06 oktyabr 2026 12:42
126

Xarici mənbələrdən Azərbaycan dilində yayılan məzmuna qarşı ayıq-sayıq olmalıyıq - Ramil İskəndərli

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında irəli sürdüyü mühüm istiqamətlərdən biri ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulması, həqiqətlərin cəmiyyətə çatdırılması və gənc nəslin milli-mənəvi dəyərlər, dövlətçilik və vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlıdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.

Onun sözlərinə görə, Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri bu gün informasiya mənbələrinin son dərəcə şaxələndiyi bir şəraitdə Azərbaycan həqiqətlərinin hər bir vətəndaşa çatdırılmasının vacibliyi barədə fikirlərdir: “Bu gün informasiya uğrunda rəqabət artıq dövlətlərarası münasibətlərin mühüm elementlərindən biridir. İnformasiya yalnız xəbər vermək vasitəsi deyil, həm də ictimai rəyə, insanların düşüncəsinə və xüsusilə gənc nəslin dünyagörüşünə təsir göstərən çox güclü vasitədir. Ona görə də Prezidentin ‘Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın’ fikri əslində qarşımızda çox konkret vəzifə qoyur. Azərbaycan həqiqətlərinin cəmiyyətə, xüsusilə gənclərə vaxtında, müasir və inandırıcı formada çatdırılması təmin edilməlidir”.

Ramil İskəndərli qeyd edib ki, məsələnin digər mühüm tərəfi xaricdə Azərbaycan dilində fəaliyyət göstərən müxtəlif informasiya resurslarının məqsəd və fəaliyyət istiqamətlərinin düzgün qiymətləndirilməsidir. Prezident İlham Əliyev də çıxışında bu məsələyə xüsusi toxunaraq xarici ölkələrdə Azərbaycan dilində yaradılan və ölkəmizə qarşı informasiya təsiri məqsədi daşıyan resurslara diqqət çəkib.

İdeoloji və informasiya işi əvvəlki dövrlərlə müqayisədə daha peşəkar qurulmalıdır

AMQF sədrinin fikrincə, Azərbaycan dilindən istifadə edilməsi həmin məzmunu avtomatik olaraq milli informasiya məhsuluna çevirmir: “Burada çox mühüm fərq var. Məlumat Azərbaycan dilində təqdim oluna bilər, amma onun arxasında dayanan məqsəd, maraq və informasiya siyasəti tamamilə başqa ola bilər. Xaricdən Azərbaycan auditoriyası üçün xüsusi şəkildə hazırlanmış məzmunun kim tərəfindən, hansı maliyyə və institusional dəstəklə və hansı məqsədlə yayıldığını da nəzərə almaq lazımdır. Xüsusilə gənclər üçün xarici mənbədən Azərbaycan dilində təqdim edilən məlumat daha doğma və etibarlı görünə bilər. Məhz buna görə bu istiqamətdə ideoloji və informasiya işi əvvəlki dövrlərlə müqayisədə daha peşəkar qurulmalıdır”.

Vətənpərvərlik tərbiyəsi də yeni məzmun qazanmalıdır. Müasir gəncə yalnız keçmiş haqqında danışmaq deyil, onun bu gün qurulan Azərbaycanın bir hissəsi olduğunu göstərmək lazımdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra yetişən yeni nəsil artıq qalib və suveren Azərbaycanın gəncliyidir. Bu nəslin qarşısında duran vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaqla yanaşı, ölkənin gələcək inkişafında bilavasitə iştirak etməkdir.

Vətənpərvərlik yalnız hiss deyil, məsuliyyətdir

Ramil İskəndərli vurğulayıb ki, müasir dövrdə vətənpərvərlik anlayışının məzmununa daha geniş baxılmalıdır: “Vətənpərvərlik yalnız emosional bağlılıq deyil. Bu, həm də vətəndaş məsuliyyətidir. Yaxşı təhsil almaq, peşəkar olmaq, dövlətin qanunlarına hörmət etmək, cəmiyyətə fayda vermək, Azərbaycanı xaricdə layiqincə təmsil etmək, elm və texnologiyada uğur qazanmaq, sahibkarlıq və ictimai təşəbbüslərlə ölkənin inkişafına töhfə vermək də vətənpərvərlikdir. Bu gün bizə yalnız keçmişimizlə fəxr edən deyil, Azərbaycanın gələcəyinin qurulmasında öz məsuliyyətini dərk edən gənclik lazımdır”.

AMQF sədri hesab edir ki, bu prosesdə vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşür. QHT-lər xüsusilə gənclərlə işləyən zaman ənənəvi tədbir formatlarından kənara çıxmalı, onların real ictimai fəaliyyətə cəlb edilməsinə üstünlük verməlidirlər. Gənclərin könüllülük, sosial, ekoloji və humanitar təşəbbüslərdə, beynəlxalq layihələrdə, azad edilmiş ərazilərin dirçəldilməsi ilə bağlı fəaliyyətlərdə iştirakı onların dövlətə və cəmiyyətə mənsubiyyət hissini daha da gücləndirir.

“Gənc yalnız dinləyici olmamalıdır. O, prosesin iştirakçısına çevrilməlidir. Öz əməyinin cəmiyyət üçün konkret nəticəsini görəndə vətənə bağlılıq artıq şüardan şəxsi təcrübəyə çevrilir. Hesab edirəm ki, ideoloji işdə formalizmdən uzaqlaşmaq dedikdə bu cür yanaşmalara da üstünlük verilməlidir”, – deyə Ramil İskəndərli bildirib.

Milli kimlik və dünyaya açıqlıq bir-birini tamamlamalıdır

AMQF sədri qeyd edib ki, vətənpərvər gəncliyin yetişdirilməsi Azərbaycanın dünyaya açıq olmasına alternativ kimi təqdim edilməməlidir. Əksinə, güclü milli kimliyə malik, öz tarixini və dövlətinin maraqlarını bilən gənc qlobal dünyada daha inamlı mövqe tuta bilər.

“Azərbaycan gənci dünyanın ən yaxşı universitetlərində təhsil almalı, xarici dilləri bilməli, yeni texnologiyalara yiyələnməli, qlobal elmi, iqtisadi və ictimai proseslərin fəal iştirakçısı olmalıdır. Lakin harada yaşamasından və təhsil almasından asılı olmayaraq, öz ölkəsi ilə bağlarını, milli kimliyini və Azərbaycan qarşısında məsuliyyətini qorumalıdır. Bu gün əsas məqsədimiz sadəcə "Mən Azərbaycanı sevirəm" deyən deyil, Azərbaycanın maraqlarının nədən ibarət olduğunu bilən, ölkəsinin həqiqətlərini əsaslandırılmış şəkildə müdafiə edə bilən və öz biliyi, peşəkarlığı və fəaliyyəti ilə dövlətini daha da gücləndirən gənc vətəndaş yetişdirmək olmalıdır. Müasir Azərbaycan üçün vətənpərvərliyin ən güclü forması məhz budur”, – deyə Ramil İskəndərli fikrini yekunlaşdırıb.

Yaqut Ağaşahqızı, "İki sahil"