23 oktyabr 2026 11:00
194

Yeni Klinika mürəkkəb tibbi halların müalicəsi üzrə aparıcı mərkəzə çevrilməyi hədəfləyir - MÜSAHİBƏ

Zəhra Vəzirova: Əsl uğur xilas edilən insan həyatları, sağlamlığına qovuşan pasiyentlər və yetişdirilən peşəkar mütəxəssislərlə ölçülür

Müasir səhiyyənin inkişafı yalnız yeni texnologiyaların tətbiqi ilə deyil, həm də peşəkar tibbi komandanın formalaşdırılması, idarəetmənin təkmilləşdirilməsi, elmi fəaliyyətin gücləndirilməsi və pasiyent məmnuniyyətinin təmin olunması ilə səciyyələnir. Bu baxımdan, çoxprofilli tibb müəssisələrinin qarşısında dayanan əsas vəzifələrdən biri mövcud imkanları vahid inkişaf strategiyası ətrafında birləşdirərək daha keyfiyyətli, təhlükəsiz və əlçatan tibbi xidmət göstərməkdir.

Yeni Klinika da bu istiqamətdə inkişaf prioritetlərini müəyyənləşdirərək mürəkkəb klinik halların müalicəsi, yüksək texnologiyalı tibbi xidmətlərin genişləndirilməsi, rəqəmsal idarəetmənin tətbiqi və tibb işçilərinin peşəkar inkişafı sahələrində fəaliyyətini gücləndirməyə çalışır. Klinikada robotik cərrahiyyə, transplantasiya, uşaq ürək-damar cərrahiyyəsi, müdaxiləvi radiologiya və digər ixtisaslaşmış tibbi xidmətlərin inkişafı ilə yanaşı, elmi tədqiqatlara, beynəlxalq təcrübə mübadiləsinə və pasiyentlərlə ünsiyyətin keyfiyyətinin yüksəldilməsinə də xüsusi diqqət yetirilir.

Yeni Klinikanın direktoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova ilə müsahibəmizdə klinikanın yeni inkişaf mərhələsinin əsas hədəflərindən, rəqəmsallaşma və süni intellektin tətbiqi imkanlarından, pasiyent məmnuniyyətinin artırılması üçün görülən işlərdən, tibbi personalın peşəkar hazırlığından və qarşıdakı illər üçün strateji prioritetlərdən danışdıq.

-Yeni Klinika ölkənin mühüm və çoxprofilli tibb müəssisələrindən biridir. Direktor kimi fəaliyyətə başladığınız yeni mərhələdə klinikanın inkişafını hansı istiqamətlər üzrə görürsünüz və bu mərhələnin əsas fərqləndirici cəhətləri nələr olacaq?

-Əsas hədəfimiz Yeni Klinikanı mürəkkəb klinik halların müalicəsi və yüksək texnologiyalı tibbi xidmətlər üzrə aparıcı milli mərkəzə çevirməkdir. Məqsədimiz mürəkkəb tibbi problemlərlə üzləşən pasiyentlərin burada yüksək ixtisaslaşmış, multidisiplinar tibbi yardım almasını təmin etməkdir.
Bu məqsədə nail olmaq üçün geniş imkanlarımız var. İnkişafa açıq, gənc və enerjili kollektivimiz, eləcə də güclü texnoloji bazamız mövcuddur. Lakin müasir avadanlıq və peşəkar komanda uğurun yalnız bir hissəsidir. Əsas məsələ bütün bu imkanlardan səmərəli istifadə etmək, klinikanın fəaliyyətini düzgün əlaqələndirmək və mövcud potensialı vahid məqsədə yönəltməkdir. Hazırda fəaliyyətimizi məhz bu istiqamətdə qururuq. Bu, idarəetmə sisteminin qurulması, iş proseslərinin təkmilləşdirilməsi və məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm mərhələdir.
Tibbi fəaliyyət sahəsində əsas prioritetlərimizdən biri mürəkkəb və yüksək texnologiyalı tibbi xidmətlərin inkişaf etdirilməsidir. Bu istiqamətlərə orqan və sümük iliyi transplantasiyası, uşaq ürək-damar cərrahiyyəsi, radiologiya və müdaxiləvi radiologiya, robotik cərrahiyyə, insult mərkəzinin inkişafı və digər ixtisaslaşmış tibbi xidmətlər daxildir.
Hazırda elmi tədqiqatların əlaqələndirilməsi, mütəxəssislərimizin çoxmərkəzli və təsadüfi seçim əsasında aparılan tədqiqatlarda iştirakının dəstəklənməsi, eləcə də toplanmış klinik təcrübənin yeni elmi biliklərin əldə edilməsinə yönəldilməsi məqsədilə yeni fəaliyyət istiqaməti formalaşdırırıq.
Hesab edirəm ki, klinika tibbi xidmətlə yanaşı, tədris və peşəkar inkişaf mərkəzi kimi də fəaliyyət göstərməlidir. Tələbə, rezident və gənc həkimlərin praktiki təcrübə qazanması və peşəkar inkişafı üçün müvafiq şərait yaradılmalıdır. Reanimasiya sahəsində uzunillik təcrübəm göstərir ki, tibbdə operativ qərarvermə, komanda işi və fərdi məsuliyyət həyati əhəmiyyət daşıyır.
Bu prinsiplər klinikanın idarə olunmasında da əsas götürülməlidir. Yeni Klinika klinik təcrübəni, müasir texnologiyaları, elm və təhsili birləşdirmək üçün geniş imkanlara malikdir. Məqsədimiz bu imkanlardan səmərəli istifadə edərək pasiyentlər üçün real nəticələr əldə etməkdir.

-Səhiyyədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi sürətlə genişlənir.  Yeni Klinikada bu yeniliklərdən istifadə istiqamətində hansı imkanlar nəzərdən keçirilir? 

-Böyük və çoxprofilli Klinikada rəqəmsallaşma idarəetmənin səmərəliliyini, şəffaflığı və operativ qərarverməni təmin edən mühüm vasitədir.
Bu məqsədlə peşəkar komandamızla birlikdə klinikanın idarə olunması üçün daxili tətbiq hazırlamışıq.
Tətbiq həkimlərin fəaliyyəti, ambulator qəbul statistikası və gündəlik iş göstəricilərinin izlənilməsinə, xüsusi modullar isə şöbə rəhbərləri və struktur bölmələr üzrə tapşırıqların verilməsinə, icrasına nəzarətə və görülən işlərlə bağlı əks-əlaqənin təmin edilməsinə imkan yaradır.
Mənim üçün əsas prinsiplərdən biri idarəetmə qərarlarının yalnız aylıq hesabatlara deyil, daim yenilənən operativ məlumatlara əsaslanmasıdır. Bu, mövcud vəziyyəti vaxtında qiymətləndirməyə və yaranan məsələlərə çevik reaksiya verməyə imkan yaradır.
Növbəti mərhələdə məlumatların daha ətraflı təhlilini, iş yükünün qiymətləndirilməsini, proseslərdəki çatışmazlıqların müəyyənləşdirilməsini və gələcək ehtiyacların proqnozlaşdırılmasını planlaşdırırıq. Məqsədimiz problemləri yalnız aşkar etmək deyil, həm də onların qarşısını qabaqcadan almaqdır.
Digər mühüm istiqamət radioloji müayinələrin mərkəzləşdirilmiş ekspert qiymətləndirilməsi sisteminin inkişaf etdirilməsidir. Hazırda bu sahədə genişmiqyaslı işlər aparılır və əldə olunan nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Rəqəmsal texnologiyalar və süni intellekt həkimlərin və rəhbər şəxslərin fəaliyyətini dəstəkləyən vasitələrdir. Əsas məqsəd peşəkar tibbi qərarvermədə həkimin aparıcı rolunu qorumaqla iş proseslərinin dəqiqliyini, operativliyini və səmərəliliyini artırmaqdır.

-Pasiyentin tibbi xidmətlə bağlı ümumi təəssüratında həkim–pasiyent münasibətləri mühüm rol oynayır. Yeni Klinikada pasiyent məmnuniyyətinin artırılması istiqamətində hansı yanaşmalar əsas götürülür?

