06 oktyabr 2026 10:12
97

Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkənin ictimai-siyasi, sosial-iqtisadi və geosiyasi həyatında baş verən mühüm dəyişikliklərin qiymətləndirilməsi, qarşıda duran strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Çıxışda Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolu, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü və suverenliyin tam bərpası, ölkənin beynəlxalq mövqelərinin güclənməsi, iqtisadi və hərbi potensialının artırılması ilə bağlı məsələlər geniş şəkildə öz əksini tapmışdır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilmişdir.  Azərbaycanın əldə etdiyi Zəfər uzun illər ərzində həyata keçirilən məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir. Cənab Prezidentin çıxışında Yeni Azərbaycan Partiyasının yaradılması və onun Azərbaycanın dövlətçilik tarixində oynadığı rola toxunub. Partiyanın 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayı ölkənin olduqca mürəkkəb ictimai-siyasi vəziyyətində baş vermiş və xalqın siyasi iradəsinin ifadəsi olmuşdur. Həmin dövrdə Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmış, ərazilərimizin işğalı prosesi genişlənmiş, dövlət idarəçiliyində ciddi problemlər yaranmışdır. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması cəmiyyətin sabitlik, milli birlik və güclü dövlətçilik ideyasına olan ehtiyacından irəli gəlmişdir.

Həmçinin çıxışda ölkə başçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi həyatında xüsusi rolu qeyd etmişdir. 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi ilə dövlət idarəçiliyində sabitlik və ardıcıl inkişaf üçün əsas yaradılmış, ölkənin parçalanması təhlükəsinin qarşısı alınmışdır. Həmin dövrün mürəkkəb sosial-iqtisadi və siyasi şəraitinə baxmayaraq, dövlətçilik əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Ulu Öndərin siyasi irsinin mühüm xüsusiyyətlərindən biri kimi müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə prinsipləri ön plana çəkilmişdir. 1993–2003-cü illərdə Azərbaycanın beynəlxalq təcriddən çıxması, ölkənin beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsi, iqtisadiyyatın bərpası və xarici investisiyaların cəlb olunması istiqamətində mühüm işlər görülmüşdür. “Əsrin kontraktı”nın imzalanması və ölkəyə investisiya axınının başlaması Azərbaycanın iqtisadi inkişafının gələcək mərhələləri üçün mühüm zəmin yaratmışdır.

Cənab Prezident Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərə xüsusi diqqət yetirmişdir. Bildirmişdir ki, ölkənin qarşısına qoyduğu əsas vəzifələr ardıcıl şəkildə həyata keçirilmiş, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi, iqtisadi müstəqilliyin təmin olunması və ölkənin beynəlxalq tərəfdaşlıqlarının genişlənməsi dünyada nüfuzunun artmasına şərait yaratmışdır.

Qarşıdakı dövr üçün əsas vəzifələrdən biri Azərbaycanın hərbi gücünün daha da artırılması kimi müəyyənləşdirilmişdir. Çıxışda ölkə başçısı qeyd etmişdir ki, əldə edilmiş Zəfərlərə baxmayaraq, dünyada və regionda baş verən proseslər təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanmasını tələb edir.  Ölkənin təhlükəsizliyinin yalnız hərbi güclə məhdudlaşmadığı, ideoloji təhlükəsizliyin də mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır. Müasir informasiya texnologiyalarının, internetin, sosial şəbəkələrin və süni intellektin geniş yayıldığı şəraitdə ideoloji təxribatların qarşısının alınması xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə təhsilin, savadlılığın və vətənpərvərlik tərbiyəsinin mühüm rolu qeyd edilmişdir. Cəmiyyətin bilikli və maarifləndirilmiş olması müxtəlif yalan və təxribat xarakterli məlumatların təsirinə qarşı dayanıqlılığı artıran əsas amillərdən biri kimi qiymətləndirilmişdir. İdeoloji işin müasir tələblərə uyğun qurulması da qarşıya qoyulan mühüm vəzifələr sırasında olmuşdur.  Ölkə başçısı öz çıxışında Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində oynadığı birləşdirici rola da diqqət yetirmişdir.  Sosial-iqtisadi məsələlər də çıxışın əsas istiqamətlərindən biri olmuşdur. Əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin mühüm prioriteti kimi təqdim edilmiş, minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasının nəzərdə tutulduğu bildirilmişdir.  Azərbaycanın enerji potensialı və onun beynəlxalq əhəmiyyəti də xüsusi qeyd edilmişdir.  Nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də Azərbaycanın gələcək inkişaf perspektivləri sırasında xüsusi yer tutur.  Qarabağ və Şərqi Zəngəzurun bərpası isə qarşıdakı dövrün əsas vəzifələrindən biri olaraq müəyyənləşdirilmişdir.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran əsas strateji məqsədləri aydın şəkildə ortaya qoymuşdur. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan üçün əsas vəzifələr sırasında dövlət təhlükəsizliyinin və hərbi potensialın daha da gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, ideoloji təhlükəsizliyin təmin olunması, Qarabağ və Şərqi Zəngəzurun bərpasının sürətləndirilməsi xüsusi yer tutur. Çıxışın sonunda cənab Prezident Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının qarşıda duran tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklərinə əminliyini ifadə etmişdir.

Nizami Novruzov,
texnika üzrə fəlsəfə doktoru