30 oktyabr 2026 18:55
156

İkili standartlar siyasətinə son qoyulmur

Müasir beynəlxalq münasibətlər sistemində ədalət, beynəlxalq hüquqa hörmət, dövlətlərin suveren bərabərliyi və xalqların öz müqəddəratını müəyyənləşdirmək hüququ əsas prinsiplər kimi qəbul edilir. Lakin beynəlxalq siyasətin reallıqları göstərir ki, həmin prinsiplərin tətbiqində heç də həmişə ardıcıllıq və obyektivlik qorunmur. Bəzi hallarda dövlətlərin hüquqları və milli maraqları ikili standartların kölgəsində qalır. Məsələn, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təsdiqlənmiş, işğal olunmuş ərazilərdən erməni qüvvələrinin dərhal, qeyd-şərtsiz çıxarılmasına dair tələblər irəli sürülmüşdü. Amma onlar 30 il ərzində kağız üzərində qaldı. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıdı.

Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşdü. Bu insanların yurd-yuvalarına qayıtmaq, təhlükəsiz şəraitdə yaşamaq, mülkiyyət hüquqlarını bərpa etmək və doğma torpaqlarında normal həyat qurmaq hüquqları var idi. Lakin işğalın davam etdiyi onilliklər ərzində bu hüquqların təmin olunması mümkün olmadı. Bütün bunlar da beynəlxalq qurumların bu kimi məsələlərə ikili standartlardan yanaşmasından qaynaqlandı. Yəni Ermənistan işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama görə qınanılmadı, təcavüzkara qarşı heç bir sanksiya tətbiq edilmədi.

 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi tarixində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində suverenlik tam bərpa olundu. Beləliklə, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Gözlənilirdi ki, beynəlxalq ictimaiyyət bu tarixi reallığı qəbul edəcək, regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək. Təəssüf ki, bəzi siyasi dairələrin mövqeyi fərqli oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışlamaq əvəzinə, Ermənistanın siyasi manipulyasiyalarına uyaraq ölkəmizə qarşı tənqidlərin gücləndirilməsi, sanksiya çağırışlarının səsləndirilməsi və müxtəlif siyasi təzyiq vasitələrindən istifadə olunması müşahidə edildi. Məsələn, Qarabağ tam azad edildikdən bir neçə ay sonra Avropa Şurası Azərbaycana qarşı sanksiya mexanizmini işə saldı. Bu fakt ikili standartların bəlkə də tarixdəki ən aydın nümunəsidir. Avropa Parlamenti də sözügedən qurumdan geri qalmır. Bu məqamda Prezident İlham Əliyevin çıxışlarını birində dediyi bu sözləri də xatırlatmaq yerinə düşər: “İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib”.

Prezident İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında ikili standartlar məsələsinə bir daha toxunaraq dedi: “İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı?”.

Prezident, həmçinin vurğuladı ki, hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nəsə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaqdır. Buradan belə nəticə hasil olur ki, Azərbaycan özünə qarşı ikili standartların tətbiqini qəbul etmir və bu cür yanaşmalara qarşı qətiyyətli mövqe nümayiş etdirir. Bununla da Azərbaycan onlara layiqli cavablarını verir. Başqa sözlə desək, onlara yerlərini göstərir.

Şübhəsiz, beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğu yalnız ayrı-ayrı dövlətlərin maraqlarına zərər vurmur, eyni zamanda, beynəlxalq hüququn nüfuzunu və beynəlxalq institutlara olan etimadı zəiflədir. Əgər hüquqi prinsiplər siyasi maraqlardan asılı olaraq fərqli şəkildə tətbiq edilirsə, beynəlxalq sistemdə ədalətə inamı qorumaq çətinləşir. İkili standartların aradan qaldırılması isə yalnız Azərbaycanın deyil, daha ədalətli və etibarlı beynəlxalq münasibətlər sisteminin qurulmasını istəyən bütün dövlətlərin maraqlarına uyğun olmalıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”