-Pasiyent məmnuniyyəti mənim üçün xüsusi əhəmiyyət daşıyan və daim diqqət mərkəzində saxladığım məsələlərdən biridir. Məmnuniyyət yalnız müalicənin nəticəsindən deyil, həm də tibbi xidmətin əlçatanlığından, proseslərin düzgün təşkilindən və tibb işçilərinin pasiyentlərə münasibətindən asılıdır. Düzgün diaqnoz qoyulması və müvafiq müalicənin təyin edilməsi qədər pasiyentlə səmərəli ünsiyyətin qurulması, tibbi qərarların aydın izah olunması və onun narahatlıqlarına həssas yanaşılması da vacibdir. Əks halda, göstərilən tibbi xidmət keyfiyyətli olsa belə, pasiyentdə narazılıq yarana bilər.
Bu səbəbdən bizim üçün yalnız pasiyentə hansı tibbi yardımı göstərdiyimiz deyil, həmin xidməti necə təqdim etdiyimiz də mühüm əhəmiyyət daşıyır.
Klinikamızda QR kodlar vasitəsilə əks-əlaqə sistemi tətbiq olunur. Bu sistem pasiyentlərə göstərilən tibbi xidmətlə bağlı rəy, təklif və şikayətlərini rahat şəkildə bildirmək imkanı yaradır.
Daxil olan məlumatları təhlil edərək fəaliyyətimizin hansı tərəflərinin müsbət qiymətləndirildiyini, hansı sahələrin isə təkmilləşdirilməli olduğunu müəyyən edirik. Son dövrlərdə müsbət rəylərin və təşəkkürlərin sayında artım müşahidə edirik. Bu da, əlbəttə, kollektivimizi sevindirir. Lakin bizim üçün əks-əlaqə sadəcə məmnuniyyət göstəricisi deyil, işimizi təkmilləşdirmək üçün bir vasitədir.
Xüsusilə vurğulamaq istəyirəm ki, tibb işçilərinin kommunikasiya bacarıqlarının inkişafı TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələri üçün müəyyən etdiyi mühüm strateji istiqamətlərdən biridir. Biz bu ümumi proqramı dəstəkləyir və onun prinsiplərini Yeni Klinikanın gündəlik fəaliyyətində ardıcıl şəkildə tətbiq edirik. Bu məqsədlə Tibbi Tədris - Simulyasiya Mərkəzimizdə interaktiv təlimlər keçirir, klinik halları müzakirə edir və psixoloqların iştirakı ilə praktiki məşğələlər təşkil edirik.
Əməkdaşlarımızın pasiyentlər və onların yaxınları ilə düzgün ünsiyyət qurması, mürəkkəb tibbi qərarları aydın izah etməsi və çətin vəziyyətlərdə peşəkar yanaşma nümayiş etdirməsi üçün davamlı iş aparılır. Bu, vaxt və ardıcıl səylər tələb edən prosesdir. Məqsədimiz pasiyentlərin yalnız keyfiyyətli tibbi yardım almasını deyil, həm də dinlənildiklərini, anlaşıldıqlarını və dəstəkləndiklərini hiss etmələrini təmin etməkdir.

-Tibbin sürətli inkişafı həkimlərin bilik və bacarıqlarının davamlı yenilənməsini tələb edir. Yeni Klinikada tibbi personalın ixtisasının artırılması və peşəkar inkişafı üçün hansı imkanlar yaradılır?

-Hesab edirəm ki, müasir klinika yalnız tibbi yardım göstərilən müəssisə deyil, həm də davamlı peşəkar inkişaf məkanı olmalıdır. Buna görə də biz kiçik və orta tibb işçilərindən tutmuş rezidentlərə və həkimlərə qədər bütün səviyyələrdə çalışan əməkdaşların təliminə diqqət yetiririk.
Bu istiqamətdə Tibbi Tədris - Simulyasiya Mərkəzimiz mühüm rol oynayır. Burada praktiki bacarıqları, kritik vəziyyətlərdə hərəkət etməyi və komanda işini məşq etmək mümkündür. Tibbdə alqoritmləri bilmək kifayət deyil. Mütəxəssislər vaxt məhdudiyyəti şəraitində də həmin alqoritmləri inamla tətbiq etməyi bacarmalıdırlar. Çünki pasiyentin həyatı çox vaxt komandanın uzlaşdırılmış fəaliyyətindən asılı olur.
Rezidentlər üçün klinik halların müzakirəsini və peşəkar diskussiyaları əhatə edən praktik yönümlü təlim formatını inkişaf etdiririk. Mürəkkəb pasiyentlərin müalicəsi zamanı xarici mütəxəssislərlə məsləhətləşmələr təşkil olunur. Bu, təcrübə mübadiləsinə və komandamızın peşəkar imkanlarının genişlənməsinə kömək edir.
Əməkdaşlarımız beynəlxalq konfranslarda iştirak edir, məruzələrlə çıxış edir, təcrübələrini bölüşür, həmçinin TƏBİB-in təşkil etdiyi təhsil proqramlarına ekspert və təlimçi kimi cəlb olunurlar. Mənim üçün vacibdir ki, təlimlər əlavə iş yükü deyil, peşəkar fəaliyyətin ayrılmaz hissəsi kimi qəbul edilsin. Çünki davamlı peşəkar inkişaf tibbi xidmətin keyfiyyəti və pasiyent təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

-Pasiyent sıxlığının olduğu tibb müəssisələrində növbələrin düzgün idarə olunması xidmətin əlçatanlığı baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni Klinikada növbələrin və pasiyent axınının optimallaşdırılması üçün hansı tədbirlər görülür?

