02 fevral 2022 13:03
915

Müasir Azərbaycanın inkişafında gənclərin rolu - FOTO

Masallı rayon Heydər Əliyev Mərkəzində Gənclər Günü ilə əlaqədar “Müasir Azərbaycanın inkişafında gənclərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə Mərkəzin əməkdaşları, Vətən müharibəsi qaziləri və iştirakçıları, Mərkəzin könüllüləri və məktəblilər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva gəncləri əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gəncləri Günü təsis edilib. D. İbayeva qeyd edib ki, bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi müddətdən etibarən gənclərə göstərdiyi qayğıdan söhbət açıb. Çıxışının davamında G. Vəkilzadə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi Zəfərdə gənclərimizin misilsiz rolunu qeyd edib. O, bildirib ki, Ali Baş Komandan ölkə gəncliyinə, gənclər isə dövlət başçısına güvənərək dəmir yumruq kimi birləşərək güc, iradə və həmrəylik nümayiş etdirir.

Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Nurlan Muradov çıxış edərək 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu, Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdiklərini qeyd edib.

“Dəyirmi masa”da Mərkəzin könüllüləri də çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb, onlar üçün yaradılan şəraitdən söz açıblar.

Əlihüseyn Şükürov