“Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik”. Prezident İlham Əliyevin Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi bu fikir Azərbaycan dövlətinin son onilliklərdə keçdiyi inkişaf yolunun, milli iradəsinin və müstəqil siyasətinin mahiyyətini ifadə edir.
Uzun illər Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal altında qaldı, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı. Münaqişənin həlli üçün beynəlxalq təşkilatlar çərçivəsində çoxsaylı müzakirələr aparıldı, danışıqlar keçirildi, müxtəlif sənədlər qəbul edildi. Lakin bütün bunlar işğalın aradan qaldırılması üçün real nəticə vermədi. Hətta işğal olunmuş əraziləri illərlə mənasız protokollarla gəzib-dolaşan, status-kvonu qorumaqdan başqa heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun həmsədrləri mövcud vəziyyəti olduğu kimi saxlamaq, Azərbaycan torpaqlarının ilhaqını rəsmiləşdirmək istəyirdilər. Üstəlik, münaqişənin hərbi yolunun olmamasını iddia edirdilər.
Azərbaycan bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüquqa əsaslanaraq məsələni həll etdi. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına realladırdı. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Bununla da ölkəmiz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bundan sonra Ermənistana sülh təklif olundu. Bu da misli görünməmiş bir hal idi. Prezident İlham Əliyevin təbirincə desək, müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik. Bu da Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanması ilə nəticələndi. Beləliklə, Azərbaycan nəinki ərazilərini işğaldan azad etməyə, həm də Cənubi Qafqazda heç vaxt mövcud olmayan tamamilə yeni vəziyyət yaratmağa nail oldu.
Azərbaycanın öz taleyini özü həll etməsi yalnız hərbi-siyasi sahədə əldə olunan nailiyyətlərlə məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də bu müstəqil iradənin bariz ifadəsidir. Azərbaycanın müstəqil siyasətinin uğurları ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində də özünü göstərir. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurur, enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsində və regional əməkdaşlığın inkişafında mühüm rol oynayır. Ölkəmizin beynəlxalq təşəbbüsləri və artan diplomatik nüfuzu Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır.
Bütün bunların təməlində milli maraqlara əsaslanan siyasət, güclü iqtisadiyyat və xalqımızın həmrəyliyi dayanır. Ən əsası isə Azərbaycan öz gələcəyini müəyyənləşdirərkən kənardan diktə olunan qərarlara deyil, milli maraqlarına, tarixi təcrübəsinə və dövlətçilik prinsiplərinə əsaslanır. Bu yanaşma ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və uzunmüddətli inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikir məhz bu reallığın ifadəsidir: Azərbaycan öz taleyini özü həll edir və öz potensialını bütün dünyaya nümayiş etdirir. Şübhəsiz, bu, müstəqil dövlətimizin keçdiyi yolun ümumiləşdirilmiş nəticəsi, gələcəyə hesablanmış siyasətinin əsas prinsipidir. Azərbaycanın təcrübəsi göstərir ki, xalqın iradəsinə, dövlətin gücünə və milli maraqlara söykənən siyasət ölkənin gələcəyini müəyyənləşdirmək imkanlarını genişləndirir. Öz taleyini özü həll edən Azərbaycan bu gün də müstəqilliyini möhkəmləndirmək, inkişafını davam etdirmək və gələcək nəsillər üçün daha təhlükəsiz ölkə qurmaq yolunda inamla irəliləyir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
Böyük Qayıdış: İqtisadi gücün təsdiqi, müstəqil strategiyanın bariz göstəricisi