-Böyük tibb müəssisələrində pasiyent axınının düzgün idarə olunması səmərəli fəaliyyətin əsas şərtlərindəndir. Bu prosesdə yalnız müraciətlərin sayı deyil, onların səbəbi, struktur bölmələrin iş yükü, pasiyentlərin klinikadaxili hərəkət marşrutları və gözləmə müddətləri nəzərə alınmalıdır. Hazırda Yeni Klinikada qəbul üzrə qeydiyyatların təxminən 38 faizi onlayn həyata keçirilir. Bu sistem pasiyentlərin qeydiyyatını asanlaşdırmaqla yanaşı, müraciətlərin daha çevik və sistemli idarə olunmasına imkan yaradır.
Eyni zamanda, klinikadaxili istiqamətləndirmə və naviqasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparırıq. Məqsədimiz yalnız qeydiyyat prosesini asanlaşdırmaq deyil, pasiyentin ilkin müraciətindən həkim konsultasiyası və müayinələrə, stasionar müalicədən sonrakı müşahidəyədək bütün mərhələlərdə rahat, ardıcıl və səmərəli xidmət almasını təmin etməkdir.
Gecikmələrin səbəblərini, optimallaşdırılmalı prosesləri və resursların daha səmərəli bölüşdürülməsi imkanlarını müəyyən etmək üçün müraciət və iş yükü göstəricilərini təhlil edirik. Pasiyent hara müraciət etməli olduğunu, növbəti mərhələdə hansı addımı atacağını və lazımi tibbi yardımı əlavə təşkilati çətinliklər olmadan necə əldə edəcəyini bilməlidir. Bütün qərarlarda klinik prioritetlər, pasiyent təhlükəsizliyi və klinikanın imkanlarından səmərəli istifadə nəzərə alınmalıdır.

-Müasir tibbin imkanlarının genişlənməsi tibbi avadanlıqların da daim yenilənməsini zəruri edir. Yeni Klinikada tibbi avadanlıqların modernləşdirilməsi hansı istiqamətlər üzrə aparılır?

-Məncə, bu məsələyə yalnız avadanlığın mövcudluğu baxımından deyil, onun pasiyentlər və mütəxəssislər üçün hansı yeni klinik imkanlar yaratması baxımından yanaşmaq lazımdır.
Müasir texnologiyalar radiologiyanın, müdaxiləvi radiologiyanın, yüksək texnologiyalı cərrahiyyənin, intensiv terapiyanın və digər mürəkkəb istiqamətlərin inkişafında böyük əhəmiyyət daşıyır. Onlar diaqnostika imkanlarını genişləndirməyə, daha mürəkkəb müdaxilələr həyata keçirməyə və daha dolğun məlumatlar əsasında klinik qərarlar qəbul etməyə imkan verir.
Amma başa düşmək lazımdır ki, avadanlığın özü yüksək keyfiyyətli tibbi yardıma zəmanət vermir. Bunun üçün hazırlıqlı mütəxəssislər, aydın klinik protokollar, texniki dəstək, səmərəli təşkil olunmuş proseslər və təhlükəsizliyə daimi nəzarət lazımdır.
Buna görə də texnoloji inkişafı kompleks şəkildə nəzərdən keçiririk. Bu, infrastrukturun, peşəkar təcrübənin, əməkdaşların təliminin və müasir diaqnostika və müalicə üsullarının düzgün tətbiqinin birliyidir.
Məqsədimiz Yeni Klinikanın texnoloji imkanlarından pasiyentlərin mənafeyi naminə səmərəli istifadə etmək, yüksək ixtisaslaşmış tibbi xidmətlərin əlçatanlığını artırmaq və daha uğurlu klinik nəticələrə nail olmaqdır.

-Beynəlxalq təcrübənin səhiyyə müəssisələrinin inkişafına mühüm töhfə verdiyi nəzərə alınaraq, Yeni Klinikanın xarici tibb müəssisələri və beynəlxalq qurumlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində hansı addımlar atılır?

