT. Hətta bu gün bizə düşmənçilik edən Avropa Parlamenti-məcburən. Yəni bu, beynəlxalq təcriddən çıxış idi. İqtisadi vəziyyəti düzəltmək üçün xarici sərmayə lazım idi. Çünki xəzinə boş idi. Sərmayə olmadan heç bir ölkədə heç bir inkişaf mümkün deyil. Buna da nail oldu Ulu Öndər”.

Zəngin karbohidrogen ehtiyatlarına malik olan respublikamızda qaz, elektrik enerjisi çatışmırdı. Ölkə qaranlığa qərq olmuşdu. İnflyasiya 1000 faizdən çox idi, xəzinə talanmışdı. Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyan səriştəsiz, antimllli AXC-Müsavat hakimiyyətinin nümayəndələri o zaman kömək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciətlər etdilər. Onlar dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər.

O ağır günlərdə xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi insanların qəlbində böyük inam yaratdı, dövlətçilik və müstəqillik arzularını yenidən alovlandırdı. Bütün baş verənlər bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək onu əldə etməkdən daha çətindir.  1993-cü ilin 4 iyunundan bir neçə gün sonra iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi respublikamızın həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcını qoydu. Məhz xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin öz müqəddəs xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanda illərlə davam edən anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və özbaşınalıqlarına son qoymuş oldu.

Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Azərabyacan dövləti bütün dünyaya gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Xalq-iqtidar-ordu birliyi əsasında qazanılmış şanlı tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xi­las edilən ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Bu tarixi Qələbə müharibəyə qədərki son 17 ildə Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti, iqtisadiyyat, hərbi, siyasi və diplomatik sahələrdə həyata keçirdiyi məqsədli tədbirlərin, islahatların, quruculuq və idarəetmə işlərinin nəticəsi idi.

Bu gün Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış tarixi Zəfərimizin təsdiqinə çevrilir. Poses hazıda uğurla davam etdirlir. Genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Dövlətimizn başçısı YAP-ın VIII Qurultayında bildirib ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır: “Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək”.

AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, bu bölgələr tezliklə əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək.

Zahid Rza, “İki sahil”