-Yeni Klinika üçün beynəlxalq əməkdaşlıq, ilk növbədə, yeni biliklər əldə etmək, peşəkar bacarıqları inkişaf etdirmək və səmərəli təcrübələri tətbiq etmək imkanıdır.
Biz xarici klinikalar, universitetlər və elmi mərkəzlərlə bir neçə istiqamətdə əməkdaşlıqda maraqlıyıq. Bunlara mütəxəssislərin təlimi, mürəkkəb klinik hallarla bağlı məsləhətləşmələr, birgə elmi tədqiqatlar, beynəlxalq və təhsil layihələrində iştirak, eləcə də təcrübə mübadiləsi daxildir.
Bizim üçün beynəlxalq əməkdaşlığın real nəticələr verməsi vacibdir. Bu əməkdaşlıq yalnız rəsmi görüşlər və müqavilələrlə məhdudlaşmamalı, mütəxəssislərin peşəkar inkişafına, klinik proseslərin təkmilləşdirilməsinə, beynəlxalq standartların tətbiqinə və pasiyentlərin müalicə imkanlarının genişləndirilməsinə xidmət etməlidir.
Artıq bu istiqamətdə fəaliyyətə başlamışıq. TƏBİB-in təşəbbüsü və rəhbərliyi ilə beynəlxalq ekspertlərlə konsultasiya proqramı tətbiq olunur. Ən mürəkkəb klinik hallar müvafiq ixtisaslar üzrə beynəlxalq ekspertlər qrupuna təqdim edilir və müzakirə olunur. Eyni zamanda, mütəxəssislərimizin yalnız xarici təcrübəni mənimsəməsini deyil, öz bilik və praktiki təcrübələrini də bölüşməsini istəyirik. Əminəm ki, məhz belə qarşılıqlı təcrübə mübadiləsi klinikanın davamlı inkişafına, komandamızın isə müasir tibb tələblərinə uyğun fəaliyyət göstərməsinə imkan verir.

-Dünyada tibbi texnologiyalar sürətlə yenilənir və bir sıra mürəkkəb müalicə və diaqnostika imkanları artıq xüsusi avadanlıqlar hesabına mümkün olur. Yeni Klinikada tibbi avadanlıqların modernləşdirilməsi, yeni nəsil cihazların tətbiqi və ölkə daxilində daha geniş tibbi imkanların yaradılması istiqamətində hansı yeniliklər gözlənilir?

-Daha əvvəl də qeyd etdiyim kimi, hesab edirəm ki, Yeni Klinika Azərbaycanda mürəkkəb klinik halların müalicəsi və yüksək texnologiyalı tibbi xidmətlərin inkişafı üzrə aparıcı mərkəzlərdən birinə çevrilmək üçün geniş potensiala malikdir. Bu istiqamətdə əsas prioritetlərimiz radiologiya və müdaxiləvi radiologiyanın, orqan və sümük iliyi transplantasiyasının, uşaq ürək-damar cərrahiyyəsinin, insult mərkəzinin, eləcə də müasir dializ xidmətlərinin inkişaf etdirilməsidir.
Eyni zamanda, klinik ehtiyaclar və təşkilati imkanlar nəzərə alınmaqla robotik texnologiyaların tətbiqinin genişləndirilməsi də prioritet istiqamətlərimizdəndir. Hazırda robotik cərrahiyyənin inkişafına xüsusi diqqət yetiririk.
Bildiyiniz kimi, Yeni Klinikada artıq robotik cərrahi əməliyyatların icrası üzrə təcrübə formalaşıb. Məqsədimiz bu sahədə mövcud imkanları daha da genişləndirmək, mütəxəssislərimizin peşəkar potensialını gücləndirmək və robotik texnologiyaların tətbiqini yeni istiqamətlər üzrə inkişaf etdirməkdir.
Bu çərçivədə robotik texnologiyaların yalnız ümumi cərrahiyyədə deyil, həmçinin urologiya, kardiologiya və travmatologiya sahələrində tətbiqi imkanlarını da qiymətləndiririk.
Radioloji müayinələrin ekspert qiymətləndirilməsi üzrə vahid mərkəzin yaradılması da prioritetlərimizdəndir. Bu, diaqnostikanın keyfiyyətini artırmağa və gələcəkdə regionlardakı tibb müəssisələrinin mürəkkəb müayinələrlə bağlı ixtisaslaşmış mütəxəssis rəylərinə çıxışını təmin etməyə imkan verə bilər.
Bununla belə, hesab edirəm ki, bir klinikanın tibbin bütün istiqamətləri üzrə fəaliyyət göstərməsi əsas hədəf olmamalıdır. Əsas prioritet güclü və peşəkar komanda formalaşdırmaq, ixtisaslaşmış təcrübəni inkişaf etdirmək və yüksəkkeyfiyyətli tibbi xidmət göstərə biləcəyimiz sahələri düzgün müəyyənləşdirməkdir. Müasir texnologiyaların tətbiqi isə yalnız yeniliklərə uyğunlaşmaq məqsədi daşımamalı, konkret klinik ehtiyaclara əsaslanmalıdır. Burada əsas məqsəd diaqnostikanın dəqiqliyini artırmaq, vaxtında və effektiv müalicəni təmin etmək, pasiyent təhlükəsizliyini gücləndirmək və daha uğurlu müalicə nəticələrinə nail olmaqdır.

-Qarşıdakı illər üçün “Yeni Klinika”nın qarşısında hansı strateji hədəflər dayanır və bu hədəflərin mərkəzində həkimlərin peşəkar inkişafı ilə pasiyentlərin keyfiyyətli və təhlükəsiz tibbi xidmətə çıxışının təmin edilməsi baxımından hansı prioritetlər dayanır?

-Uzunmüddətli perspektivdə Yeni Klinikanı klinik təcrübənin elmi fəaliyyət, tibbi təhsil və müasir texnologiyalarla vəhdət təşkil etdiyi, mürəkkəb klinik halların müalicəsi üzrə ixtisaslaşmış, yüksək texnologiyalı milli tibb mərkəzi kimi görürəm.
Hazırda əsas prioritetlərimiz idarəetmə sisteminin təkmilləşdirilməsi, yüksək texnologiyalı tibbi xidmət sahələrinin inkişaf etdirilməsi, tibbi xidmətin keyfiyyətinin və pasiyent təhlükəsizliyinin artırılmasıdır. Mənim üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də klinikanın bütün struktur bölmələrinin vahid komanda prinsipi əsasında, qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsidir.
Məqsədimiz mütəxəssislərimizin yalnız mürəkkəb klinik halların uğurlu müalicəsində deyil, həm də elmi tədqiqatların aparılmasında, gənc həkimlərin peşəkar inkişafında və qabaqcıl tibbi təcrübənin paylaşılmasında fəal iştirakını təmin etməkdir.
Praktik tibbi fəaliyyətdən klinika və təhsil müəssisələrinin idarə olunmasına qədər keçdiyim peşəkar yol mənə bir mühüm həqiqəti öyrədib: hər bir texnoloji yeniliyin və idarəetmə qərarının mərkəzində insan dayanır. Bunlar, ilk növbədə, sağlamlığını bizə etibar edən pasiyentlər və onların müalicəsində mühüm rol oynayan tibb mütəxəssisləridir.
Bu gün Yeni Klinika güclü peşəkar komandaya, müasir texnoloji imkanlara və böyük inkişaf potensialına malikdir. Əsas hədəfimiz klinikanı ən mürəkkəb tibbi halların uğurla müalicə olunduğu, gənc mütəxəssislərin yetişdiyi, elmi və peşəkar təcrübənin inkişaf etdiyi, pasiyentlərin isə sağlamlıqlarına qovuşmaq üçün ümid və inam tapdığı aparıcı tibb mərkəzinə çevirməkdir.
İnanıram ki, tibb müəssisəsinin uğuru yalnız müasir avadanlıqların sayı və ya icra olunan əməliyyatların mürəkkəbliyi ilə ölçülmür. Əsl uğur xilas edilən insan həyatları, sağlamlığına qovuşan pasiyentlər, yetişdirilən peşəkar mütəxəssislər və Azərbaycan səhiyyəsinin inkişafına verilən töhfə ilə müəyyən olunur.
Yeni Klinika olaraq bütün səylərimizi məhz bu məqsədlərə nail olmağa yönəldirik.

Müsahibəyə ayırdığınız vaxta və ətraflı cavablarınıza görə təşəkkür edirik. Sizə məsuliyyətli fəaliyyətinizdə uğurlar, Yeni Klinikanın inkişafı və qarşıya qoyulan hədəflərin reallaşması yolunda nailiyyətlər arzulayırıq!

Yaqut Ağaşahqızı, “İki sahil”